dini radikalizm və ekstremizmlə mübarizə

ƏLİXAN YƏHYAOĞLU POEZİYASINDAN İNCİLƏR


YANINDA
Qoca çaqqal nə gəzirsən,
Qurdlar yanında-yanında.
Hinə girib baş üzürsən,
İtlər yanında-yanında.

Doğulandan hini güddün,
Döngələri, tini güddün.
Çin malını, çini güddün,
Bütlər yanında-yanında.

Sarsaqsanmış, dəlisənmiş,
Qanlar içən zəlisənmiş.
Yad toxmağı, əlisənmiş,
Yadlar yanında-yanında.

Gecə-gündüz pusdun izi,
Qurban verdin haqqı, düzü.
Əcəl görsün padoş üzü,
Lütlər yanında-yanında.

Özgələrə qucaq açdın,
Məclis qurdun, sağlıq içdin.
Cəhənnəmi məkan seçdin,
Kütlər yanında-yanında.

İndi dövran lallarındı,
Satqın, namərd qullarındı.
Səntək eşşək qullarındı,
Atlar yanında-yanında.

Haqq yolunu çaşıb azdın,
El-obana quyu qazdın.
Yəhyaoğlu, nələr yazdın,
Şadlar yanında-yanında.


“Gədələr uçurduğunu Dədələr tikər”,
deyiblər.

Bir söz gəlib ürəyimdən dilimə,
Qucağına arxalanın Dəllərin.
Uca dağlar tac olubdu elimə,
Torpağına arxalanın Dəllərin.

Ana vətən Yaradanın siridi,
Qayım, qədim ellərindən biridi.
Babaların səcdəgahı, piridi,
Sorağına arxalanın Dəllərin.

Yüz illərdi əskiltməyib nurunu,
Bəsləyibdi kül altında qorunu.
Qoruyubdu babaların gorunu,
Yarağına arxalanın Dəllərin.

Bu məkanın havasını sevirlər,
Daxmasını, komasını sevirlər.
Ər qeyrətli balasını sevirlər,
Ocağına arxalanın Dəllərin.

Elin toyu, elin vayı əkizdi,
Doğulanlar bir-birindən əzizdi.
“Aydan arı, sudan duru”, təmizdi,
Bulağına arxalanın Dəllərin.

Yaranandan əfsanəyə dönübdü,
Ahıllaşıb, danəndəyə dönübdü.
Seviləndən divanəyə dönübdü,
Növrağına arxalanın Dəllərin.

Vaxtlı-vaxtsız kədər, qəmlər yaşayır,
Neçə evdə zillər, bəmlər yaşayır.
Könüllərdə gözəl dəmlər yaşayır,
Bucağına arxalanın Dəllərin.

Yurd üstündə yenə əsir küləklər,
Meydan açıb fırıldaqlar, kələklər.
Çoxalıbdı şeytan üzlü mələklər,
Sorağına arxalanın Dəllərin.

Yəhyaoğlu, düz demişəm sözümü,
Qeyrət üstə kökləmişəm sazımı.
Qurbanlığam, qurban verrəm özümü,
Qoçağına arxalanın Dəllərin.


HEYRANAM
Qarış-qarış dolanmışam elləri,
Dəllərimin sərvətinə heyranam.
Yaradanın verdiyinə çox şükür,
Dəllərimin xislətinə heyranam.

Deməyin ki, dərdə, qəmə batmışıq,
İgidlərlə arzulara çatmışıq.
Satqınları noxtalayıb atmışıq,
Dəllərimin qeyrətinə heyranam.

Kəsərimiz qələmdədi, sözdədi,
“Misri”, “Cəngi” zurnadadı, sazdadı.
Məhəbbətin odu, qoru gözdədi,
Dəllərimin hikmətinə heyranam.

Ağsaqqalı, danəndəsi dil açır,
Xeyirxahlar qucaq açır, əl açır.
Dəliqanlı ərənləri yol açır,
Dəllərimin şöhrətinə heyranam.

Mərd oğullar el-obanın dağıdı,
Çəmənləri cənnət-məkan bağıdı.
Yağılara, namərdlərə yağıdı,
Dəllərimin nifrətinə heyranam.

Yaranandan odu, nuru sönməyib
Ədalətin haqq tacından enməyib.
Aslanları inadından dönməyib,
Dəllərimin adətinə heyranam.

Hər tərəfi laləzardı, çiçəkdi,
Doğulanlar qənirsizdi, göyçəkdi.
Qız-gəlinlər gözəllikdə mələkdi,
Dəllərimin ismətinə heyranam.

Yəhyaoğlu seçir ağı qaradan,
Kömək olsun, arxa dursun Yaradan.
El götürsün yamanları aradan,
Dəllərimin qiymətinə heyranam.


GƏTİRMƏMİŞƏM
Ariflər yanında ədəbin bilib,
Mənasız söz-söhbət ötürməmişəm.
Olumdan ölümə açılan yolda,
Şərəfsiz yanında oturmamışam.

Xain müxənnətin qaçdım izinnən,
Min cürə rəng yağır yaltaq üzünnən.
Mərdin halalınnan, mərdin düzünnən,
Kəsdiyim çörəyi itirməmişəm.

Rəhbər qabağında dizə çökmədim,
Namərd cəfasını heç vaxt çəkmədim.
Abrımı, həyamı çölə tökmədim,
Dostlara bir ziyan yetirməmişəm.

Ögeylik görsəm də zamandan, vaxtdan,
Giley eyləmədim taledən, baxtdan.
Mərdanə işlədim düşsəm də taxdan,
Harama, rüşvətə satılmamışam.

Manqurtlar milləti saldı kələyə,
Verdilər tufana, əsən küləyə.
Şeytanlar, iblislər dönüb mələyə,
Elin nifrətini götürməmişəm.

Söyüd ağacıtək barı olmayıb,
Namusu, qeyrəti, arı olmayıb.
Tülkünün, çaqqalın zoru olmayıb,
Dişsiz canavara basılmamışam.

Əlixan, unutma, mən də beləyəm,
Satqına təpiyəm, haqqa diləyəm.
El-oba yolunda qulam, köləyəm,
Adıma bir utanc gətirməmişəm.


SEVDİM
Xəyal dəryasına qərq olan könlüm,
Dünyada yaxşılıq qananı sevdim.
Ariflər yanında ədəbin bilən,
İnsanı insantək sananı sevdim.

Özümü biləndən aşikar oldum,
Neçə arxasıza xilaskar oldum.
Əhdimə, sözümə düz ilqar oldum,
Dosta sədaqətli qalanı sevdim.

Əzəldən elimin qədrini bildim,
Vayında ağladım, toyunda güldüm.
Hər zaman haqsızın yerinə dindim,
Hünərli, qeyrətli olanı sevdim.

Kimsəyə müxənnət, namərd olmadım,
Yersiz boşalmadım, yersiz dolmadım.
Hər yetən gözələ meyil salmadım,
Mənimlə alışıb yananı sevdim.

Əlixan, sözümlə dildə dastanam,
Bu yolda nökərəm, xanam, sultanam.
Sevib seviləndən dərdli insanam,
Əhdinə vəfalı cananı sevdim.

Oxunub: 830
Oxşar xəbərlər
SON XƏBƏRLƏR