Hər dəfə təhsildən, müqəddəs müəllim peşəsindən yazarkən bir anlığa ömrünü təhsilə, gənc nəslin tərbiyəsinə həsr etmiş müəllimlərimizin nurlu simalarını xatırlayıram. Axı fərq etməz, istənilən sahədəki nailiyyət onlarla başlanan uğurlu keçmişdən qaynaqlanmırmı?.
Vətənə övlad, cəmiyyət üçün şəxsiyyət yetişdirən müəllim elm bağından dərilən hər bir meyvədə öyünməkdə haqqı var. Elmin Nuri Tofiq oğlu müəllimlərinə bu sevinci yaşadanda, gələcəkdə öz peşəsinin dərindən bilicisi olmağı qarşısına məqsəd qoyub. Tarix elminin dərinlikərinə bələd olmasında zəhmətini çəkən Məhəmməd Qurbanov (əməkdar müəllim) kimi, o, da tarixçi nəslin yetişdirməkdə səylə çalışır.
Elmin müəllimin ali təhsilini başa vurub doğma rayonunda gənc müəllimi kimi əmək fəaliyyətinə başlamasından artıq 11 ilə yaxın bir zaman ötür. Onun ilk dəfə əlinə jurnal götürüb sinfə girdiyi məktəb - Ağalıkənd kənd tam orta məktəbidir. 3 il bu məktəbdə şagirdlərə tarix fənninini sevə-sevə tədris etməsi, onlara qayğıkeş münasibəti uğurlu nəticələrlə yadda qalıb.
2015-ci ildən Biləsuvar şəhər 4 saylı orta məktəbdə pedoqoji fəaliyyətini davam etdirən E. Nuri təhsil verdiyi şagirdləri arasında tələbə adını qazananlar ilbə-il daha çox olmuşdur. Ali məktəbə hazırladığı onlarla abituriyent 600-dən artıq balla universitetlərə qəbul olub.
2020-2021-ci tədris ili Elmin müəllim üçün xüsusilə düşərli olub. Ötən tədris ilində təhsilini başa vuran şagirdlərindən 6-sı yüksək nəticələrlə olmaqla, 25 -i tələbə adını qazanıb. Dərs dediyi məktəbdə sinif rəhbəri olduğu onbirincilərin hamısı ali təhsil müəssisələrinə qəbul olub.
Deyilir ki, uğurlu müəllim olmağın metod və xüsusiyyətləri çoxdur. Bunlar müəllimlərin özləri kimi müxtəlif və fərdidir. Çünki, insan emosional, dinamik, dəyişkən varlıqdır. Tədris prosesində hazır təlimatlara uyğun şəkildə davrana bilmək bacarığınla yanaşı hər bir müəllimin tədris prosesində özünəməxsus səmərəli yanaşma bacarığı da olmalıdır.
Məhz tədris prosesində istənilən bir çətin situatsiya yarandığı halda çıxış yolu tapıb, istər təlim prosesini, istərsə də tərbiyə prosesini düzgün məcraya yönəldə bilməsi Elmin müəllimə fəaliyyətində uğurlar gətirib, şagirlərinə sevimli edib. Bütün müsbət xüsusiyyətləri Elmin müəllimi çalışdığı məktəbin kollektivi arasında da arasında hörmətə qaldırıb.
Gələcək uğurlarınız bol olsun, Elmin müəllim
Oxunub: 714