“Azərbaycanın ictimai, elmi fikrində böyük rola sahib Akademiyada zaman-zaman dəyərli alimlər çalışıblar.
Akademiya elmi qurum olduğu üçün onun müstəqilliyi nə qədər qorunarsa, o qədər də güclü olar”.
Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Xalq şairi Sabir Rüstəmxanlı bildirib.
S.Rüstəmxanlı AMEA-da görülməsi labüd olan işlərdən söz açıb:
“Sovet dövründən bizə yadigar qalan Azərbaycan Milli Elmlər Akademiyası XXI əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biridir.
Hər dövlətdə Akademiya yaradılmır, yalnız elmi, mədəniyyəti olan xalqlar bunun öhdəsindən gələ bilirlər. Azərbaycanın ictimai, elmi fikrində böyük rolu olan akademiyada zaman-zaman çox dəyərli şəxslər fəaliyyət göstəriblər. Akademiya elmi qurum olduğu üçün onun müstəqilliyi nə qədər qorunarsa, o qədər güclü olar.
SSRİ dağıldıqdan sonra akademiyanı ləğv etmək, bəzən isə elmi akademiyadan universitetlərə daşımaq istədilər. Lakin buna ehtiyac yoxdur, çünki universitetin işi təhsillə məşğul olmaqdır. Akademiyanın institutları, bölmələri dağıdılsa, bu zaman elm təhsilin kölgəsində kənarda qalacaq. Məhz bu səbəbdən akademiya sistemini dağıtmaq yox, onu möhkəmləndirmək lazımdır. Bu gün dünya ölkələrində büdcədən elmə təxminən, 3% pul ayrılırsa, Azərbaycanda bu məbləğ 0.3%-dir. Hesab edirəm ki, akademiyaya ayrılan vəsait artırılmalı, elmin inkişafına xüsusi diqqət yetirilməlidir.
Azərbaycanın hərbi sənayesinin, humanitar sahələrin - hər birinin öz elmi əsasları olmaldır. Buna görə də akademiya qorunub saxlanılmalı, gücləndirilməlidir. Oradakı alimlərin əmək haqları artırılmalı, gördüyü işlərin tətbiqinə şərait yaradılmalıdır”.
Sabir Rüstəmxanlı həmçinin akademik Akif Əlizadənin istefası ilə bağlı öz fikirlərini bildirib. Şair qeyd edib ki, Akademiyanın rəhbər heyətinə seçkilər üçün yaş məhdudiyyəti qoyulmamalıdır:
“Akif müəllim yaşı ilə əlaqədar istefa ərizəsi yazıb. O çox mədəni, dəyərli insandır. Akademiyada da böyük hörmət sahibidir. Ola bilsin, Akif Əlizadə Prezidentin təklifi ilə bağlı belə qərara gəlib. Akademiyanın rəhbər heyətinə seçkilər üçün yaş məhdudiyyəti qoyulmamalıdır. Çünki gənc kadrlar həmin sahəni dərindən bilmir və o səbəbdən yaxşı işləyə bilməzlər”.
“Nə yaxşı ki, Akif müəllim istefa ərizəsi yazdı”.
Bu sözlər Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərova aiddir. Ş.Əsgərov Akif Əlizadənin ishefası ilə bağlı fikirlərini AzEdu.az-la bölüşüb:
“Nə yaxşı ki, Akif Əlizadə istefa ərizəsi yazdı. Amma hesab edirəm, Akif müəllim bu ərizəni bundan əvvəl yazsa, daha yaxşı olardı. Çünki o, Akademiyanın prezidentidir. Özü bir azərbaycanlı ağsaqqalı kimi yaxşı alim olsa da, elm soyuq kəsərli qılınc kimidir. Onu idarə edən ya qurunun şiri, ya səmanın qartalı olmalıdır”.
“Azərbaycan SSRİ-nin davamı olmadığı üçün Akademiya da Sovet dövründəkindən fərqli olmalıdır”.
Açıqlaması zamanı Ş.Əsgərov akademiyanın gələcək taleyi ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, Sovet dövründə yaradılan akademiyalar kimi bizim AMEA da təkpartiyalı sistemə uyğunlaşdırılmış qurumdur:
“Akademiyanın taleyi haqda çox fikirlər səsləndirilir. Bəziləri onun ləğv edilməsini, bəziləri hər hansı rəsmi qurumlara biləşdirilməsini və s. təklif etdilər.
Bu gün Azərbaycan ziyalıları 1945-ci ildə AMEA-ya seçilən 15 akademikin hər birinin adını deyə bilərlər. Amma 2-3 il əvvəl seçilən 100-lərlə akademikdən 15-nin adını bilən yoxdur. Çünki onların əksəriyyəti himayələrlə seçilib.
Elmi qurumun təhsil sistemi ilə birləşdirilməsindənsə, sənayeyə yaxınlaşması daha məqsədə uyğundur . Çünki elmi nəticələr texnoloqlar vasitəsilə reseptlərə çevrilir və həmin reseptlər əsasında sənayeçilər məhsul istehsal edirlər. Bu da elmin sənayeyə tətbiqidir. Təəssüf ki, ölkəmizdə elm sənayeyə inteqrasiya olunmur. Çünki bizdə sənaye ilə elm arasındakı həlqə yoxdur. Çox istərdim ki, bu gün elm və onun aparıcı qüvvəsi olan akademiya sənayeyə yaxın olsun. Hazırda, bir çox ölkələrdə Elm Sənaye və Texnologiyalar Nazirliyi var. Bu gün alimlərin əldə etdikləri elmi nəticələr kağız üzərində dəyərli cümlələrdir. Bizə həmin cümlələri reseptə çevirən texnoloqlar lazımdır ki, o resept əsasında sənayeçilər də məhsul istehsal edə bilsinlər.
Təhsilin yetişdirdiyi savadlı kadrların elmə təsiri böyük olsa da, elmin təhsilə elə bir təsiri yoxdur. Bu səbəbdən də məncə, Akademiyanın Rusiyada olduğun kimi Təhsil Nazirliyinə birləşdirilməsindənsə, Türkiyədə olduğu kimi sənayeyə yaxınlaşdırılması daha məqsədəuyğundur”.
Qeyd edək ki, ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə istefa ərizəsi təqdim edərək tutduğu vəzifədən azad edilib. Akademik Ramiz Mehdiyev AMEA-nın Ümumi Yığıncağında elmi qurumun yeni prezidenti seçilib və ölkə başçısı tərəfindən bu vəzifəyə təsdiqlənib.
Oxunub: 802