İnformasiya cəmiyyətinin formalaşmasında Televiziyanın yeri və rolu
Bəşər tarixi öz inkişaf mərhələləri içərisində XXI əsrə müqabil gələn başqa bir əsr yaşamamışdır. Sürətlə baş verən inqilabi dəyişiklər, ənənvi sahələrin müasirləşməsi, texnologiyanın başdöndürücü inkişafı dünyanı bir ovuca sığacaq qədər kiçildmişdir. Bu əsrin səciyyəvi xüsusiyyətlərindən biri, onun informasiyalaşması, başqa bir ifadə ilə, informasiya sənayesinin qurulmasını özündə ehtiva etməsidir. İnformasia və telekommunikasiya texnologiyalarının geniş vüsət alması, cəmiyyətin ayrı ayrı sferalarında ciddi və arzuolunan dəyişikliklərə gətirib çıxardı. Fiziki qabiliyyətlər yerini zehni qabiliyyətlərə buraxdı desək yanılmarıq.
İnformasiyanın əldə edilməsi, istehsalı, ötürülməsi və qiymətləndirilməsi bütün tarixi mərhələlərdə bəşəriyyətin həyatında mühüm əhəmiyyət kəsb edib. İnformasiya cəmiyyətinin qurulması ötən əsrin 80-ci illərindən başlansa da, bu proses qısa zaman kəsiyində dinamik inkişaf tempi ilə cəmiyyətin həyatına ciddi nüfuz etmişdir. Biliyin rolunun artması, istehsalatda biliyin əhəmiyyəti məhz ictimai-mədəni, siyasi-iqtisadi sahələrdə də özünü qabarıq şəkildə göstərdi.
Cəmiyyətin formalaşması və təşəkkülü prosesi ardıcıl sürətdə deyil, ayrı ayrı dövrlərdə min illər boyu davam etmiş, ictimai hadisələrin gedişi cəmiyyətin formalaşma istiqamətini müəyyənləşdirmişdir.
İnformasiya cəmiyyətini, informasiya növlərinin istehsalı, işlənməsi, ötürülməsi, saxlanılması və bunun üçün tələb olunan texnoloji vasitələrin məcmusu olan ictimai sahə kimi dəyərləndirmək mümkündür. Sürətlə inkişaf edən bu sahə, digər sahələrin də inkişafına zəmin hazırlamaqla bərabər, təkanverici qüvvə rolunu da oynayır. Eyni zamanda informasiya ilə əlaqədə olmayan digər biznes sahələrindəki işgüzarlığın və səmərəliliyin artırırlmasında müstəsna xidmətlər həyata keçirir. Bu da strateji rəqabətin artmasına gətirib çıxarır. Sağlam rəqabət mədəniyyətinin formalaşması, cəmiyyətin bütün sahələrindəki dinamik inkişafın göstəricilərindən biridir.
Mədəni sahələrin, o cümlədən jurnalistika sahəsinin fəaliyyəti, informasiya cəmiyyətinin qurulması dövlət siyasətinin əsas hesab etdiyi sahələrdən birinə çevrilir.
Jurnalist hadisələri maneəsiz və senzurasız işıqlandıra bilməlidir. Jurnalist fəaliyyətini heç bir qanun tənzimləyə bilməz. Bir mənada bu vicdan işidir. Peşə etikasına sadiq qalmaq, hadisələrə obyektif, qərəzsiz və vicdanlı yanaşmaq bütün qanunların fövqündə duran bir məsələdir.
Cəmiyyətin informasiyalaşması, açıq cəmiyyətin qurulmasına gətirib çıxarır ki, burada şəffaflıq, ədalətlilik, açıqlıq, fərqli fikirlərə hörmət prinsibləri əsas meyar hesab olunur.
