GEDƏSƏN
Sakit bir yer ola, səssiz, səmirsiz
Buraxıb hər şeyi, çıxıb gedəsən.
Bir kimsə olmaya, nəfəs, hənirsiz
Yalan xəyalları yıxıb gedəsən.
Qaçasan kədərin, qəmin əlindən
Yoxluğun, əksiyin, kəmin əlindən
Yanağa süzülən nəmin əlindən
Başını götürüb qaçıb gedəsən.
Ha yana boylansan böhtan, şər, yalan
Haqqa, ədalətə yox ki, inanan
Sökən sökənədi, çalan, dağıdan
Alnına bir güllə sıxıb gedəsən.
Yaman çətin olub həyat, yaşamaq
Bir tikə çörəyi zordu qazanmaq
Nə abır, ar qalıb, nə də utanmaq
Bu zülmü, zilləti atıb gedəsən.
Sərhəd, qadağadı baxırsan hara
Bu TƏBİB milləti salıb azara
Əzrayıl gəlmir ki, ala, apara
Ağrısız, acısız yatıb gedəsən.
ÜRƏK
Döyünmürsən əvvəkli tək,
Belə yavaş vurma ürək.
Hələ çoxdu arzu, dilək
Bir az da döz, durma ürək.
Unudacam sevməyi də
İçməyi də, çəkməyi də
Nahaq yerə üzməyi də
Bir az da döz, durma ürək.
Çox aldandın şirin sözə,
Çox alışdın hədər közə
Əzabına dözə-dözə
Bir az da döz, durma ürək.
Qamətimi əymə belə,
İstəmirəm kimsə gülə.
Qarşıda çox yol var hələ,
Bir az da döz, durma ürək.
Bol etmişəm istəyini
Sevincini, gülməyini
Anlayıram küsməyini
Bir az da döz, durma ürək.
Nə silinər, nə də itər
Tay olmasa taylı taya,
Ahla, vayla günü keçər.
Dərd içini sökə, oya
Nə anlayar, nə də bilər.
Hər sözünə bir mız qoyar,
İstəyinə hədd, cız qoyar.
Bir yad kimi yalnız qoyar,
Nə boylanar, nə də görər.
Duya bilməz hisslərini,
Oxuyammaz ürəyini.
Baxıb döyər gözlərini,
Nə dindirər, nə də dinər.
Gəl deyərsən, gələ bilməz
Uzaq durmaz, gedə bilməz.
Sevdiyin tək sevə bilməz,
Nə sevdirər, nə də sevər.
Gözlərimdə bitib qalar,
Kümə qurar, yuva salar.
Xəyalını qoyub qaçar,
Nə silinər, nə də itər.
NİYƏ BİTMİR?
Gözləyirəm, gəlib çıxmır
Özləyirəm, yada salmır
Boylanıram, dönüb baxmır
Yaddan çıxmır, gözdən itmir
Bu istəyim niyə bitmir?
Nə ətri var, nə dad, tamı
Nə vüsalı, nə dəm, kamı
Nə həvəsi, nə ilhamı
Sevə bilmir, atıb getmir
Bu istəyim niyə bitmir?
Nə danışmaz, susar, dinməz
Nə boylanar, baxar, görməz
Nə anlayar, duyar, bilməz
Harayıma çatmır, yetmir
Bu istəyim niyə bitmir?
Sevgidimi, ya kor sevda
Hara baxsam, bitib orda
Arzu, istək, xam xəyalda
Ürək onu atmır, silmir
Bu istəyim niyə bitmir?
Düşünürəm, fikir, xəyal
Cavabı yox, min bir sual
Dada yetmir ağıl, kamal
O ki, məni sevə bilmir
Bu istəyim niyə bitmir?
HƏ SƏN, NƏ MƏN...
Uşaq kimi höcətləşdik, dalaşdıq
Yenəmmədik, nə sən məni, mən səni
Küsüşsək də gülə-gülə barışdıq
Üzəmmədik, nə sən məni, mən səni.
Agıl, kamal çatmadı ki, köməyə
Deyəmmədik nə gəldisə ürəyə
Bacarmadıq biz geriyə dönməyə
Siləmmədik, nə sən məni, mən səni.
Belə imiş demə haqqdan yazımız
Ayrı düşüb tale, qismət, payımız
Bir olmadı bircə dəfə sayımız
Böləmmədik, nə sən məni, mən səni.
Çəpər çəkdik hər arzuya, diləyə
Adət etdik inciməyə, küsməyə
Sevincimiz döndü kədər, qüssəyə
Görəmmədik, nə sən məni, mən səni.
Boylanırıq, bu sevginin sonuna
Odlanırıq həsrət, hicran oduna
Yollanırıq, hərə kəndi yoluna
Sevəmmədik, nə sən məni, mən səni.
Oxunub: 1 367