dini radikalizm və ekstremizmlə mübarizə

İqbal Nəhmət poeziyasının inciləri


Səni xəbərdar edirəm, məni gözləmə...

Xəbərsiz gəlir bu payız,
Kuləksiz, sakit
Yarpaqlar budaq üstə yaşıl, quru
Xəbərsiz gəlir bu payız
durnasız.
ölüm qanad sındırır buludsuz göydə
uzaqlarsız qalıb pəncərələr
gələn yox, gedən yox
Səni xəbərdar edirəm məni gözləmə...

Kiminsə gözündəki yaş qədərdi bu dəniz
Çılpaq adamların kipriyində
ölümsüz dalğaların ölməsini çəkir bir rəssam.
Sahildə qarpız qabığı sürüşür qumlarda
Yoxsul evlərin çatları susamış yağışa,
yol açır barmaq izinə.
Bütün dualar oxşayır qargışa,
Səni xəbərdar edirəm, məni gözləmə...

Danışanlar və susanlar,
İki ağız boyda dil uzanır nəfəsdən,
Kimsə bezmir susmaq kimi həvəsdən,
İşıqları söndürür
kimsə danışır ucadan və qəfəsdən
Səni xəbərdar edirəm, məni gözləmə...

Anam qocalıb
gözü görsə də, qulağı eşitmir daha.
Mən onun laylasını oxuyuram ona
Kaş ki, hamısı yadımda qalaydı,
unutmuşam, unutqanam.
İlk nağılı eşitdiyim gündən anlamışam
nağıl danışanım daha olmayacaq.
Kaş
atam sağ olaydı,
mənim nağılımı biləydi.

Bəzən payız heç gəlməsin,
Ümidlər heç ölməsin,
Bilirəm,
olmayan şeyləri düşünürəm
Payız boyda bir sarı gül göndərirəm sənə
qalanım, olanım bu
Səni xəbərdar edirəm, məni gözləmə...


Yarpaq kimi tökülməyim
Payıza oxşatdı məni...

Mən heç kimə oxşamadım...
Nə atama, nə anama,
nə dayıma...
Yerdən çıxdım, göydən gəldim,
Bir bətndən, beldən gəldim,
Bir balaca uçuq evdən,
Bir obadan,eldən gəldim...

Bənzətdilər,
məni ona, onu mənə
Geydirdilər
heç əynimə biçilməyən donu mənə.
Göstərdilər,
görünməyən sonu mənə.

Mən heç kimə bənzəmədim.
Bəlkə adam tapılmadı
mənə bənzər,
Bəlkə mən adam olmadım, adam kimi,
Niyə baxır mənə ,,adam" yadam kimi?

Mən heç nəyə bənzəmədim...
Külək kimi əsməyim yox,
Bulud kimi yağmağım yox,
Yerə-göyə sığmağım yox,
Bənzətdilər
biri gözə, biri yaşa,
ağlatdılar demədilər yaşa! yaşa!
Bənzərimi axtarmağa döndüm başa.

Yarpaq kimi tökülməyim
payıza oxşatdı məni.
Düzü dedim, yüzü dedim,
sizi dedim, bizi dedim.
Nə faydası, bu deməyim
qarğışa oxşatdı məni...
Mən heç kimə oxşamadım!


Ölsəm, bağışla məni...

Bilmədiyin nə varsa,
Bilsəm, bağışla məni.
Sevgimizi yarıya,
Bölsəm, bağışla məni.

Burnuna qoxu kimi,
Yuxuna yuxu kimi,
Ömrünə çoxu kimi,
Gəlsəm, bağışla məni.

Gedirəm, gedişim var,
Bəlkə son bir işim var,
Ölümlə döyüşüm var,
Ölsəm, bağışla məni.


Yağışlar bizimçün yağacaq daha...

Damcılar sevinclə tökülür yerə,
Şerimin misrası, sözü yuyulur.
Bu yağış bizimçün yağır deyəsən,
Getdiyin yolların tozu yuyulur.

Didir yaddaşımı göy gurultusu,
Yağır, həsrətimə daş kimi yağır,
Bu yağış bir həzin nəğmə kimidir,
Gözümdən süzülən yaş kimi yağır.

Buludlar yağışın əlindən tutur,
Yazır pəncərəmə sənin adını.
İsladır qurumuş dodağlarımı,
Qaytarır sevgimin şirin dadını.

Qəzəbi tükənib çaxan şimşəyin,
Zamanın ağ atı mənimdir bu gün.
Yağışlar bizimçün yağacaq daha,
Göyün yeddi qatı mənimdi bu gün.

Qoy elə beləcə yağsın bu yağış,
İslanaq, yenidən qurumaq üçün,
Hələ vaxtımız var, kəsənə kimi,
Sən məni,mən səni tanımaq üçün.


GÖR

Çoxuna tanışdı gözümdəki nəm,
Dərd nədir hamıdan yaxşı bilirəm,
Baxma ki, sevinib hərdən gülürəm,
Məni uşaq kimi ağlayanda gör.

Şəhriyar ölmədi, yaşayır məndə
Mən də sən olaram sözüm bitəndə,
O taydan bu taya lil gətirəndə,
Araz yatağında laxlayanda gör.

Vətən torpağına çəkdi oğlunu,
Qırmızı qanına əkdi oğlunu,
Atalar bayrağa bükdü oğlunu,
Analar yasını saxlayanda gör.

Bu gün gəl, sabah get belədir qayda,
Dolanır günəşin başına ay da,
Yaşamaq gözəlmiş amma nə fayda,
Ölüm gözlərini bağlayanda gör.

Oxunub: 1 552
Oxşar xəbərlər
SON XƏBƏRLƏR