dini radikalizm və ekstremizmlə mübarizə

“Hər kəsi bağışlamaq lazımdır”


Rada Nəsibova: “Teatrda tamaşaçı nəfəsini hiss edirsən”

“Hər zaman ətrafıma güclü görünməyə çalışmışam. Heç bir zaman istəməmişəm ki, kimsə mənim hansısa çətinliyimi bilsin. Həyatda heç vaxt sınmış görünməyə çalışmıram. Bax o çətinliklər olanda bəzən zamanın axarına buraxıram. Axı, hər qaranlıq gecənin bir işıqlı sabahı var”. “Üç nöqtə” qəzetinin qonağı aktrisa Rada Nəsibovadır.

-Nə düşünürsünüz, sizcə, hər kəsi bağışlamaq lazımdır?
-Mən hər zaman söyləmişəm ki, hər kəsi bağışlamaq lazımdır. Düzdür, bağışlayırıq, amma münasibət əvvəlki kimi olmur. Belə bir cümlə var, səni bağışlayıram, amma əvvəlki kimi qucaqlaya bilmirəm, çünki qollarım qırılıb düşüb yanıma. Ona görə də nə qədər də bağışlasan, qəlbdə olan inciklik elə qalır. Allah bağışlayandır, biz də bağışlamalıyıq.

-İllər sizi çox dəyişir?
-Bəli, illər məni çox dəyişir. Əvvəl hər şeyə çox tez inanan, insan yıxılanda belə ağlayan biri idim. Lakin zaman keçdikcə soyuqqanlı oldum. Daha çox güclü oldum. Bəzən deyirlər ki, insan doğulanda həyatında yaşıl işıq olur. Məndə elə olmayıb, həyatım istər şəxsi, istərsə də sənətdə, keşməkeşli və çətin olub. O qədər gözləmədiyim hadisələrlə üzləşmişəm ki. İlk vaxtlar deyirsən ki, yəni həyatda belə hadisələr baş verə bilər? Əvvəl onun şokunu yaşayırsan, zaman keçdikcə isə bu artıq səndə adiləşir. Düz söyləyiblər, insanın “olmaz” dediyi hər şey ola bilir.

-Həyatın enişli-yoxuşlu yollarında Rada Nəsibova...
-Mübarizə aparır, bəzən nələrdənsə imtina edir, bəzənsə susub səbrlə gözləyir. Mübarizədən danışdıq, qeyd edim ki, insan nəyəsə nail olmaq istəyirsə, mübarizə aparmalıdır. Əgər nail olacağın səndən asılıdırsa, mübarizə aparmalısan. Səndən asılı olmayan tale, qismət kimi şeylərdə artıq heç nə etmək mümkün deyil. Yalnız insanlıq uğrunda mübarizə aparıram, şan-şöhrət, dünya malı üçün heç bir zaman mübarizə aparmıram.

-Bəs Rada xanım hansı məqamlarda susur?
-Mən hər zaman ətrafıma güclü görünməyə çalışmışam. Heç bir zaman istəməmişəm ki, kimsə mənim hansısa çətinliyimi bilsin. Həyatda heç vaxt sınmış görünməyə çalışmıram. Bax o çətinliklər olanda bəzən zamanın axarına buraxıram. Axı, hər qaranlıq gecənin bir işıqlı sabahı var. Nəyə susmaram? Haqqıma girilərsə, susmaram. Zamanında çox susmuşam, amma bundan sonra susmaram.

-İnsan ağlayırsa, onun qəlbi yanır. Sizi daim obrazlarda ağlayan görmüşük. Bu göz yaşları qəlbinizin yanğısıdır, yoxsa obrazdan doğan hallar?
-İnsanın qəlbi yanmasa, o göz yaşları təbii olmaz. Var obrazı oynamaq, var ki, rol artıq sənin üstünə oturur. Bəzən düşünürəm, tək yaşadıqlarım deyil, həyatda gördüklərim mənə təsir edib deyə mən obrazlarımda göz yaşlarını təbii axıdıram. Bu bir az da həssas olmağımdan irəli gələn məsələdir. Mən bayaq dedim ki, zaman mənə çox güclü olmağı öyrətdi. Mən əslində kənarda güclü görünən, lakin həssas bir insanam. Özümü kiminsə yerinə qoymağı bacarıram. Oynadığım rolda da belədir. Başqasının taleyinə acıya bilirəm. Bir haşiyəyə çıxım, bir dəfə məşq vaxtı idi, evdən zəng gözləyirdim. Mənə çox əziz olan bir insan xəstəxanada idi və cavablar pis gəlmişdi. Cavabların nəticələri mənə məşqin ortasında deyilmişdi. Məşqi dayandırıb, çölə qaçmışdım və ağlamışdım. Həmin anda rejissorumuz yanımızda idi və mənə belə bir cümlə dedi: “Çoxdandır, ağlayan insan görməmişdim, səni gördüm. Ağlayırsansa, deməli insansan”.