İnformasiya cəmiyyətinin formalaşması mərhələli prosesdir. İ.C- nin elmi-nəzəri əsaslarının tədqiq edilməsi, dayanıqlılığı, etibarlı və təhlükəsiz olması şəffaflıq, açıqlıq və dəqiqlik prinsiblərinə söykənir
İnformasiya cəmiyyətində insan-cəmiyyət münasibətlərinin tənzimlənməsi prioritet məsələlərdən biridir. Cəmiyyət informasiyalaşır. Televiziya gün ərzində saysız hesabsız informasiya ötürməklə məşguldur. İnformasiya seçimi azad auditoriyanın ixtiyarındadır. Bu maratonda geniş izləyici kütlə informasiya mənbəyi sayılan televiziyalara lazımi “qiymət”i verəcəklər. Bir haldaki televiziya cəmiyyətin güzgüsü hesab olunur, o zaman ictimai rəy tele efirdəki informasiya sirkulyasiyasına təsir edə bilməlidir.
Televiziya öz işində səriştəli, peşəkar, işini sevən insanlar tələb edir. Cəmiyyətin rəngarəngliyi, həmahəngliyi, harmoniyası, müxtəlifliyi nəzərə alınaraq fərqli formatlarda, hər kəsimi qane edəcək, tələbata cavab verəcək efir verilişləri hazırlamaq bu sahədə fəaliyyət göstərlənlərin işgüzarlığının, peşəkarlığının, elmi zəngiliyinin göstəriciləridir.
İnformasiya cəmiyyətinin əsas inkişaf göstəriciləri:
*İnformasiya cəmiyyətinin formalaşması və inkişafı üçün zəruri olan normativ-hüquqi bazanın yaradılması
*İnformasiya və telekommunikasiya vasitələrindən sərbəst istifadənin cəmiyyətdə artım tempinin sürətlənməsi
*Ənənəvi və müasir medianın vəhdəti və peşəkar kadrların hazırlığının vacibliyi və ehtiyacı
* Ümumdaxili məhsulların həcmində informasiya və telekommunikasiya məhsullarının və xidmətlərinin üstünlük təşkil etməsi.
İnformasiyalaşdırma prosesində Televiziya və millilik
Bilik informasiya sənayesinin elə bir məhsuludur ki, burada sistemlilik, tamlıq və aşkarlıq mövcuddur. Bu tamlığın və obyektivliyin təmin edilməsində televiziya müstəsna rola oynayır. Televiziyanın istehsal etdiyi, ötürdüyü informasiya yayılma sürətinə və auditoriyanın genişliynə görə digər informasiya vasitələrindən əsaslı surətdə fərqlənir. Müasir dövrdə cəmiyyəti informasiyasız təsəvvür etmək qeyri-mümkündür. Cəmiyyətin tələbi nədirsə, televiziya onu araşdırıb tapmaqla məsuldur. Cəmiyyət üçün əhəmiyyət kəsb edən, onun ictimai həyatı ilə bir başa və ya vasitəli şəkildə bağlı olan informasiya maraq doğurma baxımından daha mühümdür. Nəbzə görə verilən şərbətin miqdarını artırmaq və ya azaltmaq bütün vücudun məhvi deməkdir. İnformasiyanın ötürülməsi də buna bənzəyir. Gərəksiz, lüzumsuz, faydasız informasiya cəmiyyətə heç bir fayda gətirməz. Əksinə fərqli qruplaşmaların, təbəqələr arasında uçurumun ortaya çıxmasına səbəb olar. Dünya get gedə qlobal kəndə çevrilir. Müxtəlif mədəniyyətlərin qovuşduğu, eyni zamanda toqquşduğu bir əsrin astanasındayıq. Ümumbəşəri dəyərləri mənimsəməklə yanaşı, milli mədəni zəmində sürüşmələrə qarşı yekdilliklə mübarizədə həmrəy olmalıyıq. Milli dəyərlərimiz digər mədəniyyətlərin məngənəsində sıxışacaqsa, bu ilk növbədə televiziyanın böhranı və süquta uğraması deməkdir. Bu qədər informasiya bombardımanı arasında millik xüsusiyyəti, onun qorunub saxlanması ən vacib məsələ kimi qarşımızda durur.
