lqar Qulusoyu jurnalist kimi xeyli müddətdir tanısam da, şairliyi haqqında məlumatsız idim. Onu şeirləriylə ilk dəfə tanınmış naşir, öz işinin peşəkarı olan Cəfər Əzizoğlunun vasitəsi ilə tanış olmuşdum. Cəfər Əzizoğlu klassik şairlərimizlə yanaşı, müasir şairlərimizin də şeirlərini əzbər bildiyinə görə, onunla söhbət zamanı İlqar Qulusoyun şeirindən "Kişilər ağlamaz, deyən adama, Dərdimi danışdım, ağladı, sən öl" misralarını eşitdim. Bu misralar məndə onun şeirlərinə maraq yaratdı. Bir müddət sonra onun doğum günü ərəfəsində Cəfər müəllim, "E.L" nəşriyyatında onun şeirlərindən ibarət kitabın buraxılmasında öz köməyini göstərdi. Digər oxucular kimi, mən də kitabı əldə edib onun şeirləri ilə yaxından tanış oldum.
Klassik şairlərdən dövrümüzün müasir şairlərinədək hər bir qələm sahibinin şeirlərində ölüm mövzusu müəyyən yer tutur. Həyatımızda ölüm hamı üçün eyni olsa da, hər bir qələm sahibinin bu mövzuya yanaşması hər zaman fərqli olub. İlqar Qulusoyun bu bir bəndini oxuyanda, onun necə mürəkkəb düşüncə sahibi olduğunu anlamaq elə də çətin deyil:
Yaşamadıq, sağ öldük,
Şükür, üzü ağ öldük.
Ömürdən qabağ öldük,
Yolumuz kəsə düşdü.
Onun tanıyan hər kəs, haqqında müsbət fikirlər səsləndirir. Onun həyat sevgisi yaşamaq və yaratmaq, kimi məqsədləri olmasına baxmayaraq vaxtsız ölümünü əvvəldəcən hiss edirmiş kimi yazdığı şeirlər insanı düşündürür.
Bir vaxt deyəcəklər həyatdan nakam,
Bir ömür dilənən dilənçi getdi..
* * *
Hələ ölməmişəm, sağlamam, sağam,
Sən məndən nigaran olma, ay ana.
İlqarın bu misraları mənə Xalq şairi, Ramiz Rövşənin "Fikir içində" şeirini xatırlatdı.
Fikirlər içimi dağıdıb-sökür,
Ağacın içini qurd yeyən kimi.
* * *
Bəxtimdəki ağ günümü,
Əynimə geyib ölürəm.
Məhəmməd Peyğəmbərin (ə.s) “Cənnət anaların ayaqları altındadır” fikirinə əsaslanaraq yazdığı bu misraları o öz üslubunda bu cür qələmə alıb.
Ana ayaqları altda,
Ölüb, cənnətə gedirəm.
Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Vətən sevgisi, ana sevgisi qədər müqəddəsdir. Vətən haqqında bu cür sözlərdən ibarət fikirləri nə qədər desəniz yazmaq olar, demək olar. Peyğəmbər Muhəmməd (s.ə.s) buyurmuşdur: "Vətəni sevmək imandandır". İlqarın da doğma vətənə bağlığını təsvir edən misraları insanı qürurlandırmaqla yanaşı, bu məhəbbəti özünəməxsus şəkildə ifadə etməyi insanın zövqünü oxşayır.
Qürbət qartalları, qürbət bülbülü,
Vətəndə qaralan qarğaya dəyməz.
* * *
Qürbətdə yediyin ən əziz yemək,
Vətəndə bir yavan çörəyə dəyməz.
Hamımızın arzusudur ki, ölkəmizdə həmişə əmin-amanlıq hökm sürsün, işğal olunmuş torpaqlarımız geri qaytarılsın, bayramlarımızı doğma Qarabağımızda qeyd edək!
Bu yeni ilimizdə,
Biz qələbə istəyək.
Qarabağ, Kəlbəcərdə,
Şuşada bayram edək.
İlqar Qulusoy 9 iyul 2016-cı il tarixində 36 yaşında dünyasını dəyişib. Ruhu şad olsun
Oxunub: 1 362