Zamanın insana bəxş etdiyi hər nə varsa, o, qənimətdir. Qazandığı təcrübə, yaşadığı acılı-şirinli günlər, sınaqdan çıxarılmış və yaxud hər vaxt – istər qəmli, istərsə də sevincli hallarında yanında gördüyü dostlar və sair... Bu dəfə hər səhifəsində həyatda tutduğu mövqedən asılı olmadan insanlara dostluğun nə demək olduğunu aşılayan bir insandan bəhs etmək istəyirəm.
Yaşadığım rayonun və onun sakinlərinin bütün fərdi özəlliklərini bilməsəm də, necə deyərlər, "hər sabah işdən evə, evdən işə" prinsipiylə yaşasam belə, mənim də dostluq haqda öz düşüncələrim var. Yaddaşımın və beynimin alt qatında saxlayıb qoruduğum "dostluq" anlamını insanları bir-bir tanıdıqca dərk etməyə başlayıram.
Məhəmmədhaqqı Ağayev də mənim dostluq yolumda öz çığırını salan, dostların halına yanan, hər zaman yanında olan, öz yardımını əsirgəməyən bir obraz kimi addımlayır. 10-12 il əvvəl, qışın oğlan çağında İsmayıllının dəyanətli qızı Təranə Cəbiyeva əksər yerlimizi özünün min bir əzab-əziyyətlə ərsəyə gətirdiyi “Babadağa baxan ellər” kitabının təqdimatına bizi toplayanda onda görmüşəm Məhəmmədhaqqı müəllimi. Bəlkə də onda dərk etmirdim ki, haqqında indi həvəslə, məhrəm hisslərlə yazdığım Məhəmmədhaqı kimdir. Amma zaman keçdi, bu işıqlı insanı getdikcə yaxından tanımağa başladım, hər tədbirdə bir keyfiyyətini aşkarlamağa başladım və bügünkü obrazı əldə etdim.
Deyim ki, bu yaxşı İNSANın mənə elə də bir yaxşılığı dəyməyib, daha doğrusu, ən çətin anlarımda bu İNSANdan yararlanmamışam. Amma eşitdiklərim bəs edir ki, onun haqqında xoş sözlərimi yazım. Mən onu aşılmaz bir dağa bənzədirəm. Deyim ki, bugünkü yazımın qəhrəmanı olan Məhəmmədhaqqı Ağayev elə birnəfəsə o dağı çıxmaq əzmində olan bir obrazdır. Bəli, bu yazımın ilk sətirlərindən ismayıllılara yaxın olan Məhəmmədhaqqı Ağayevi özümün ilk əsas qəhrəmanım kimi görməyə başladıqca onu İsmayıllı, lap elə bu Bakı küşələrində də dostlarla yanaşı addımlayan, daim üzündən işıq kimi sevinc qığılcımları parlayan, bərq vuran, bəzən səsli-küylü, bəzən də sakit təbiətli, bəzən də dağdan ağır bir insan kimi təqdim etməyə çalışıram.
O, bizim səfalı İsmayıllımızın saf bulaqları kimi dumdurudur. O, əyilməz bir dağa bənzəyir. Onunla duz-çörək kəsən hər kəs yenidən bu bərəkətin işığına yığışmaq istəyir. Çünki bu işığın kökündə səmimiyyət var, insanlıq var, qayğı var, diqqət var, dostluq var, yoldaşlıq var. Hansı birini deyim?
Bəzən adladığın yollara, keçdiyin küçələrə dönüb baxmaq gəlir içindən. Dostlarının da həyatı, taleyi, sevincləri və kədərləri də səninlə bərabərdir o yollarda. Bəzən bir masada çörək kəsdiyin adamla o qədər doğmalaşırsan ki, sanki o insanın ruhu köçüb ruhuna. Sonra zaman keçdikcə bir daha o dostu yanında görmək istəyirsən. Həmsöhbət olmaq üçün haradan-hara getmək xülyası dolaşır beynində. Heç nəyin könlünün ovutmadığı bir vaxtda üzünü ağ vərəqlərə, kompüterin klaviaturasının düyməciklərinə tutursan... O vərəqlər də, düyməciklər də bəzən haya yetməyə bilir. Xatirələr də belədir. Bir zaman etdiklərinin nə vaxtsa özünə qayıdacağı bir dünyadır yaşadığımız bu dünya...
