Azərbaycanımızın hər güşəsinin adamları həmişə öz vətənsevərliyi, qonaqpərvərliyi və insanlığı ilə seçilmişdir. Lakin paytaxt Bakımızın bir az uzaqlığında yerləşən Maştağa qəsəbəsi bu mövzuda xüsusilə hər bir zaman fərqlənmişdir. Bu torpaqda ağsaqqala hörmət, uşağa sevgi, yolda qalana mərhəmət və lütfkarlıq, qonağa qarşı isə doğma bir qonaqpərvərlik rəftarı vardır. Maştağa sirrli bir kənddir, tarixi, ad-sanı və qiymətli oğulları olan bir qəsəbədir. Bu əziz torpağın adamları öz yerini bilən, danışığına fikir verən, qeyrət və namus kimi ağır, ciddi məsələlərdə olduqca həssas olan bir toplumdur. Maştağa sakinləri həmişə öz mərdliyi ilə seçilmişdir. Bu obada adət-ənənələr yaşadılır, milli-mənəvi dəyərlər olduqca üstün tutulur. Əgər ora yolun düşsə, bu əsnada yolda bir sıxıntın olarsa, bax, gör ki, maştağalılar sənə necə həmdəm olur, problemini həll edir. Maştağa qəsəbəsi tarixən müdrik ağsaqqalların diyarı olmuş, cavanlar da onların hikmətli nəfəsindən ilhamlanaraq ağıl-fikir sahibi kimi yetişmişdirlər. Maştağa vilayətinin adlarını saymaqla bitməyən ziyalıları, hərbi və ictimai-mədəni xadimləri olmuşdur. Hətta bu yurdun adamlarının soy-kök etibarilə həm türk massagetlərin və həm də ki, hunların törəmələri olduqları barədə kəskin iddialar da vardır. Bəli, yalnız türk övladları adlarını sadaladığım bu cür müsbət keyfiyyətlərə sahib ola bilərlər ki, bizlər də bunun ən bariz nümunəsini məhz Maştağa əhlinin xarakterində kəşf və müşahidə edirik.
Ərtoğrul Aypar
Oxunub: 4 304