Etiraf etmək lazımdır ki bu gün teleməkanlarda tamaşa etdiklərimizin çoxuna ailə üzvləri ilə birlikdə baxmaq olduqca müşkül məsələdir. İstər özəl, istərsə də dövlət və ictimai kanallar bütün hallarda insan ləyaqətinə, milli mənəvi dəyərlərin qorunmasına, yaşadılmasına xidmət etməyə borcludur. Geniş auditoriyanın izlədiyi efir məkanından pornoqrafiya, zorakılıq, quldurluq hadisələrinin, əxlaqsızlıq yuvalarının ifşasının və narkoticarətin hansı üsullarla həyata keçirildiyinin açıq aşkar bu və ya digər şəkildə efir məkanına buraxılması xəbər formatında olsa da cəmiyyətdə birmənalı qarşılanmır. İzləyicinin şüuraltında yanlış təsəvvürlərin formalaşmasına yol açır. Öz əlimizlə efir məkanımızı çirkablaşdırmış oluruq.
Televiziya, digər media sahələrindən fərqli olaraq böyük izləyici və dinləyici kütlələrinin eyni anda, eyni məsələ ətrafında düşünməsini, diskusiyasını təmin etmək gücünə sahibdir. Bu baxımdan cəmiyyəti zərərli informasiya ilə məşgul etmək, zehinləri körəltmək peşə etikası və universal insani dəyərlər baxımından yanlışdır.
Televiziyanın fəaliyyəti yarandığı gündən bu günə hər zaman mübahisə, müzakirə obyekti olub.
Efirdə jurnalistika çərçivəsindən kənara çıxmalar, qeyri-etik hərəkətlər, dil xətaları, şablonçuluq, bir-birlərini təkrarlamalar tamaşaçının nəzərindən qaçmır. Verilişlərin bir-birinə bənzəməsi və digər bu kimi hallar tamaşaçıları kanalı dəyişdirməyə vadar edir. Televiziya ilk növbədə mədəniyyətdir, dəqiqlikdir. Və o da danılmaz faktdır ki, seçim çox böyükdür. Azərbaycanda fəaliyyət göstərən televiziyalarla yanaşı tamaşaçılar xarici telekanalları da izləyə bilirlər. Məhz buna görə də cəmiyyətin informasiya ehtiyacını tam dəqiqliklə qarşılamaq labüddür.
Dünyanı informasiya ilə təmin edən nəhəng informasiya kanalları mövcuddur ki, bunlar demək olar ki dünyanın bütün bölgələrini əhatəsinə alıb. Bu TV kanalları sayəsində xüsusi hədəf kütlələr meydana gəlmişdir ki, bu kütlələrin özünəxas zövqləri, həyat tərzləri, dəyərləri vardır. Araşdırmalar göstərir ki Amerikada fəaliyyət göstərən musiqi kanalı MTV-nin təxminən 500 milyon gənclərdən ibarət geniş izləyici kütləsi var. Bu musiqi kanalı kütlələrin davranışlarına və həyat tərzlərinə ciddi şəkildə təsir göstərir. Buradan aydın olur ki xüsusən gənclərin danışıq dilində, həyat tərzlərində, dünyaya baxışlarında və şəxsiyyət kimi formalaşmalarında bu kimi kanallar ciddi təsirə malikdir.
Televiziyanın Maarifləndirici xüsusiyyəti
Televiziyanın 3 əsas funksiyası hər zaman öz aktuallığını qoruyub saxlamaqdadır. Bunlar 1-) Maarifçilik, 2-) İnformasiya, 3-) Əyləncə funksiyalarıdır.
