dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan təhsilinin beynəlxalq imici TƏHLÜKƏDƏ - FAKT

İstər Azərbaycan universitetlərinin diplomlarının xaricdə, istərsə də xarici universitet diplomlarının ölkəmizdə tanınması problem olaraq qalır. Rəsmi məlumata görə, xaricdə təhsil alan azərbaycanlıların təqribən yarısının diplomu Azərbaycanda tanınmır. Qeyd edək ki, diplomların tanınması Təhsil Nazirliyinin qəbul etdiyi qaydalar əsasında həyata keçirilir. Belə universitetlərə qarşı müəyyən tələblər var. Məsələn, nazirlikdən bildirilib ki, ərazisində yerləşdiyi ölkə tərəfindən tanınan, müvafiq lisenziya və akkreditasiyaya malik xarici universitetlərin diplomları ölkəmizdə tanına bilər.

Bəs Azərbaycan ali məktəblərinin verdiyi diplomlar xaricdə tanınırmı?

Təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov Cebhe.info-ya açıqlamasında deyib ki, diplomların qarşılıqlı tanınması üçün bir çox prinsiplər var:



“Məlum olduğu kimi, Boloniya bəyannaməsinə üzv dövlətlərin hamısı üçün tətbiqi zəruri olan prinsiplərin həyata keçirilməsini nəzərdə tutulur. İkipilləli ali təhsilə keçid, kredit sisteminin tətbiqi, təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi, tələbə və müəllim mobilliyinin genişləndirilməsi, diploma əlavələrin Avropa ölkələrinin ali təhsil haqqında müvafiq sənədlərinə uyğunlaşdırılması, məzunların işlə təminatına nail olunması və s. Bunlardan biri və ən mühümü ixtisasların, eləcə də diplomların qarşılıqlı tanınmasıdır. Bununla belə, istər Azərbaycan universitetlərinin diplomlarının xaricdə, istərsə də xarici universitet diplomlarının ölkəmizdə tanınması hələ də təhsillə bağlı başlıca problemlərdən biri olaraq qalmaqdadır. 1997-ci ilin aprelində dövlətimiz “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Lissabon Konvensiyası”na imza atıb. Konvensiyanın icrası Təhsil Nazirliyinə həvalə olunub. 1999-cu ildə ali təhsil sistemlərinin bir-birinə yaxınlaşdırılması və uyğunlaşdırılması, Avropada ortaq təhsil məkanının yaradılması məqsədilə Boloniya Bəyannaməsi imzalanıb, 2005-ci ildən Azərbaycan da bu prosesə qoşulub. Hətta 2003-cü ildə Nazirlər Kabineti “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nı təsdiq edən 64 nömrəli qərar verib. Bu qərarı tətbiq etmək məqsədilə 2007-ci ildə Təhsil Nazirliyində müvafiq əmr imzalanıb. Bu əmrlə xarici ölkələrin ali təhsil sahəsində verdiyi ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycanda qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi prosedurunun həyata keçirilməsi ilə bağlı nazirliyin aparatında Təhsil sənədlərinin tanınması işi üzrə sektor da yaradılıb. Dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda bu sistemin elementlərindən hələ ki, kredit sisteminə önəm verilir. Diplomların qarşılıqlı tanınmaması ucbatından Azərbaycanın ali məktəblərinin təhsil verdiyi məzunlar hələ də xarici ölkələrdə diplomlarının tanınması və işə düzəlməkdə çətinlik çəkirlər. Belə bir vəziyyəti xaricdə ali təhsil alanların Azərbaycanda işə düzəlməsi imkanlarına da şamıl etmək olar”.

Ekspert deyib ki, dünyanın ayrı-ayrı ölkələri problemə fərqli yanaşma tətbiq edilir:

“Hansısa ölkə ilkin bazaya - attestata önəm verir, digər ölkə dil bilgiləri ilə yanaşı, ixtisas biliklərinin də yoxlanılması üçün əlavə imtahan keçirir, başqa bir ölkə isə diplom alınan universitetin nüfuzuna, beynəlxalq reytinqinə önəm verir. Elə ölkələr də var ki, çıxış yolunu fərdi şəkildə müqavilə bağlamaqda görür. Bu məsələdə ixtisaslara, onlara olan tələbata da diqqət yetirilir. Bildiyimə görə, bu sahədə ölkəmizdə müəyyən işlər gedir. Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, “Xəzər” ATMU, ADNSU, bir çox digər universitetlər xarici tərəfdaşları ilə ikitərəfli müqavilələr əsasında qarşılıqlı əməkdaşlığı və əlaqələri gücləndirir. Diplomların tanınmasında ən başlıca şərtlərdən biri təhsil proqramlarına lisenziyanın olub-olmamasıdır. Hesab edirəm ki, ölkə başçısının 2018-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” Boloniya prosesindən irəli gələn dəyişikliklərin təcrübədə reallaşdırılmasına, diplomların qarşılıqlı tanınmasına kömək edəcək, bütövlükdə ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, insan kapitalının inkişaf etdirilməsi, strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından da faydalı olacaq”. DIA.AZ

Oxunub: 1 013
Oxşar xəbərlər
SON XƏBƏRLƏR