dini radikalizm və ekstremizmlə mübarizə

"Xəzinə" ədəbi məclisində yeni almanaxın təqdimatı keçirildi


Biləsuvarda fəaliyyət göstərən "Xəzinə" ədəbi məclisinin növbəti toplantısı keçirilib. Görüşdə məclisin adını daşıyan və bu günlərdə "Elm və Təhsil" nəşriyyatında çapdan çıxmış "Xəzinə" poeziya almanaxı oxuculara təqdim olunub.
Toplantını giriş sözü ilə açan ədəbi məclisin rəhbəri, şair Əli Aşıq almanaxın ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirib. O, məclisə yeni qoşulan qələm adamlarını iştirakçılara təqdim edərək vurğulayıb ki, gələcəkdə "Xəzinə"nin sıraları daha çox gənc yazarların hesabına genişlənəcək. Ədəbi mühitin inkişafı, yeni istedadların üzə çıxarılması və söz sənətinin yaşadılması istiqamətində qarşıda duran vəzifələr barədə fikirlər səsləndirilib.
Müzakirələr zamanı almanaxın məzmunu, ədəbi dəyəri və bölgənin söz adamlarının yaradıcılığının təbliğində rolu ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, belə nəşrlər Biləsuvarın zəngin ədəbi ənənələrinin gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verir.
Toplantıda rayonun ədəbi mühitinin formalaşmasında mühüm xidmətləri olmuş, artıq aramızda olmayan söz ustaları ehtiramla yad edilib. İştirakçılar onların həyat və yaradıcılığına həsr olunmuş ayrıca almanaxın hazırlanmasının məqsədəuyğun olacağını qeyd edərək bu təşəbbüsün həyata keçirilməsini tövsiyə ediblər.
Məclis üzvləri Mirnəsihət Mürsəlli, Rüstəm Əliyev, Mətanət Poladlı, Şamama Mürsəlova, Zamiq Canfəda, Səbinə Xosuyeva, Nigar Kamil, Seyid Malik, Coşqun Ağayev, Sərvət Rəhimov və Samir Qurbanov çıxış edərək ədəbi məclislərin milli-mənəvi dəyərlərin qorunması, poeziyanın inkişafı və gənclərdə mütaliə marağının artırılması baxımından xüsusi əhəmiyyət daşıdığını bildiriblər.
Görüşdə son aylarda müxtəlif yaradıcılıq uğurlarına imza atan şairlərin nailiyyətləri də diqqətə çatdırılıb. Qeyd olunub ki, məclisin üzvü Səbinə Xosuyeva Prezident təqaüdünə layiq görülüb, Mətanət Poladlının isə "Söz körpüsü" adlı yeni kitabı işıq üzü görüb. Bu uğurlar iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda şairlər öz yeni şeirlərini səsləndiriblər. Poeziya nümunələrinin dinlənilməsi və ətrafında aparılan fikir mübadiləsi görüşə xüsusi rəng qatıb. Səmimi və yaradıcı mühitdə keçən toplantı iştirakçılarda xoş təəssürat yaradıb və "Xəzinə" ədəbi məclisinin Biləsuvarın ədəbi həyatında mühüm rol oynamaqda davam etdiyini bir daha nümayiş etdirib.

Samir Qurbanov









Oxunub: 91
Oxşar xəbərlər
SON XƏBƏRLƏR