Bu üç funkisya arasında düzgün və balanslı bölgü sistemi qurulsa, televiziya həm cəmiyyətin qınaq obyektinə çevrilməz, həm də öz vətəndaşlıq mövqeyini haqlı olaraq nümayiş etdirmiş olar. Diqqət yetirsək görərik ki inkişaf etmiş Qərb ölkələri daha çox elmi-texniki informasiyanın əldə edilməsi, ötürülməsi, yayılması işi ilə məşqul olur. Az inkişaf etmiş ölkələrdə isə bu tendensiya daha çox əyləncə, talk-şou kontentli informasiyada özünü göstərir. Elmi- texniki və yaradıcı ruhda yayımlanan efir materiallarının sayı artdıqca cəmiyyət bunu ehtiyac olaraq qəbul edəcək və televiziya məkanı əyləncə vasitəsi imicini yavaş yavaş itirəcəkdir.
Qərbin media imperializmindən qurtulmağın yeganə yolu da milli televiziyalarımızın zəngin mədəni irsimizə sahib çıxması, milli proqramların istehsal həcmini artırılması, televiziyanı “əyləncə və reklam bazarı” statusundan qoparıb “tərbiyəedici”, “savadlandırıcı” və “maarifləndirici” rolunun ön plana çıxarılması ilə mümkündür.
Televiziyanın funksiyası təkcə əyləndirmək deyil, cəmiyyəti informasiya ilə təmin etməli, savadlandırmalı, bilik səviyyəsini yüksəltməlidir. Maarifçilik ideyasının təməlinədə cəmiyyətin tərəqqisi, fikri səviyyənin yüksəlişi və elmi nəaliyyətlərin təşviqi, təbliği məsələləri dayanır. Bu baxımdan televiziya müstəsna rol oynayır. Sovet dönəmində medianın təbliğati vəzifəsi onun məlumatlandırma vəzifəsini kölgədə qoymuşdur. Təbii ki burada ideoloji təbliğatdan söhbət gedir. Televiziya məkanında daha çox informativ, informativ-publisistik, bədii və bədiipublisistik proqramlar yer tuturdu. Məlumatlandırmaq və maarifləndirmək vəzifələri arasında ikincini daha ön plana çəkmək, birincini ikinciyə tabe etmək lazım gəlir. Çünki maarifləndirmə işi eyni zamanda məlumat çatdırmaq funskiyasını da yerinə yetirir. Seyrçinin “başını açmaq” və maarifləndirməklə yanaşı, ona informasiyanın ötürülməsini də təmin edir.
Milli mənəvi və ümumbəşəri dəyərlərin arzuolunan səviyyədə yaşadılması, öyrənilməsi və gələcək nəsillərə layiqincə çatdırılması televiziyanın çiyinlərində məsuliyyətli bir vəzifə kimi durur. Auditoriya samballı informasıyaya acdır və bunu düzgün analiz edərək lazımi informasiyanı cəmiyyətə çatdırmaq televiziyanın borcudur. Seyirçi televiziya üçün deyil, televiziya seyirçi üçün vardır. İzləyici kütlənin xarakterini, həyat tərzini, sahib olduğu adət-ənənələri öyrənmək və düzgün qiymətləndirmək televiziya işçisindən bu sahədə dərin biliklər və peşəkarlıq tələb edir. Geniş, sistemli və məqsədli informasiya ancaq hədəf kütlədə istənilən təsiri oyandırar. Əks halda verilən informasiya sadəcə zaman itkisindən başqa bir şey olmaz. Auditoriyanı sadəcə reklam izləyicisi və ya əyləncə verilişlərinin aludəçisi yox, eyni zamanda ziyalı təbəqə, elm həvəskarı bir izləyici kimi düşünmək vacib faktordur. Televiziya tariximizə nəzər salsaq, 57 illik tarixi salnaməmizdə keşməkeşlərin, ağır zəhmətlərin, çətin aşılan yolların izini görürük. Maddi texniki baza etibari ilə müəyyən məhrumiyyətlər, yoxluqlar yaşayan televiziyamız bu gün müasir informasiya və telekommunikasiya texnologiyalarından lazımınca istifadə etmək imkanını əldə edib. Bu yeni imkanlar eyni zamanda televiziyamızın qarşısına umdə vəzifələr qoymaqla yanaşı, onun təsir gücünü və əhatəsini də sürətli şəkildə artırmışdır. Televiziya, ictimai şüuru düzgün formalaşdırmaq, dünya miqyaslı informasiya axınını tənzimləyərək, ölkənin milli maraqlarına zidd informasiyanı teleməkana buraxmamaq, qlobal səviyyədə informasiya savaşında dövlətçilik ənənlərinə sadiq qalaraq bütün hallarda qarşı tərəfi susdurmaq vəzifəsini çiyinlərində daşıyır. İnformasiya cəmiyyətində qlobal informasiya mühitinin formalaşması və bu mühitdə milli və qlobal dəyərlərin toqquşması və yeni dəyərlərin ortaya çıxması qaçınılmazdır.
