Roman uzun bir hekayəni izah edən nəsr fantastikasıdır. Romanlar hələ 1010-cu illərə təsadüf edir. Avropa romanları ilk dəfə XVII əsrin əvvəllərində meydana çıxıb.
Roman haqqında ali məktəbdə oxuduqlarımı, bilgilərimi genişləndirmək üçün elmi mənbələrə göz gəzdirdikdə müxtəlif fikirlərə rast gəldim. Məndə istər-istəməz belə bir təsəvvür yarandı ki, bir çoxu nə yazırsa, mətnin üstünə roman etiketi vurub çap etdirir. Ensiklopediyada isə bu janrın çox sadə təsnifi var – roman yazılı, bədii mətndir. Digər janrlardan fərqli olaraq romanda hadisələrə daha geniş müstəvidə baxılır. Biri var qapalı, biri də var açıq romanlar. Qapalı romanlar daxilinə qapanmış bir insanın öz şəcərəsi, psixoloji dünyası və sairi əhatə edir. Açıq romanlar isə dövrün problemlərini geniş planda verir. Bizdə bəzən hekayə süjetinə sığan əsərlərə də roman deyirlər.
Bədii yaradıcılığına böyük hörmət bəslədiyim publisist-nasir Seyran Səxavət isə deyir: “Roman müxtəlif zaman çərçivələrindən bəhs edən janrdır”. Mən nə tənqidçiyəm, nə də ədəbiyyatşünas. Amma oxuduqlarıma əsasən romanı səciyyələndirə bilərəm.
Ötən ilin sonlarında mənə verilmiş kitablar arasında biri diqqətimi xüsusi çəkdi. Əfşan Yusifqızının müəllifli ilə çapdan çıxmış kitabın redaktoru isə AYB-nin və AJB-nin üzvü, yazıçı, Prezident təqaüdçüsü Səxavət Talıblıdır. O, kitabı təqdim edəndə bildirdi ki, “Əli dağı” romanıdır, sənin fikirlərin, mülahizələrin çox maraqlı olar. Mən də vaxtımın azlığına görə bu sətirləri yazana kimi romanı oxuyub başa çatdıra bilmirdim. Nəhayət, 2022-ci ilin bizə verdiyi tətildən yararlanaraq romanı oxumaq fürsəti əldə etdim. Kitabı vərəqləməzdən qabaq ona kimin ön söz yazması mənim üçün həmişə böyük əhəmiyyət kəsb edib. Bu dəfə də adətim üzrə dostumuz, görkəmli tənqidçimiz, filologiya elmləri doktoru, professor Vaqif Yusiflinin adına rast gəldim. O andaca fikirləşdim ki, əgər bu kitaba ön sözü Vaqif müəllim yazıbsa, deməli, “Əli dağı” oxunaqlı və maraqlı olacaq. Elə də oldu.
Vaqif müəllim qeyd edir ki, “Əli dağı” avtobioqrafik romandır: “Bu tipli romanlarda yazıçı əsasən öz həyatını, keçirdiyi ömür yolunu, müxtəlif illərdə başına gələn əhvalatları qələmə alır və yaxud özü başqa adla əsərin personajına çevrilir, oxucu həmin yazıçının tərcümeyi-halı ilə tanış olduqda başa düşür ki, onun başqa dla təqdim etdiyi obraz elə onun özüdür.
… Bu əsər sırf avtobioqrafik romandır, müəllifin özü bu romanda personaj deyil, heç bir hadisədə iştirak etmir, lakin o, ata-babalarının, nənələrinin, onların qohum-əqrəbalarının başına gələn əhvalatları sıralayır”.
Digər bir qələm dostumuz, istedadlı şair Adilə Nəzərin də fikirləri maraqlıdır: “Şəcərə bir millətin keçmişi ilə bağlı vacib məlumatları özündə cəmləşdirir. Bütün türk xalqlarında olduğu kimi, Azərbaycan mədəniyyətində də nəsil şəcərəsi mühüm yer tutur.
Əfşan Yusifqızının “Əli dağı” romanını da bu baxımdan dəyərləndirmək doğru olar. Əsər Qara Mustafaya miras qalan, üzərində atası Əlinin adı yazılan damğa ilə əlaqələndirilərək “Əli dağı” adlandırılıb”.
