Möhtac et İlahi, özünə bizi.
Göy üzün bürüyüb yenədə duman,
Yox olub qəlblərdə görünmür iman,
Daha bir kimsəyə qalmayıb güman,
Bu zaman öyrətdi dözümə bizi,
İlahi mödtac et özünə bizi.
Hamı gileylidir biri- birindən,
Satqınlıq eyləyir duran yerindən,
Durub düşünəndə biraz dərindən,
Büküblər yalanlar bezinə bizi,
İlahi möhtac et özünə bizi.
Şeytanlıq edənlər danışır haqdan,
Şər böhtan atılır düzə nahaqdan,
Dinimiz laxlayıb çıxıbdır oxdan,
Yandırır namərdlər közünə bizi,
İlahi möhtac et özünə bizi.
Hacı , keçənlərə əl eylə getsin,
Qədr bilməyəni ver selə getsin,
Boşa ver bir ildə qoy belə getsin,
Yönəlt gerçəyinə, düzünə bizi,
İlahi möhtac et özünə bizi.
Gedirəm…
Azca tapıb güman yeri ,
Ayrılıb uzaq gedirəm .
Buraxıb çətin günləri ,
Allaha pənah gedirəm .
Saçlarıma düşübdür dən,
Ayrılıb ruhum bədəndən ,
Qurtarmaqçün qəm əlindən,
Allaha pənah gedirəm .
Qışın boran küləyində,
Daş asılıb kürəyimdən ,
Şikayətə ürəyimdən ,
Allaha pənah gedirəm .
Dərdlərimi bilmək üçün ,
Xoş bir günü görmək üçün ,
Günahları silmək üçün ,
Allaha pənah gedirəm .
Hacı , vərəq-qələm götür,
Yaz dərdini bir-bir ötür,
Ömrünə qat ömür gətir
Bu da bir sınaq gedirəm,
Allaha pənah gedirəm…
Ya Rəbb sənə çox şükür!!!
Yaralayıb-əzdilər, millətimi böldülər,
Ayırıb canı candan tikanlarla hördülər,
Çox igidlər bu yolda əfsanəyə döndülər,
Bir hücuma həmləyə, qaytardıq Murov dağı
Yarəb sənə çox şükür alırıq Qarabağı!
Silahlara sarıldı Azərbaycan ordusu,
Gözündə İntiqam var, heç kimnən yox qorxusu,
Üzümüzə açıldı Şusamızın qapısı,
Ən yüksək zirvəsində asacağıq bayrağı,
Yarəb sənə çox şükür alırıq Qarabağı!
Tarix boyu millətim çox əzablar çəkibdir,
Biçən olub özgəsi fəqət özü əkibdir,
Hacı göz yaşlarını ürəyinə tökibdir,
Xalqım müqəddəs sanır torpağı qorumağı,
Yarəb sənə çox şükür alırıq Qarabağı!
Dəyişir…
Bəzən elə olur ki , düz insanlar gen düşür
Bəzən də elə olur , zaman özü dəyişir.
Kasıbçılıq üzündən dərd böyüyür dağ olur,
Bəzi övladlar belə, atasına ağ olur.
Vətən qorumaq üçün mərdlər keçir canından,
Satqına yer verilir lap mollanın yanından.
Hörmət qoyulur ada, yaxşılar gedir bada,
El üçün ağlayanlar kor olur bu dünyada.
Yerləri də səhv düşür yaxşılarla pislərin
Əlinə fürsət düşür,namərd olan kəslərin.
Dilucu dindirirlər vicdanlı olanları,
Həzm edə də bilirlər yalançı olanları .
Şeytan başçılıq edir bir sürü axmaqlara,
Sırada durmaq qalır qorxağa, yaltaqlara.
Paxıl gecə yatmırki,qonşu niyə oyaqdı,
Görən gecə bu vaxtı niyə çırağı yandı.
Hacı hərdən düşün bax, bu dünya kimə qaldı,
Əməlləri düz olan, təkcə rəhmət qazandı.
Axtarır.
Hər kəs gərək bilə öz qiymətini,
Etməyə özgənin qal-qeybətini,
Qoruya bilməyən öz külfətini,
Başqa birisində günah axtarır.
Vicdanın pak sayar qana batanlar,
Kasıbın malını yeyib yatanlar,
Doğrunun üstünə böhtan atanlar,
Başqa birisində günah axtarır.
Haqq itib, çoxalıb üzə duranlar,
Araqızışdıran, aravuranlar...
Haram təməl üstdə saray quranlar
Başqa birisində günah axtarır.
Ey adam, kənardan bax, gör özünü,
Dünya qara deyil, aç kor gözünü,
Görmək istəməyən öz iç üzünü
Başqa birisində günah axtarır.
Hacı, sən arxalan haqq-ədalətə,
Kim haqlı, kim haqsız bəlli xilqətə,
Uyma dillərdəki boş söz-söhbətə,
Hər kəs özgəsində günah axtarır.
Halal dostum….
O qədər haramdan danışmışıq ki,
Əldən buraxmışıq halalı dostum.
O qədər yalanla barışmışıq ki ,
Dilimiz götürüb yalanı , dostum
Yaddan çıxartmışıq halalı , dostum.
Dünyanın gedişi salıb zoruna ,
Bilmədən düşmüşük zaman toruna,
Elə yapışmışıq dünya malına,
Üst- üstə bitirib haramı , dostum ,
Yaddan çıxartmışıq halalı , dostum .
Nizam da pozulub düz gəlmir çəki,
İtibdir haqq-hesab bilinmir ölçü ,
Olsa da qəlblərdə günahın yükü,
Günahlar gətirib haramı , dostum,
Yaddan çıxartmışıq halalı , dostum.
Ay Hacı , etmisən ömrünü yarı,
Düzü düzə oxu ol tərəfdarı,
Bir gün açılarsa haqqın bazarı ,
Halala qatmayın haramı , dostum,
Yaddan çıxartmayın halalı , dostum…
Oxunub: 3 089