Televiziya məkanında baş alıb gedən şoular, lüzumsuz məişət söhbətləri, müharibə səhnələri ilə dolu xarici filmlər, cəmiyyətin qavrayışına, anlayış tərzinə və milli mentalitentə zidd çoxsaylı seriallar və s. bütün bunlar insanların fikir aləmində, gənc nəslin tərbiyə edilməsində transformasiyalarla, sınmalarla, “beyin ölümləri” ilə xarakterizə olunur.
Məşhur jurnalist, naşir Cozef Pulitser medianın əhəmiyyətini bu tarixi sözlərlə vurğulayırdı: “Bir ölkə media ilə birlikdə yüksələr və ya batar” . Mükəmməl media, mükəmməl ölkə deməkdir. Uğurlu media, doğru anlayacaq qabiliyyət və zəkaya, doğru yazacaq və danışacaq gücə, qüdrətə sahib olan mediadır. Belə media ictmai dəyərləri qorumaq iqtidarındadır”. Medianın ən təsirli qolu olan televiziya məhz milli maraqların təminatçısı olmağa borcludur. Televiziya cəmiyyəti maarifləndirməli, əyləndirməli, məlumatlandırmalı amma ən əsası cəmiyyətdə “İnformasiya savaşçısı” vəzifəsini layiqincə yerinə yetirməlidir.
İnformasiya transformasiyası və TV
Ənənəvi sənaye sahələrindən fərqli olaraq informasiya sənayesi elə bir məhsul istehsal edir ki, bu məhsul digər sənaye sahələrinin təkanverici qüvvəsinə çevrilir. Bir yandan yeni formalaşan informasiya sənayesi digər sənaye növlərinin hegemoniyasına son qoyarkən, digər yandan da qeyri-informasiya sənayesinin inkişafına ciddi təsir göstərir.
Qlobal müstəvidə informasiya cəmiyyətinin formalaşmasına təkan verən amillərdən biri də milli mədəniyyətin forma və məzmunudur.
Cəmiyyətin kamilliyini və yetkinliyini göstərən əsas faktorlardan biri onun qlobal informasiya məkanında tutduğu mövqedir. Vətəndaşlıq mövqeyi məhz bu aspektdən dəyərləndirilməlidir.
İnformasiya cəmiyyətinin formalaşmasında digər media vasitələri ilə yanaşı Televiziyanən rolu əhəmiyyətli dərəcədə artmaqdadır. Televiziya dövlətin “ideoloji silahı”na çevirlərsə bu bütövlükdə cəmiyyətin məhvinə gətirib çıxarar. Televiziya ictimai fikrin yanıltmaz aynası, ictimai şüuru formalaşdıran həssas bir mexanizmdir.