Hər iki qələm, söz sahibinin fikirlərinə əsasən deyə bilərəm ki, Əfşan xanım burada nəslinin şəcərəsini verməklə yanaşı, övliyalıqdan da bəhs edib. Elə isə gəlin görək övliya nədir, kimə verilir?
Övliyalıq nəsildən nəslə ötürülmür, anadangəlmə verilmir. Övliyaların və Allah-təalaya ibadət edən əməlisaleh insanların Allah yanında hörmətlərinin qat-qat üstün olmaları yalnız Allah qorxusuna, xeyirli əməllərinə görədir. Allahın övliyaları nə məsumdurlar, nə qeybi bilirlər, nə də məxluqatın işlərini səhmana salmağa və onlara ruzi verməyə qadirdilər. Onlar insanları özlərinə təzim etməyə və ya var-dövlətlərindən onlara verməyə çağırmırlar. Belə əməlləri edən şəxs Allahın dostu yox, yalançı, iftiraçı və şeytanın dostu sayılır.
İnsanlar adətən özlərini elm, təhsilin adi və təbii yolları çərçivəsində məhdudlaşdırırlar. Ona görə onların məlumatı da adətən "indiki" mətumatlarla məhdud olur. Onların keçmiş barəsindəki elmləri tarixi və arxeoloji qazıntılara söykənir. Gələcək barəsindəki elmləri yalnız indiki zamanla əlaqəli olan proqnozlardır.
İlahi övliyaların məlumatları müxtəlif formada, vəhy, qəlbə ilham, doğru yuxular, kəşf, müşahidə və yuxarı aləmlərə səfər etməklə, onlara çatdırılırmış.
Bu baxımdan mən də əsəri diqqətlə oxudum, övliya nəslindən gələn Qara Mustafanın şəcərəsini tanıdım, bu nəslin köçəri həyatının əksi olan romanda müəllifin təqdim etdiyi obrazların keşməkeşli ömür yolunun müxtəlif məqamları ilə rastlaşdım. Bu nəslin möcüzələri, öncəgörmələri, qeyri-adi hissetmə qabiliyyətləri məni təəccübləndirdi.
Bu yaxınlarda vaxtilə Şamaxıda, sonradan təbii fəlakətlər üzündən Ağsuda yaşamağa məcbur olmuş bir nəslin nümayəndəsinin şəcərəsi haqqında kitabın redaktorluğu zamanı yazdığım ön sözdə həmin kitabın mənim üçün tamamilə gözlənilməz bir hadisə olduğunu demişdim.
Dediklərimi təkrar etmək istəmirəm və yalnız bir cəhəti yenə də vurğulamağı lazım bilirəm ki, kitaba toplanmış xatirələrdə, qeydlərdə oxucu yazıçılarla, bədii əsərlərlə, ədəbi hadisələrlə bağlı bir-birindən fərqli fikirlərə, fərqli müqayisələrə, bir-biri ilə üst-üstə düşməyən yanaşmalara, münasibətlərə, hətta bir-biri ilə zidd mülahizələrə rast gələ bilər və bu təbiidir… Çünki bu əsər bir saatın, günün ərzində ərsəyə gəlməyib, bu, illərin, bəlkə də onilliklərin beyin məhsuludur. Kimsə müəllifi günahlandıra bilməz. Çünki hər şeyi əlahəzrət ZAMAN həll edir.
Bədii zövq də, dünyagörüşü və düşüncələr də, aydın məsələdir ki, zamana bağlıdır və hər hansı bir kitab haqqında, yazıçı haqqında 25 yaşında, 45 yaşında, 58 yaşında yazdıqların, bu əsərlərə və müəlliflərə münasibətin - dinamik bir şeydir, dəyişir, başqalaşır.
Ancaq güman edirəm ki, dəyişməyənlər daha çox olur.
Oxuduğum kitablar, əsərlər haqqında qısaca qeydlər yazmaq lap gənclik çağlarımdan etibarən mənim vərdişim olub (elə indi də davam edir) və bunlar mənim bilavasitə təəssüratlarımdır, özüm üçün qeyd etdiyim fikirlər, qənaətlərdir.
Əslində bunlar mənim qeydlərim yox, oxucunun qeydləridir.
