dini radikalizm və ekstremizmlə mübarizə

Yubiley təbriki


Vaxt vardı dayılar istedad axtarardı...
Ələddinlə bir yaxınlığımız da dördüncü-beşinci kurslarda Muxtarla kirayədə qaldığımız evdə onun ən əziz-xələf qonağımız olmasından yaranmışdı. O qədər mehribanlaşmışdıq ki, Ələddin günlərlə bizi tərk etmir, özünün kirayə qaldığı evdənsə bizimlə qalmağı üstün tuturdu. Üstündən 50 ildən artıq keçməsinə baxmayaraq Ələddin Əzimli yenə də bizim üçün həmən adamdır. Xarktercə sakit, özünə qapılıb xəyal aləmində süzən, beş kəlmədən birinə cavab verən adam. Kəndimizdə belələrinə dünya-aləm heç vecinə deyil kəlamını deyərlər.
İllər keçdi, bildim ki, Ələddinin iç dünyası varmış. Bu dünyada o, gerçək dünya ilə “mübarizə” aparırmış. İstəyini, arzularını gerçəkləşdirmək, cəmiyyətdə ünlü mövqedə mən də varam demək üçün. Yarım əsrdən də çox davam edən dostluğumuzda, qardaşlığımızda kəşf etdim ki, illər onun iç dünyasının saflığını, təmizliyini poza bilməyib. Necə varsa, elə də qalıb.
Təyinat yollarımızı ayırsa da sonradan axtarıb-arayıb çox şükür ki, bir-birimizi tapa bildik. Mingəçevirdə yaşayan Rahilə Mustafayevadan sonra mən də bu şəhərin sakini oldum. Tələbə yoldaşım Rahilə 10 il bundan əvvəl zəng edib mənə xoş bir xəbər çatdırdı. Sən demə ötən əsrin 70-ci illərində Ələddinin 552-ci qrupa həsr etdiyi şeir toplusunu saxladığı mühazirə dəftərinin arasından tapıb. Mənə gətirdi. Ələddinə zəng edib fikrimizi və məsləhətlərimizi çatdırdıq. Bir patoku təşkil edən 548 və 550-ci qruplarda oxuyan tələbə yoldaşlarımız barədə Ələddin könül duyğularını şeirə gətirdi. Bu poemanı “Elə yaşayaq ki, unudulmayaq” adlandırdıq. “Onda xoşbəxt idik” adlı ön sözü də mən yazdım. Çap etdirdik. Yoldaşlarımızın bu günü haqda bir-birimizə məlumat verdik. Kitablar paylandı.
Ələddinin müəllimlik fəaliyyəti XX əsrlə bərabər başa çatdı. On üç il ANS Müstəqil Media və Yayım Şirkətinin Cəlilabad müxbir məntəqəsinin rəhbəri işlədi. Gördü, yazdı, çatdırdı. Amma bu azdı, könül çırpıntıları daha üstün oldu. Üstəlik ürək dözmədi bu təlatümlü dünyanın işlərinə. Çox şükürlər olsun ki, Ələddin bu gün də bizimlədir. Yanvarın 10-da 70 yaşını bayram edəcəyik!
İlk duyğularının əsirinə çevrilən Ələddin 2004-cü ildən (“Yarımçıq yuxular” adlı ilk kitabı ilə) bədii yazılarını çap etdirərək oxucularının ixtiyarına verdi. “Dumanlı yoxuşa doğru”, “Sən”, “Əllərini ver mənə”... kitablarının sayını doqquza çatdırdı. Tələbə yoldaşlarımız−akademik Muxtar İmanov, Əməkdar elm xadimi, professor Nizaməddin Şəmsizadə, müəllim yoldaşı Hacıilham Əsgərov, filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı... onun kitabları haqda genişməzmunlu və əhatəli fikirlər söylədilər, ona uğurlar arzuladılar.
Yazımın bu məqamında Xalq şairimiz Nəriman Həsənzadənin bir xatirəsi yadıma düşür. Uzaq rayonların birindən Bakıya üz tutan gənc şair müəllimimiz olmuş rəhmətlik Mir Cəlal Paşayevlə rastlaşanda iş tapa bilmədiyini, çətinliklərlə üzləşdiyini söyləyəndə minlərlə tələbəsinin məhəbbətini qazanmış Mir Cəlal müəllim deyir:−Sən istedadlı oğlansan, sənin də dayın mən olaram...
Bu qayğını, diqqəti görməsəydi indi Nəriman Həsənzadə kimi alimimiz, Xalq şairimiz bəlkə də yetişməzdi...
Niyə xatırlatdım? Təəssüf ki, XXI əsrin “dayılar”ı deyəsən, istedadları unudublar. Onlara əl yetirmək, xeyirxahlıq etmək, sözünü demək kimi müsbət keyfiyyətləri lüğətlərindən siliblər. Həyatın bütün sahələrində olduğu kimi ədəbiyyatda da. Bəlkə də Ələddin Əzimli gileyini sakit-sakit misralara köçürüb təskinlik tapır:
Bu kənd
Mənim kəndimdir.
Bu kənd
Evimdi mənim.
Bu kənd
Gülüm-çiçəyim,
Nar ağacımdır mənim.
Bu kənd
Atam-anamdır,
Dost-tanışımdır mənim.
Gözəl deyil,
Gözüm düşə,
Götürəsən qaçasan.
Onsuz da vermərəm sənə.
Bu kənd
Mənim kəndimdir.
Bu kənd
Evimdir mənim.
Şəhərdə nə azarım.
Nə itim azıb mənim!
Dünyaya hər gün ömür ümmanından damcılayan günlər Ələddin Əzimlini, eləcə də bizləri−tələbə yoldaşlarını 70 yaşın çərçivəsinə çatdırdı. O, başını aşağı salıb müqəddəs işi ilə−yazmaqla, oğul böyütməklə, qız köçürməklə nəvə-nəticə sahibi oldu. Neçə-neçə şeiri, misrası könüllərə yol tapdı, ürəkləri oxşadı.
Biz bu dünyadan nə aparacağıq? Xoş xatirələr. Haqqımızdasa nəsə danışacaqlar. Danışanların dünya baxışı mühüm olacaq. Ələddinsə heç vaxt köhnəlməyəcək, itməyəcək sözlərin çələngindən hördüyü poeziyası qalacaq, xatırlanacaq. Nizaməddin Şəmsizadə demişkən: “Sözlə millətə xidmətdən savayı əlimizdən heç nə gəlmir. SÖZ isə ən qiymətli, milli sərvətimizdir. Türk sözü türkün özü kimi məğlubedilməzdir”.
Əziz qardaşım, gənclik illərimin sirdaşı. Yubileyin mübarək! 70 yaşın zirvəsindən sən daha uca, daha məğrur görünürsən! Yolun açıq, qəlbin nurlu, sözün bərəkətli olsun!

Yusif Ələkbərov,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” mükafatı laueratı.
09.01.2025

Oxunub: 38
Oxşar xəbərlər
SON XƏBƏRLƏR