Hər bir efir məhsulu öz çəkisinə görə müəyyən informasiya daşıyır və ötürür. Burada maarifçilik funksiyası daha da qabarıq şəkildə özünü göstərməlidir. Cəmiyyətin mədəni həyat səviyyəsini müəyyənləşdirən, dünyagörüşünü formalaşdıran məhz maarifçilik xüsusiyyətlərinə sahib efir materiallarıdır. Bazarın tələbini məsuliyyətli telejurnalist araşdırmalı, tədqiq etməli, formalaşdırmalı, çərçivələşdirməlidir. Belə demək olar ki informasiya bazarı qərarsız ikən, nəyi necə qəbul edəcəyini, necə həzm edəcəyini bilməzkən, o ehtiyacı ortaya çıxarmaq şərəfli və məsuliyyətli işdir. Ac bir insana bütün yeməklərin şirin gəldiyi kimi, informasiyaya ac olan bir cəmiyyətə nəyi istehsal etsən onu da mənimsəyəcək. Bu gün əyləncə xarakterli verilişlərin sayı kifayət qədərdir. Cəmiyyət informasiya bombardımanı altında qalıb hansı informasiyanı qəbul edəcəyindən biqərardır. Televiziya məkanında maarifçiliyə münasibət təəssüf hissi doğurur. Halbuki maarifçilik televiziyanın vacib funksiyalarından biridir. Bu sahədə dünya praktikasından faydalanmalı olduğumuz da bir həqiqətdir. İstər ABŞ, istər Rusiya, istərsə də qonşu Türkiyə telekanallarında günün ən pik saatlarında (prime –time) məhz efir verilişlərinin əksəriyyəti elmi-kütləvi proqramlara ayrılır. Burada ölkədə baş verən aktual problemlərə işıq tutulur, səhiyyə, tibbi, hərbi və iqtisadi sahələrdəki nöqsanlar, inkişaf prespektivləri eninə boyuna müzəkirə edilir.
Dünyanın aparıcı ölkələrində informasiya istehsalının böyük bir qismi elmi informasiya hesab olunur. Ancaq inkişaf etməkdə olan ölkələrdə daha çox mədəniyyət və hümanitar informasiya ehtiyacı özünü qabarıq şəkildə göstərir. Maarifçilik xarakterli verilişlər cəmiyyətin təfəkkür səviyyəsinə də ciddi təsir göstərir. Fərdin şəxsiyyətə çevrilməsində televiziya mühüm rol oynayır. Televiziyalar bayağı verilişlərin sayını artırmaq uğrunda mübarizədən çəkinib maarifçilik sahəsində ciddi və inamlı addımlar atmalıdır. Burada diqqət çəkən məqamlardan biri odur ki, televiziya nə qədər maddi texniki baza ilə təmin olunsa da, peşəkar jurnalist əksikliyi öz hərarətini qoruyub saxlayır.
Özəl telekanallar gəlirlərinin böyük hissəsini reklamdan aldıqları üçün bu kanalları müəyyən qədər sıxışdırmaq mümkün olmasa da, tamamilə dövlət tərəfindən maliyyələşdirilən ictimai və dövlət kanalları maarrifçiliyə ciddi diqqət etməli, həssas yanaşmalıdır. İstər özəl tv kanallarında, istərsə də dövlət kanallarımda ən nəzərə çarpan problemlərdən biri kadr peşəkarlığındaki çatışmazlıqlardır. Müasir jurnalistikanın tələbi kimi texniki biliklərə yiylənməklə yanaşı, jurnalistikanın etik prinsibləri çərçivəsində bu peşəni icra etmək ən ali vəzifədir.
