Xəzər Universitetindən “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsə (AzAK) edilən müraciət əsasında, İnşaat materialları elmi tədqiqat və sınaq laboratoriyasının ISO/IEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətlərinə dair ümumi tələblər” beynəlxalq standartının tələblərinə uyğun akkreditasiya olunması prosesi uğurla yekunlaşıb. Qeyd etmək lazımdır ki, Azərbaycan Akkreditasiya Mərkəzi 2012-ci ildən Beynəlxalq Laboratoriyaların Akkreditasiyası Əməkdaşlığı Təşkilatının (ILAC) müxbir üzvü, 2018-ci ildən isə assosiativ üzvüdür. ILAC müqaviləsi müxtəlif ölkələrin laboratoriyalarında əldə edilmiş sınaq nəticələrinin beynəlxalq səviyyədə tanınmasını təmin edərək, qlobal əməkdaşlığın inkişafına dəstək verir.
AzAK tərəfindən yaradılmış qiymətləndirmə komissiyasının apardığı təhlillər nəticəsində laboratoriyanın “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa və ISO/IEC 17025:2020 beynəlxalq standartının tələblərinə tam uyğun olduğu müəyyən edilib. Bununla əlaqədar olaraq, Xəzər Universitetinin İnşaat materialları elmi tədqiqat və sınaq laboratoriyası müvafiq istiqamətlər üzrə akkreditasiya olunub. Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatı, laboratoriyanın akkreditasiya sahəsi və əsasnaməsini AzAK-ın direktoru Emil Zeynalov laboratoriyanın müdiri Dr. Rasim Bayramlıya təqdim edib.
Xüsusi qeyd etmək lazımdır ki, İnşaat materialları elmi tədqiqat və sınaq laboratoriyası Xəzər Universitetində bu növ akkreditasiyadan keçən ilk laboratoriyadır.
Oxunub: 31