Ə.Yusifqızının “Əli dağı” romanını oxuduqdan sonra Andre Gidenin belə bir fikrini xatırladım ki, bütün ədəbi növlər içərisində ən müstəqil və qaydalara az tabe olan romandır. Bu fikrin doğruluğuna inanmaq üçün Əfşan xanımın yaratdığı əsərin təbiətinin çoxçeşidliyinə, üslub və forma zənginliyinə baxmaq kifayətdir.
“Əli dağı” romanı adından başlayaraq bir psixoloji araşdırma - Qara Mustafanın şəcərəsi üzərində qurulub, bu psixoloji araşdırmanı yazar və baş qəhrəmanla birlikdə oxucu da aparır, əsərin baş qəhrəmanı nəslin digər nümayəndələri ilə münasibətlərinə aydınlıq gətirməyə və bu nəslin dədə-babadanqalma adət-ənənələrini yüksək formada səciyyələndirən dəyərlərini qorumağa, baş vermiş hadisələrin səbəb və nəticələrini araşdırmağa çalışır. Bu obrazı yaratmaqla yazıçı romanda hər şeyi bilən, hadisələri süjet boyu düzən və onlara münasibət bildirən (və bütün bunlarla yazıçıya kömək göstərən) obraz yaratmağa nail olub. Burada övliya nəslindən olan Qara Mustafa həm də müəllifin işini görür, özünün yaşadığı həyatın tarixini yazır və yazarla oxucu bir çox məsələdə qəhrəmanla gah eyniləşir, gah da cəmiyyətə suallar ünvanlayır. Mövzunun özü yazıçının tarixilik baxımından mövcud ədəbi janrların elementlərindən yeri gəldikcə istifadə etməsinə imkan yaradır. Əsərin strukturunun mürəkkəb kombinasiyalar üzərində qurulması yazardan maksimum sənətkarlıq və romançılığın indiyədək qullanılmamış formalarından bəhrələnmək, ortaya yeni bir təhkiyə qoymağı şərtləndirir. Roman müəllifi üçün bu, vacib komponentlərdən biridir.
Romanda Şıx Mustafanın bir çox qabiliyyəti məharətlə verilib. Məsələn, ocaqdan yana-yana götürüb basdırdığı odun parçasının cücərməsi, Pərini, eləcə də digər xəstələri bir anda sağaltması və sair müəllifin fantazıyası yox, illərlə eşidib-bildiyi və topladığı, əsrlərdən əsrə adlayan bir məharətin Əfşan xanım tərəfindən oxucuya əlahəzrət sözün vasitəsilə çatdırılmasıdır, yüksək səviyyədə, ədəbi formada təqdimatıdır.
Kitabdan bir sitat maraqlıdır: “Şıx Mustafa avazla hələ də Quran oxuyurdu. Anaqız samovarın tüstüsündən yaşarmış gözlərini şalının ucu ilə sildi, qəddini düzəldib çöllüyə boylandı. Böyük bir karvanın onların alaçığına tərəf gəldiyini gördü. Əri Şıx Mustafanın həzin səslə oxuduğu Yasin surəsinin bitdiyini görüncə Anaqız qonaqların gəldiklərini ona xəbər verməkçün alaçığa girdi. Mustafa mütəkkəyə söykəndiyi kimi də dünyasını dəyişmişdi. Qəbələ, Ucar, Göyçay mahalı bir-birinə dəydi. Cənazə hələ yerdəykən qəza sakinləri “Mustafa babanın məzarı bizim mahala düşməlidir”, - deyib söz-söhbət yaratmışdılar”. Bəli, Şıx Mustafanın məzarı şirvanlıların nəzərdə tutduğu yerdə yox, məhz özünün vəsiyyət elədiyi çöl-biyabanda salınmışdı.
Ataların yolu oğulların yoludur. Bu məsələ romanda geniş qabardılıb. Mustafa kişinin oğullarına etdiyi vəsiyyətə əsasən onun məzarı çöl-biyabandakı bataqlıq yerdə salınmalıdır. Onun təsəvvürlərinə əsasən çöllük, biyabanlıq hesab edilən bu məkan vaxt gələcək ucu-bucağı görünməyən gözəl kəndə çevriləcək. O bilirdi ki, bu yerdən heş nəyə istifadə etmək olmur. Ona görə məzarlığa çevrilməsini vəsiyyət etmişdi. Eldə bir adət var: əgər vəsiyyətə əməl edilmirsə, bu, ən böyük günah, babal hesab edilir. Odur ki, oğullar atalarının dediyinə əməl edir, bura övliya Mustafanın məzarının ziyarətgahı kimi tanınır.