Məhəmmədhaqqı müəllimdən yazdıqca həyatda hisslərin və xəyalların dəyişdiyi bir məqamı hiss etməyə başlayıram. Xatirələri çözələdikcə Məhəmmədhaqqı dünyası gözlərim önündə canlanır. Onun dostlara sevgisi də, istəyi də, diqqəti də, hətta deyərdim ki, daxili təlatümləri də bu dünyanın içindədir. Yaxşı və ağır günlərində sevinclərini bölüşə bilən, kədərlərini paylaşa bilən dostların dostu Məhəmmədhaqqı Ağayev...
İnsan bəzən özünə dost, yoldaş seçməkdə çətinlik çəkir. Bu bəlkə də bir normal haldır. Amma M.Ağayevi tanıdıqca bizdə elə gözəl bir duyğu yaranır ki, sanki bu dünyada ən gözəl dostlar və yoldaşlar onun taleyinə düşüb. Ümid edirəm ki, indən belə onunla dost olmaq istəyən hər kəsin qəlbində, yaxşı mənada, bir paxıllıq və qibtə hissi oyanacaq – kaş mən də Məhəmmədhaqqı kimi xeyirxah, nəcib, alicənab, dost qədrini bilən, dost hayına çatan, gözəl sirdaş olaydım. Kaş!..
Məhəmmədhaqqı müəllim haqında barmaqlarım sözü sözə caladıqca onun həyat yolu da xasiyyəti kimi gözlərim önündə canlanır. Real həyat həqiqətləri nəql olunduqca insan torpağına, daşına, hətta dünyadan köçmüş əzizlərinə olan dəyərin bu qədər necə uca tutulmanın şahidinə çevirilir və özü də həmin qəhrəmanın obrazında həyatı yaşamağı öyrənmək istəyir. Qonaqpərvərliyi, dostlara sədaqəti, sözübütövlüyü sanki adam ondan “oğurlamaq” istəyində bulunur.
"Dosta vəfası olmayanın haqqa vəfası olmaz",- deyib Həzrəti Mövlana.
Dəyərli dostum Bəhruz Məmmədovun statusunda belə bir misra ilə rastlaşdım:
“Uşaqlıq illərim qələbəlikdə,
İz üstə izimi qoyanda itdi.
Şagird xəyalarım tələbəlikdə
Böyük arzularım doğanda bitdi.
Elə bil dünəndi...
...Elə bil dünəndi, baxmazdlq vaxta...
100 yolunda 65 iziniz mübarək.
EŞQ OLSUN!”
Bəhruz qardaşım misraların köməyi ilə qardaşımızı təbrik etdi, mən də jurnalist kimi səciyyələndirmək istədim, daha doğrusu, buna çalışdım.
İnanmıram ki, bu kövrək fikirlərdən sonra hər hansı şəxs sətirlərdən Məhəmmədhaqqı Ağayevi seçə bilməsin. 65 yaşlı yubilyara – Məhəmmədhaqqı Ağayevə cansağlığı, xoşbəxtlik, sağlam ruh arzulamaqla təbrik mətnimə burada nöqtə qoyuram. Və dostlarımızın hər birinə, ələlxüsus da Məhəmmədhaqqı Ağayevə sözün ömrü qədər ömür arzulayıram. Qoy hamımıza M.Ağayev ömrünün işığında əfsanələşən, nağıllaşan, dastanlaşan dostluq qismət olsun!
Daşdəmir ƏJDƏROĞLU
Oxunub: 3 306