dini radikalizm və ekstremizmlə mübarizə

Nəriman Nərimanlı poeziyasının inciləri


GÖRƏ (ustadnamə)
Yaltaq ömür boyu şux gəzə bilməz,
Arını sevərlər balına görə.
Xaltasın qızıl et, itə fərqi yox,
İt quyruq bulayır yalına görə.

Gözəllik insanın daxilindədir,
Gözündən bilərsən içində nədir.
Boy-buxun, qaməti bir bəhanədir,
Hər kəs gözəl olmaz xalına görə.

Yayda yorulanlar tərləyər qışı,
Dalana dirənər yolunda naşı.
Atın dişlərindən bilinər yaşı-
Qiyməti verilməz nalına görə...


ELƏDİ

Məcnuna bax, a qağa, əhvalımı zay elədi,
Leylini evdə qoyub, səhrada ah-vay elədi.

Axı, zalım balası, Leyli ona yox demədi,
Nə səbəbdən özünü divanəyə tay elədi.

Əslində yaylağa çıxmış ki, açılsın könlü,
Bə nədən səhralara ziyarəti yay elədi.

Aparıb Leylini öz gərdəyinə İbn-Səlam,
Çadırdan əl çıxarıb Məcnuna bay-bay elədi.

Sən demə Leylini heç istəməyib Qeysü-cavan,
Adına söz çıxarıb, yalandan, rüsvay elədi.

Nəriman istədi ki, dostlar ala mənəvi zövq,
Bir-iki misra yazıb, dostlarına pay elədi...


GÖZƏLLƏMƏ

Şükür olsun, yardı gələn,
Dur, ədalı gəlməyə bax.
Belə gözəl varmı görən,
Zülfü bulud, hörməyə bax.
Tanrı özüdürmü gülən,
Dodaqucu gülməyə bax.
Düşüb ayağında öləm,
Şirin-şirin ölməyə bax.
Aldı canım canı yanmış
Şirin xəyalımdı gələn.

Gör necə meydan oxuyur,
Huri-Qılmanın tayıdır.
Sanki axirətdi- mələk
Zühur eyləyib qayıdır.
Açılanda səhər- günəş,
Gecənin məsum ayıdır.
Tanrı necə xəlq eləyib,
Allahın şirin payıdır.
Güllə səsinə oyanmış
Ürkək maralımdı gələn.

Qiyamətdir şux yerişi,
Təkəbbür, ədası gözəl.
Bədən billur, sinə meydan,
Əynində libası gözəl.
Dillənəndə baldı dili,
Kəlməsi, nidası gözəl.
Zülmündən də usanmıram,
Başımda sevdası gözəl.
Gözlərimmi dumanlanmış,
Göydə hilalımdı gələn?

Dedim: yanıb kül olmuşam,
Dedi: qışda yanmaq olar.
Dedim: sənsən dərdə salan,
Dedi: xülya sanmaq olar.
Dedim: qoşa ömür sürək,
Dedi: ömrə yamaq olar.
Dedim: öldüm ayaq üstə,
Dedi: gördüm, danmaq olar?
Hər cavabı cilalanmış
Eşqi bəlalımdı gələn.

Dedi: oyan bu qəflətdən,
Mənəm qəlbinin həsrəti.
Şirin sözün möhtacıyam,
Əldən qaçırma fürsəti.
Aç gözünü, yanındayam,
Uca saxla sədaqəti.
Mənim iyirmi beş illik
Qəlbimdəki məhəbbətim.
Baxdım önümdə dayanmış –
Özcə halalımdı gələn...


A ZALIM BALASI

Yamanlıq etmə, başına
Gələr, a zalım balası.
Tayım-tuşum göz yaşıma
Gülər, a zalım balası.

Demə pis gün gələr, gedər,
Dərd ömrümü etdi hədər.
Zər qədrini axı zərgər
Bilər, a zalım balası.

Sinəmdən asdın daşını,
Qurum yandırdı yaşımı.
Dost-dostunun göz yaşını
Silər, a zalım balası.

Hanı çörəyimin duzu,
Axıb getdi bəxt ulduzum.
Anasından ayrı quzu
Mələr, a zalım balası.

Nəydi səndən mənə qalan,
Bir tənhalıq, bir də hicran.
Demədin yazıq Nəriman
Ölər, a zalım balası...


ÖLƏCƏYƏM BU SEVDANIN ƏLİNDƏN

Nə var-dövlət, nə şan-şöhrət sən istə,
Qurbanındır, təki məndən can istə.
Sevinirəm yatağımda can üstə
Öləcəyəm bu sevdanın əlindən.

Hər niyyəti Tanrı başa yetirmir,
Zülüm var ki, Allah özü götürmür.
Ölümümü düşmən gözü götürmür
Öləcəyəm bu sevdanın əlindən.

Yada döndün, çətin ələ gələsən,
Heç gördünmü ölümünə güləsən?
Öləndə də mənim kimi öləsən
Öləcəyəm bu sevdanın əlindən.

Göz dolusu bəxtim üzə gülmədi,
Bilmədim ki, tikan nədi, gül nədi.
Qalmağımdan sənə fayda gəlmədi
Öləcəyəm bu sevdanın əlindən.

Ölümümə vurulmuşdum gülümə,
Bir gül ömrü yaşamadım gülümlə.
Ölümümlə dağ şəkəcəm ölümə-
Öləcəyəm bu sevdanın əlindən.


MƏNİ

Cavab yazma, barmaqların inciyər,
İstəyəndə, dənizə bax, gör məni.
Ruhum başda tellərinə dolanıb
Yuxularda saçlarına hör məni.

Nadanların sevgisinə ərisən,
Sevilməsən, yenə mənə dönərsən.
Təmiz eşqi, məhəbbəti bilməsən
Ha baxasan, görəcəksən tor məni.

Sevən sevdi, dala qaldım piyada,
Sevən qəlbim qəribsəyən bir ada.
Ürək məni yarı yolda qoysa da-
Nə rahat qoy, nə də üzüb yor məni.

Nərimanam, qəlbim incədən-incə,
Duyacaqsan batinimi görüncə.
Sevmək üçün yaranmışam ölüncə,
Eyləsən də el içində xar məni.

Oxunub: 2 309
Oxşar xəbərlər
SON XƏBƏRLƏR