Bu il birinci sinfə qəbul zamanı qeydiyyatdan keçərkən valideynlərdən elektrik enerjisi qəbzinin kodunun tələb olunmasına Təhsil Nazirliyi cavab verib.
Publika.az xəbər verir ki, I sinfə qəbulla bağlı sualları canlı yayımda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva Təhsil TV-yə müsahibəsində cavablandırıb.
İ.Abdullayeva bildirib ki, qəbzin tələb edilməsi məktəblərdə süni sıxlığın yaranması ilə bağlıdır:
“Bildiyiniz kimi bir sıra məktəblərdə birinci sinfə qəbul zamanı süni sıxlıq yaranır. Bu məsələdə çıxış yollarından biri şagirdin bacı və qardaşının həmin məktəbdə təhsil alması və ya valideynin orada işləməsidir. Valideyn həmin ünvanda yaşayırsa, avtomatik sistem bunu yoxlayır. Valideynin qeydiyyat ünvanı başqadırsa, yaşadığı ərazidəki məktəbdə təhsil alması üçün elektrik enerjisi qəbzi tələb edilir. Həmin qəbzin kodu sistemə daxil ediləndə valideynin həmin ərazidə yaşadığı ünvan əldə edilir. Nəticədə valideynin ərazidə yaşadığı təsdiqlənərsə, başqa yerdə qeydiyyatda olsa da, məktəbə qəbul edilir”.