-Qəlbinizin səsini çox dinləyirsiniz?
-Bəli, dinləyirəm. Qəlbim məni heç bir zaman aldatmayıb. Ürəyimin səsini dinlədiyim anlarda uğur qazanmışam. Bəzi anlarda onu dinləməyib nəsə etmişəm, lakin görmüşəm ki, uduzmuşam. Hər şeyi əvvəlcədən hiss edirəm. Düzdür, günah hisslərində ağlımı dinləyirəm. Məsələn, ürəyim deyir, bunu elə, amma ağıl deyir, olmaz. O zaman ağılı dinləyirəm. Ağılla baxıram ki, bu şey başqasında səhvdir, günahdır, onu etmirəm.

-Uğur əziyyətlərin nəticəsidir. Uğurlu aktrisasınız. Əziyyətləriniz çox olub?
-Mən bir il imkansızlıqdan sənədlərimi Universitetə verə bilməmişəm. Atasız böyümüşəm mən. Oxuya-oxuya teatrda işləmişəm. Kənardan hər şey elə gözəl görünür.Uğurlu aktrisa (ani pauza). Bunu eşitmək mənə çox xoş oldu. Bu gün çox sevilirəm. İnsan var ki, tək aktrisa kimi sevilir, amma mən insan kimi də sevilirəm. Bu mənim ən böyük qazancımdır. Hər insan bunu qazana bilmir ki, ətrafda onu insan kimi də sevsinlər.

-O kəslərdən olmaq istəyirəm ki,...
-Mən gedəndən sonra arxamca yaxşı iz qoyum. İnsan kimi yaxşı iz qoyum. Heç nə bu dünyada əbədi deyil. Mən aktrisayam, istəyərəm ki, yaddaşlara həkk olunan rolları qoyum gedim. Sənətdən öncə mənim üçün insanlıqdır. Ona görə də yaxşı əməllər qoyub getmək istəyirəm. Uşaqlıqdan həmişə böyük xeyriyyəçi olmaq istəmişəm. Belə insanlarla xoş münasibət qurursan, amma daha böyük işlər üçün imkan olmalıdır. Ona görə həmişə Allaha demişəm ki, nə zamansa böyük imkanım olsa, xeyriyyəçi olacam.

-Teatr sizin üçün nə deməkdir?
-Teatr mənim üçün hər şey deməkdir. Filmlərə də çəkilirik, seriallara da, amma teatr tamam fərqli aləmdir. Kinonu da sevirəm, amma teatr səhnəsinin sehri tamam başqadır. Bir müddət tamaşa oynamayım elə bilirəm ki, sıxılıram. Çəkilişim var, amma teatr olmayanda mən, sanki, boğuluram. Teatrda yaşayırsan, onun səhnəsində günü-gündən inkişaf edirsən. Teatrda tamaşaçı nəfəsini hiss edirsən.

-Elə bir obraz var ki, onu oynamamısınız, amma istəyirsiniz?
-Çoxdur, belə obrazlar. Daha çox Şeksprin əsərlərində istəyərdim, oynayım. İstəyib oynadığım rollar da olub. Cəfər Cabbarlını çox sevirəm. İlk səhnəyə gəlişim də Cəfər Cabbarlının əsəri olub. “Oqtay Eloğlu”da “Sevər”i oynamışam. Hər zaman arzum olub ki, tarixi əsərlərdə qəhrəman qadın obrazlarını canlandırım.

-İnsanlar hər zaman ətrafda nələrəsə diqqət yetirir. Siz nəyi daha çox izləyirsiniz?
-Hərdən parkda gəzirəm, bax o zaman insanları izləyirəm. Taksidə olanda hərdən sürücü piyadaya siqnal verir ki, keç. Mən o zaman qayıdıb deyirəm ki, o sizi görmür, fikri sizdə deyil. Aktrisa kimi insanların xarakterinə daha çox diqqət yetirirəm.

