dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir Dövlət Universitetinin əməkdaşları Türkiyənin Orta Doğu Texniki Universitetində (ODTÜ) işgüzar səfərdə olub.


2025-ci il 17 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat kafedrasının müdiri, dosent Nüşabə Qədimli və İnformasiya texnologiyaları kafedrasının müdiri Aida Mustafayeva Türkiyənin Orta Doğu Texniki Universitetində (ODTÜ) işgüzar səfərdə olub.
Görüşdə ODTÜ-dən Rektorun müşavirləri Prof. Dr. Ender Ciğeroğlu və Prof. Dr. Ömer Delialioğlu və Beynəlxalq Əməkdaşlıq Ofisinin koordinatoru Dr. Burcu Akpınar da iştirak etdilər.
Görüşün əsas məqsədi — MDU və ODTÜ professor-müəllim heyəti arasında elm, təhsil, tədqiqat və innovasiya sahələrində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi idi.
Tərəflər arasında, universitetlər arasında ortaq elmi layihələrin həyata keçirilməsi, akademik mübadilə proqramlarının inkişafı, birgə tədqiqatların və təlim fəaliyyətlərinin təşkili istiqamətində fikir mübadiləsi aparıldı.
İşgüzar səfərin davamı olaraq ODTÜ Texnokentdə görüşlər keçirildi. Texnokentin direktorluğundani Buse və Kök Hazerin iştirakı ilə Texnokentin elmi-tədqiqat, innovasiya və startap ekosistemi barədə geniş məlumat verildi.
Texnokentin fəaliyyətinin əsasında universitet–sənaye əməkdaşlığı dayanır. Burada fəaliyyət göstərən spinoff şirkətlər elmi tədqiqat nəticələrini kommersiyalaşdırmaqla iqtisadi dəyər yaratmağa çalışırlar.
İdil Buse Kök Hazer Texnokentdə yaradılmış innovasiya mühiti, startap layihələrinin inkubasiyası, texnologiya transferi və sahibkarlıq təlimləri haqqında ətraflı məlumat vermiş, Texnokentin Türkiyənin aparıcı innovasiya mərkəzlərindən biri kimi elmi ideyaları praktik tətbiqlərə çevirməkdə oynadığı mühüm rolu vurğulamışdır.
Səfər çərçivəsində ODTÜ Tasarım Fabrikasına da baş çəkmiş və Fabrikanın direktoru Prof. Dr. Arzu Gönenç Sorguç və direktor müavini Prof. Dr. Serkan Alkan ilə məhsuldar görüş keçirmişdir. Görüşdə “Tasarım Fabrikası”nın mühəndislik, sənaye dizaynı, memarlıq və texnoloji yaradıcılıq sahələrində fəaliyyət istiqamətləri təqdim edilmişdir. Burada tələbələr real layihələr üzərində çalışaraq həm texniki biliklərini, həm də innovativ düşünmə bacarıqlarını inkişaf etdirir. Həmçinin süni intellekt və robototexnika sahəsində tətbiqi layihələrin hazırlanması prosesi ilə də tanışlıq oldu.
Mühəndislik istiqamətində:
MDU-da “İnnovasiya və Dizayn Fabrikası” modelinin tətbiqi — tələbə, tədqiqatçı və sənaye nümayəndələrini bir araya gətirən yaradıcı mühitin formalaşdırılması;
Süni intellekt, kibertəhlükəsizlik, robototexnika və enerji mühəndisliyi sahələrində ODTÜ laboratoriyaları ilə birgə layihələrin hazırlanması;
ODTÜ Tasarım Fabrikası ilə birgə təlim proqramları, yay məktəbləri və qısamüddətli tədqiqat layihələrinin təşkili;
Prototipləşdirmə və texnoloji dizayn kurslarının MDU tədris proqramına inteqrasiyası.
İqtisadiyyat istiqamətində:
Texnoloji layihələrin kommersiyalaşdırılması, innovasiya menecmenti və startap idarəçiliyi sahəsində birgə seminar və sertifikat proqramlarının təşkili;
MDU tələbələri üçün ODTÜ Texnokentdə praktika və təcrübə proqramlarının yaradılması;
Spinoff və startap mərkəzlərinin qurulması üçün ODTÜ Texnoloji Transfer Ofisinin (TTO) təcrübəsindən istifadə.
Bu səfər MDU üçün həm elmi, həm də institusional baxımdan strateji əhəmiyyət daşıyır.
ODTÜ Texnokent və Tasarım Fabrikasında müşahidə edilən universitet–sənaye əməkdaşlığı, multidissiplinar yaradıcılıq yanaşması və elmi nəticələrin iqtisadi dəyərə çevrilməsi modeli MDU-nun gələcək inkişaf konsepsiyası ilə tam uzlaşır.
Əməkdaşlıq istiqamətləri:
Ortaq laboratoriya və innovasiya mərkəzlərinin qurulması;
• Birgə magistr və doktorantura proqramları
Universitet–sənaye innovasiya klasterinin formalaşdırılması;
• Texnoloji ideyaların kommersiyalaşdırılması üçün spinoff ekosistemi;
• Erasmus+, Horizon Europe və digər beynəlxalq layihələrdə ortaq iştirak.
ODTÜ Texnokent və Tasarım Fabrikinə səfər Mingəçevir Dövlət Universitetinin innovativ inkişaf strategiyasına mühüm töhfə verəcək, Azərbaycan və Türkiyə universitetləri arasında yüksək texnologiya və innovasiya yönümlü təhsil əməkdaşlığının yeni nümunəsini formalaşdıracaqdır.
#MDU #ODTÜ #İnformasiyaTexnologiyaları #İqtisadiyyat #Texnokent #TasarımFabrikası #İnnovasiya #Startap #ElmVəTəhsil #AzərbaycanTürkiyəƏməkdaşlığı #MingəçevirDövlətUniversiteti




Oxunub: 96
Oxşar xəbərlər
SON XƏBƏRLƏR