dini radikalizm və ekstremizmlə mübarizə

BİR KİŞİNİN ALLAHA OLAN İMANI ONUN SAQQALININ OLUB-OLMAMASI İLƏ ÖLÇÜLMÜR


Demək olar ki, Azərbaycan müstəqillik qazandığı ildən bu günə qədər dindar cəmiyyət arasında çox xəstə, daha doğrusu, qeyri-sağlam bir düşüncə formalaşıb: "Saqqal saxlayaman adam kafirdir!"

Başa düşə bilmirik, bu, necə bir məntiqdir və o söz hansı əsas ilə deyilir? Məgər, bu sözü işlədənlər nə qədər böyük bir günah qazandıqlarını və günahsız insanları "Kafir"-likdə ittiham edərək, əslində, özlərinin kafir olduqlarını isbatladıqlarını bilmirlərmi?

Uca Allah müqəddəs Qurani-Kərimdə və Həzrəti Məhəmməd peyğəmbər(s.a.s) öz hədisi-şəriflərində "Saqqal saxlamayan müsəlman kafirdir!" sözünü buyurmamışdırlar. Yaxşı, o zaman, belə olduğu bir təqdirdə, kimlər bu fikrini formalaşdıraraq ictimaiyyət arasında ayrı-seçkilik yaradır və niyə yaradır? Təbii ki, bunlar özlərini yalnız "Din təəssübkeşi" hesab edən saxtakarlardırlar. Onların heç dindən, şəriətdən, fiqhdən başı çıxmır, ancaq başqalarının imanının yüksək və yaxud da ki, aşağı olduğu barədə hökm çıxartmağa çalışırlar, fətva verirlər. Xalqımızın çox gözəl bir məsəli vardır: "Özünə umac ova bilmir, başqasına əriştə kəsir!"

Ümumiyyətlə, bir kişinin Ulu Rəbbə olan mənəvi imanı onun saqqal saxlayıb-saxlamaması ilə qiymətləndirilmir və heç qiymətləndirilməməlidir də. Saqqal saxlayaraq İraqda və Suriyada günahsız müsəlman qanı tökən çox "iman əhli" gördük. Hamısı zombiləşmiş adamlar idi. Bəşəriyyət sırf belə vəhşilikləri gördüyü üçün məhz İslam dinini qəbul etmək istəmir, "İslam" adını eşidərkən, hürkür və uzaqlaşır. Müsəlmançılıq sinəyə qədər uzun saqqal saxlayıb bığları bütöv qırxmaq ilə məhdudlaşmır.

Yaxşı olardı ki, bu cür xəstə təfəkkür sahibləri səfeh fikirlərdən əl çəksinlər və təqsiri olmayan, Allahını sevən insanları nədəsə və yaxud da ki, kafirlikdə ittiham etməsinlər. Günahsız olduğu bir halda başqasını "Kafir" adlandıranlar artıq özləri kafir olur. Çünki, bəndələrinin imanının dərəcəsini yalnız onu yaradan bilir.

Bundan əlavə, Allah və peyğəmbər "Dində məcburiyyət yoxdur!"-deyə, buyurmaqdadırlar.

Allahın və rəsulunun bu müqəddəs kəlamını arxa plana ataraq xarici fırıldaqçı ruhanilərin lazımsız fətvaları ilə İslama yeni üslub gətirənlər təbii ki, çox böyük səhvlər edirlər, insanların beynini bulandırırlar. Din, kitab, şəriət, fiqh saqqaldan ibarət deyil. Heç kim digərindən sorumlu da deyil. Hər kəs öz pis və yaxşı əməlinə görə cavab verəcəkdir.

Ərtoğrul Mehdizadə

Oxunub: 1 292
Oxşar xəbərlər
SON XƏBƏRLƏR