Təhsil nazirinin müavini: "Məktəblərdəki intihar hallarının bir yox, bir neçə səbəbi var".
Djb.az-in ONA-ya istinadən məlumatına gorə, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov “Beynəlxalq Ailə günü”nə həsr edilmiş “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hər bir təhsil müəssisəsi cəmiyyət qarşısında böyük məsuliyyət daşıyır: "Təhsil müəssisələri təkcə təhsil verməli deyil, həm də mənəvi cəhətdən cəmiyyət üçün layiqli insanlar yetişdirməlidir. Təhsil gələcək nəslin formalaşmasında böyük rol oynayır. Cəmiyyətimizə yalnız bilikli, bacarıqlı deyil, həm də yüksək mənəviyyata malik şəxslər gərəklidir. Təhsil sahəsində təlimlə yanaşı, tərbiyəyə də önəm verilməlidir. Buna görə də biz mədəni insan formalaşdırmağa çalışmalıyıq".
Firudin Qurbanovun sözlərinə görə, hazırda məktəblərdə 1 milyon 600 min şagird təhsil alır, onlara 150 min müəllim dərs deyir: "Bizim hər bir məktəbimizdə psixoloqlarımız var. Biz onların vasitəsilə də şagirdləri formalaşdırmağa çalışırıq".
Nazir müavini son vaxtlar məktəblilərlə bağlı baş vermiş intihar hadisələrinə də toxunub: "Bu intiharların bir yox, bir neçə səbəbi var. Bəzən ailədə uşağa münasibət pis olur, ailədaxili mühit uşaqların psixikasına mənfi təsir edir. Belə olan halda həkimlər işə qarışmalıdırlar. Və ya bəzən məktəbdə müəllimlər şagirdlərlə düzgün rəftar etmir, ya da şagirdlərə adekvat yanaşmırlar. Biz Təhsil Nazirliyi olaraq bu məsələləri diqqətdə saxlamağa çalışırıq. Bununla əlaqədar 150 məktəbdə "Məktəblinin dostu" adlı layihəyə başlamışıq. Bunun nəticəsində artıq bir sıra problemlərin qarşısı alınıb. Layihə artıq çox müsbət nəticə verib. Təhsil Nazirliyi gələcəkdə də bu yöndə bir sıra addımlar atmağı planlaşdırır".