Dünyasını vaxtsız dəyişən, Sehran qardaşımın əziz xatirəsinə.
Daha dərdim nə yüz deyil, nə mindi,
Ağla ürək, ağlamalı dəmindi.
Didib parçalayır qəlbimi indi,
Oxşama, bayatı, bu ağı, qardaş!
Ömrün vaxtsız solub getdi gül kimi,
Çox bel gördüm, bu qırılmış bel kimi.
Dayanmadan, hey axdıqca sel kimi,
Qurumur gözümün bulağı, qardaş!
Üstünə nə gözəl ağı çəkmisən,
Qəbrinə bir güllü bağı çəkmisən.
Qəlbimə elə bir dağı çəkmisən,
Mən çəkə bilmirəm bu dağı, qardaş!
Bu həsrət könlümə sonsuz dərd ələr,
Yanar ürəyimi ox kimi dələr.
Yelləyir başını qara pərdələr,
Sönübdür bir evin çırağı, qardaş!
Nə deyim, qisməti yazan Allaha?
Dağ dözməz, Təmkinin çəkdiyi aha.
Mən sözün bitdiyi yerdəyəm daha,
Titrəyir əlimin varağı, qardaş!
Mais Təmkin
Oxunub: 51