Modern.az saytı bilik yarışlarının - beynəlxalq və fənn olimpiadalarının qalibləri ilə bağlı yeni layihəyə başlayır. Layihənin məqsədi oxucuları bilikli məktəblilər və istedadlı gənclərin uğurları ilə tanış etməkdir.
Layihənin ilk qonağı Fərhad Allahverdiyevdir. Fərhad Allahverdiyev hazırda Cənubi Koreyanın KAIST Universitetində (Koreya Yüksək Elm və Texnologiyalar Universiteti) təhsil alır.
“Bəziləri elə düşünür ki, kənddə böyüyən uşaqlar yaxşı təhsil ala bilmir”
“Ağstafa rayon Dağ Kəsəmən kəndində anadan olmuşam. Bəziləri elə düşünür ki, kənddə böyüyən uşaqlar yaxşı təhsil ala bilmir. Bu cür fikirlər əsassızdır. İçində təhsilə, elmə maraq olan insan bir yol tapıb yaxşı təhsil almağa can atacaq. Məktəbə getməzdən əvvəl artıq məndə elmə maraq oyanmışdı. Öncə coğrafiyaya meyl etsəm də artıq 7-ci sinifdə (həmin vaxt Gəncə Türk Liseyinə qəbul olunmuşdum) marağım coğrafiya və riyaziyyatdan fizikaya doğru istiqamətləndi. Məktəbdə olimpiadalarla bağlı seminara qatılandan sonra qərar verdim ki, artıq fizika olimpiadalarında iştirak edəcəm. Elə belə də oldu”.
“9-cu sinifdə qızıl medala layiq görüldüm”
Koreyada təhsil alan azərbaycanlı tələbə deyir ki, sonrakı mərhələlərdə olimpiadalarda aktiv iştirak edib:
“Öncə liseylərarası, sonra 9-cu sinifdən başlayaraq respublika və beynəlxalq fizika olimpiadalarında iştirak etdim və bir neçə nailiyyət əldə etdim. 9-cu sinifdə respublika fizika olimpiadasında qızıl medala layiq görüldüm. 2015-ci ildə Beynəlxalq Fizika Olimpiadası və Beynəlxalq Jautikov Olimpiadasında iştirak etdim. 10-cu sinifdə olimpiadalara davam etdim. Artıq respublika yox, daha böyük hədəflərə nail olmağın vaxti idi. Birinci dəfə 2016-cı ildə Beynəlxalq Jautikov Olimpiadasında gümüş medal aldım. Ardınca elə həmin ilin yayında keçirilən Beynəlxalq Fizika Olimpiadası üzrə bürünc medal qazandım”.
“KAIST-a qəbul olmağımın səbəbi...”
Olimpiadalarda birinci olan Fərhad təhsilini xaricdə davam etdirmək fikrinə düşdüyünü deyir:
“11-ci sinifdə oxumağıma baxmayaraq, xarici universitetlərə qəbul olunmaq üçün hazırlaşırdım, olimpiadalara davam etdim. 2017-ci ildə Beynəlxalq Jautikov Olimpiadası üzrə gümüş və Beynəlxalq Fizika Olimpiadası üzrə bürünc medallara layiq görüldüm. Bunlarla bərabər, 2016-ci ildə olimpiadalarda göstərdiyim nailiyyətlərə görə Təhsil Nazirliyi tərəfindən sertifikata layiq görüldüm. Hazırda Cənubi Koreyanın KAIST Universitetində oxuyuram. Universitetə, xüsusilə KAIST-a qəbul olunmağımın səbəbi əminliklə deyə bilərəm ki, olimpiadalar olub. Mənə etdikləri köməyə görə fizika müəllimim Rəşadət Qədiməliyevə və riyaziyyat müəllimim Elvin Məmmədova həmişə borclu olacam. Bundan sonra marağım olan fizika və fəlsəfə ilə karyerama davam etmək istəyirəm”.
“Bu cür nüansları çox bəyənirəm”
Azərbaycanlı tələbə deyir ki, Koreyada o qədər də darıxmır:
“2017-ci ilin sentyabrında Koreyadakı universitetdə dərslərə başlayanda ilk vaxtlarda çətin idi. Sonra isə vəziyyət dəyişdi. Dərslərə o dərəcədə bağlanmışam ki, heç nə yadıma düşmür. Dərslər insanı darıxmağa qoymur. Tələbə olaraq vaxtımızı səmərəli keçiririk. Boş işlərə vaxt qalmır. Koreyada təhsil almaq çox çətindir. Birinci kurs olaraq imtahanlarımı da çox yaxşı vermişəm. Universitetdə ingiliscə təhsil alıram. Koreya dilini öyrənməyə cəhd edirəm. Koreyada təhsil almağı ona görə seçdim ki, orada texniki fənlər çox güclü tədris olunur. Bizim universitetdə müxtəlif ölkələrin nümayəndələri təhsil alır. Əən çoxu da keçmiş Sovet imperiyasına daxil olan ölkələrdəndir.
Koreya mətbəxi bir azərbaycanlı tələbə üçün əlverişli deyil. Onlar daha çox dəniz məhsulları ilə qidalanırlar. Heç də Koreyada istədiyin yeməyi tapmaq asan deyil. Birtəhər nə iləsə qidalanmağa çalışırıq. Koreyada nizam-intizama ciddi fikir verilir. Kimsə yol gedərkən ağzından saqqızı çıxarıb yerə atmır. Bu cür nüansları çox bəyənirəm”.