Romanda maraqlı obrazlardan biri də İbrahimdir. Heç kəsin qabağından yeməyən, müəyyən məqamlarda sözünü kişi kimi üzə deyən, kənar adamda vurub-yıxan təsiri bağışlayan İbrahimin cizgilərini Əfşan xanım məharətlə yaradıb. Eldə belələrinə “dəlisov” deyirlər. Əslində belə adamların camaat arasında hörməti o zamanlar daha çox olub. Adını çəkmək istəmədiyim həmin kitabın redaktə işlərində də belə obrazlarla addımbaşı üzləşmişdim. İbrahim də bu dövrün haqsızlığına, ədalətsizliyinə, zülmünə qarşı mübarizə aparan qəhrəmanlarından biri olub. Sovet hökumətinin baş kəsdiyi vaxtlarda qaçaq-quldurluqla məşğul olan İbrahim həqiqətən yoxsul, kasıb təbəqənin adamı, milli mənliyini itirmiş harınların qənimi olub. Romanı oxuyarkən İbrahimin hərəkətlərində artıqlıq, əndazəni aşmaq, əqidəsizlik kimi cəhətlərə rast gəlmirik. Əslində Əfşan xanım onu haqsızlığın qisasçısı, mübarizi kimi tanıdır. Və o, sonda da öz əqidəsi, məsləki uğrunda dünyasını dəyişir.
Romanda tarixiliklə, mövcud dövr hadisələri ilə bərabər sevgi hissləri də yer alıb. Sevginin, məhəbbətin natamamlığı insanda bədbinlik, inamsızlıq, ümidsizlik yaradır. Müəllifin təqdimatında bu nakam məhəbbət, natamamlıq daha qabarıq verilib. Abusalamla Gülsümün sevgi yaşantıları, aralarındakı Leyli-Məcnun aşiqliyi bügünkü nəslə bir örnəkdir. Öz Alacasının tərkində gəzən Abusalam uzun hörükləri böyürtkən kollarına dolaşan Gülsümün saçlarının kəsilməsinin qarşısını alır, qızın saçlarına toxunduğuna görə onu özünə məhrəm hesab edir. Amma sonradan Gülsümə aşiq olur. Onlar bulaq başında görüşdükləri üçün həmin bulağa sonradan “Abusalam bulağı”, “Qurumuş bulaq” adlarını verirlər. Bir-birini dəlicəsinə sevən bu iki gəncin sonrakı taleyi romanda göz önündədir: Abusalamın sevgisindən xəbərsiz olan valideynləri ona başqa bir qız axtarıb tapır, oğlundan xəbərsiz onları nişanlayır, beləliklə sevgi tamamlanmır, gənclər faciəli tale yaşamağa məcbur olurlar.
“Alaca alaçığın qapısı önündə durmuşdu. Atla üz-üzə dayandı. Alaca baxışları ilə Abusalama sanki “Gəl gedək buralardan – Gülsüm nigarandı, bərk narahatdı” , - deyirdi.
Abusalam başını itirmişdi. Alacaya belə cavab verə bilmirdi. İçində elə bil burulğan vardı. Çöllər üstünə gəlirdi sanki. Gözü havada uçan bir qartala sataşdı, onu xeyli izlədi. Qartal qanadlarını açıb havada şığıdıqca, Abusalam ona həsəd aparırdı... İlk dəfə idi ki, quş olmaq keçdi ürəyindən. Əlini boynunun ardına çəkdi, yenidən ehtiyatla ata baxdı. Alacanın gözləri yaşarmışdı. Abusalamın elə bil köksündə ürəyi parçalandı. Yavaş-yavaş ata yaxınlaşdı. Yüyənindən yapışıb əliylə onun başına sığal şəkdi:
- Dostum, bu bizim alın yazımızdı, qədərimiz beləymiş. Bilirəm çətindi, sənə də çətindi. Bir-birimizə təsəlli ola bilmirik. Bunlar da bizi anlamazlar. Bu dərdi içimizdə boğmalıyıq. Gülsümün üzünə necə baxacağıq* Bu mənə ölümdən də betər bir şeydi. Alaca, kaş öləydim, Gülsümlə üz-üzə, göz-gözə gəlməyəydim. Mən bu acını çəkə bilmirəm…” Necə də təsirli səhnədir, bunu sevən aşiqlər başa düşə və qəbul edə bilərlər.