-İtirmək qorxusu...
-Əvvəl o qədər pis idi, məndə. Tək sevgidə deyil, hər şeydə. Adi qonaq gəlib bizdə qalıb getdikdən sonra çox pis olurdum. Qonağın gedişindən sonra boşluq hiss edirdim. Ayrılıqları sevmirəm, heç sevmirəm. Ayrılıqdan danışırıq, mən kövrəlirəm.

-Gecələri sevirsiniz?
-Gecələri sevirəm, çünki gecələr mənim həmsöhbətimdir. Həyata keçməyən arzularımı gecələr özümlə danışıram. Gecələrdə insan özü olur, sevinci ilə, kədəri ilə, doğrusu, yalanı ilə. İnsanı özündən başqa heç kim yaxşı tanıya bilməz. Gecələr isə insan özü ilə tək qalır. Mən həyatımı planla yaşayan adamam. Gecələr bax o planları qururam.

-Rənglərin fəlsəfəsinə inanırsınız?
-İnanıram, rənglər insanın xarakterinə təsir edir. Əvvəllər qara rəng geyinirdim, çox ciddi olurdum, az hallarda gülürdüm. Anam yavaş-yavaş geyim rənglərimi dəyişdi. Hazırda rəngarəng geyimlər geyinirəm və indi çox nikbinəm.

-Hər bir aktyor və aktrisanın kiçik bir dünyası var. Bu kiçik dünyanı necə təsvir edə bilərsiniz?
-İncəsənət adamları o qədər həssas və gözəl qəlbli olur ki, kiçik dünyada yalnız yaxşı şeyləri yaşadır. Rollarını, səhnəyə çıxışını, tamaşanın sonunda təzimə gedərkən tamaşaçı alqışını bax o dünyaya sığdırırsan. Öz dünyası ilə yaşayır aktrisa. Hər zaman.

-Tamaşa bitəndən sonra təzimə gedərkən səsli-küylü alqışlar içərisində nə hiss edirsiniz?
-Çox qəribədir ki, təzimə gedəndə maraqlı hisslərlə əhatə olunuram. O zaman çox xoşbəxt oluram. Tamaşaçıların hər birini ayrı-ayrılıqda görürəm. Paklonda izləyicilərin gözlərinə baxıram, onların mənə o alqışlarla demək istədiyini duyuram.

-Paklondan sonra nələr baş verir?
-Deyirəm, yaxşı ki, aktrisayam. Bilirsiniz, o alqışlar nəyə desəniz dəyər. Evə gedəndə inanın, özümü xoşbəxt hiss edirəm. Obrazı uğurla oynayan aktrisa onun və alqışların təsirində bir neçə saat qalır.

-Məsləhət almağı sevirsiniz?
-Bəli, sevirəm. Məsləhətsiz həyat olmaz. Deyirlər, ağıl ağıldan üstündür. Anama deyirəm ki, bunu belə etmək istəyirəm, xeyir-dua ver. Anam bilir ki, mən heç vaxt səhv etmərəm. Anam mənim böyüyümdür, onsuz hərəkət etmərəm, bir addım atmaram.

-Yer üzərində missiyamız nədən ibarət olmalıdır?
-Mən bir az öncə dedim, mənim çoxlu pulum olsa, bahalı maşınlar, villalar istəmərəm. Hər şey qaydasında gözəldir. Bahalı maşın olmasın, məni harasa apara biləcək maşın olsun, fərqi nədir ki?! İnsanlar mənə görə insanlara dayaq olmalıdır. Hər kəs bir-birinə kömək etməli, qayğı ilə yanaşmalıdır.

-Faktların arxasında qanunauyğunluqlar, qanunauyğunluqların arxasında insanın həyat əsasları dayanır. Belə çıxır ki, bizim həyatımızda baş verən hər bir şey təsadüfi deyil, zəruridir. Sizin üçün təsadüf, yoxsa zərurət?
-Mənim fikrimcə, həm zərurət var, həm də təsadüf. Yəni bu suala cavab olaraq “təsadüfi zərurət” deyirəm. Bilirsiniz, bəzi şeylər var ki, onların baş verməsi zəruridir. Bəzi şeylər isə təsadüfən olur, insan onun baş verəcəyini gözləmir, amma baş verir.

Rövşən Tahir //ucnoqta.az

Oxunub: 970
Oxşar xəbərlər
SON XƏBƏRLƏR