Qlobal informasiya məkanında rəqabətədavamlı TV
Televiziya digər media vasitələrindən bir sıra cəhətlərin görə fərqlənir. Əgər nəzərə alsaq ki yazılı media informasiyanın cəmiyyətə çatdırılması baxımından müəyyən vaxt tələb edirsə, temleviziyada bu fərq aradan qalxır. Eyni anda televiziya vasitəsi ilə qlobal auditoriyaya informasiya transformasiyasını həyata keçirilir. Onu da qeyd etmək lazımdır ki televziya məkanında bəzi hallarda informasiyanın “doğruluğu” “sürətliliyə” qurban verilir. Bu da geniş izləyici kütləsinin yanlış yönləndirilməsinə səbəb olur. Misal üçün, 17 may 2006-cı ildə Türkiyədə Məhkəməyə (Danıştay) silahlı hücum zamanı əksər televiziya kanalları canlı yayında bu hücumun dini radikal qrup tərəfindən həyata keçirildiyini irəli sürmüşdülər. Sonradan ruhi xəstə olduğu müəyyən edilmiş, başqa silahlı hücumlarda da iştirak etdiyi sübuta yetirilmiş, saxta polis sənədləri hazırlayaraq hüquq mühafizə orqanlarından yayındığı ortaya çıxmışdır. Göründüyü kimi bəzən reytinq xətrinə böyük həqiqətlərdən imtina edilir. Bu da bütövlükdə cəmiyyətdə yanlış təsəvvürlərin formalaşmasına, ictimai rəyin çaşdırılmasına gətirib çıxarır.
Mədəni fəaliyyətlərin, maarifləndirici mahiyyət daşıyan proqramların, əyləncəli verilişlərin, informasiya və reklamların televiziya vasitəsi ilə qlboal xarakter daşıması informasiya cəmiyyətində sərhəd təsəvvürlərinə son qoymaqdadır. Maddi sərhədlər çoxdan aşılmışdır. Artıq zehinlərdə və təsəvvürlərdə formalaşan sərhədlər də aşılmaq üzərədir. Bəşəriyyət sərhədsiz informasiya əsrinə qədəm qoyur. Cəmiyyət inkişaf edə edə bir anda televiziya vasitəsi ilə dünyanın o biri ucunda baş verənləri saniyəsinə qədər izləmə imkanı əldə edib.
İnformasiya cəmiyyəti və təhlükəsizlik məsələsi
İnformasiya cəmiyyətinin mühüm komponentlərindən biri informasiya təhlükəsizliyinin təmin olunması və vəzifələrinin yerinə yetirilməsidir. Cəmiyyət informasiyalaşdıqca informasiya təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsi kimi mühüm əhəmiyyət kəsb edir.
İnformasiya müharibəsində uduzmamaq, neqativ informasiyanın daşıyıcısına çevrilməmək, qlobal məkanda ölkə maraqlarına zidd informasiyaları dezinformasiyalaşdırmaq televiziya üzərində böyük məsuliyyətdir. Bunun üçün maddi texniki bazanın gücləndirilməsi, diaspor fəaliyyətlərini yaxından izləmək, xaricdə muxbir məntəqələrinin qurulması istiqamətində fəal addımlar atmaq zərurəti ortaya çıxır. Bu sahədə operativ, çevik və inetraktiv rejimdə işləyən televiziyanın rolu danılmaz faktdır. Bu da bir həqiqətdır ki milli kimliyin qorunması, beynəlxalq arenada milli tribunanın yüksəklərə qaldırılması, milli- mənəvi dəyərlərin mühafizəsi məsələsi son dövrlərdə televiziya üçün aktuallıq qazanmışdır. Televiziya bu qloballaşma prosesində öz yerini və rolunu dəqiq dərk etməli və ifasında qüsura yol verməməlidir. Əks halda ictimai qınaq televiziya üçün ən böyük mənəvi cəza olacaqdır.
Bu yeni formalaşan “bilgi” cəmiyyətinin şərqiləri eşidilirsə, gələcəkdə onun ən gur sədası olan himni təntənəli şəkildə səsləndiriləcəkdir.
Oxunub: 1 233