… Abusalamın ölümündən sonra Gülsüm havalanır. Abusalamsız günlərini yada salan Gülsüm badyalarını götürüb bulaq başına gəlir, özü üçün müqəddəs ziyarətgah saydığı su başında saatlarla oturur, sonra isə çıxıb gedirdi. Onu övliyalara, müqəddəs ziyarətgahlara aparsalar da, təbiblərə göstərsələr də, Gülsümün dərdinə əlac tapa bilmirlər…
Müəllifin üstünlüyü budur ki, əsər boyu şəcərənin müsbət xüsusiyyətlərini qələmə alıb, amma təzadlı olaraq bəzi adət-ənənələrinin zərərli tərəfini də göstərib.
Əfşan xanımın adıçəkilən romanında diqqətimi çəkən əsas bu oldu ki, onun nəsr dili çox çevikdir; demək olar ki, burada nəinki artıq hadisələr, fikirlər, heç cümlələr, sözlər belə yoxdur. Hətta əsərin əvvəlindən sonuna qədər dil materialından hər hansı bir sözü, ya hissəni çıxarsan, dərhal onun məzmununa xələl gətirəcək. Zatən çoxqatlı süjet xətlərinin çarpaz təsvirinə yazıçı dilin çevikliyi, sözlərin, cümlələrin məna yükü hesabına nail olub. Onun cümlələri aydındır, bəzən yarım səhifə, ya bir səhifədə mürəkkəb cümlələr adamı yormur, çünki bu cümlələr fikirlə yüklü olur, fəlsəfi, həyati məna daşıyır.
“Əli dağı” romanına münasibət bildirərkən istər-istəməz üslub məsələsinə də toxunmaya bilmərik, nədən ki, Əfşan xanımın yaradıcılığı üslub polifonikliyi və sintetikliyi ilə diqqəti cəlb edir. Başqa əsərlərini oxumamışam (poeziyası istisnadır), amma bu əsərdə o, daha fərqli, bədii materialı bütün təfərrüatı ilə ifadə edə bilən bir üslub qullanmaqdadır. Bəlkə də bir yazıçı kimi Əfşan Yusifqızının uğurlarını şərtləndirən əsas amillərdən biri budur. Əfşan xanımın üslubu “Əli dağı”nda yalnız öz yaradıcılığında deyil, ümumən Azərbaycan romançılığında yeni və orijinal olduğu kimi, həm də ayrıca bir mərhələdir. Yazıçının üslub sintetikliyi romandakı hadisələri bir-birinə ilmək edir, eyni anda çox zaman və məkan ünsürünü, baxış bucağını ələ ala bilir, onları bir-birilə qarşılaşdırır, eləcə də birləşdirir. Yazıçının fövqəladə sintez yetənəyi dərin, çoxqatlı həyati görüşlərini, bədii gerçəklikləri təsvir etmək, hadisələrin fəlsəfi mahiyyətini açmaq üçün yetərli olur. Yazıçı üslubunun ən böyük özəlliyi təbiiliyi, hadisələri sıralama ilə sadə, sadə olduğu qədər də yumşaq və zərif cümlələrlə ifadə etməsidir. Və ən maraqlısı budur ki, elə ilk səhifələrdən bu təbii üslub oxucunu sehrləyərək romanın sonuna qədər onu buraxmır, özünü, varlığını ona qəbul etdirir.
Və sonda. Yaradıcılığının qayəsini vətənkeşlik, şüurlu və peşəkar vətəndaşlıq Əfşan xanımı “Əli dağı” münasibəti ilə təbrik edir, ona yeni yaradıcılıq uğurları diləyirik!
Daşdəmir ƏJDƏROĞLU