dini radikalizm və ekstremizmlə mübarizə

NOSTALJİ HİSSLƏR, KÖHNƏ XATİRƏLƏR, KEÇMİŞ GÜNLƏR......


Deyirəm ki, bu 2006, 2007, 2008, 2009-cu illər nə gözəl illər idi. Nə var idisə, elə bu illərdə var idi. Yaşamayan heç bilməz. Bu illərdə bir saflıq, mehribanlıq, qayğıkeşlik, mərdlik var idi. Olduqca maraqlı illər idi.

Bu illərdə hamımız "Ericson" markalı sadə telefon işlədərdik. Elsevər Göyçaylının "Dəstəyi qoyma yerə!", mərhum Səməd Səmədovun "Nazlı yarım", Abbas Bağırovun "Ay Ana, dostum evlənir!", Mənzurə Musayevanın "Yarım gözləyir məni" mahnıları, Namiq Qaraçuxurlunun "Rəvayət", rəhmətlik Şəfa Hüseynovanın "Geri dön", Aqil Məmmədovun "Sarı çiçəyim", Xəqan Pekərin "Bir əfsanə idi", Mustafa Sandalın "Onun arabası var", Rafet El Romanın, Vasif Məhərrəmlinin "Bakılı qız", Əlikram Bayramovun "Əsrin gözəli", İsmayıl YK-nın "90-60-90" və "Allah sənin bəlanı versin!" klipləri tamamilə başqa bir aləm idi. "Bu şəhərdə" və "Planet Parni iz Baku"-nun konsertlərini səbrsizlik ilə gözləyər və sevə-sevə izləyərdik.

Yadıma gəlir, 17 il əvvəl hamı balaca, sadə telefon işlədərdi, hətta təzə bir adət idi: hər kəs belindəki qayışa qutu boyda balaca bir telefon qabı taxardı, həmin sadə telefonları da o dəri qabın içərisinə qoyardı. Mən də elə edərdim.

"Can su" adlı adi su satılardı, qiyməti 10 qəpik idi. O vaxtı "Məmməd", "Nizami", "Şirvan" kimi maraqlı pul vahidləri dövriyyədə idi, daha qəpik, manat yox idi. Məsələn, 17 il əvvəl bir məmmədə az da olsa belə, buna baxmayaraq, çox şey almaq olardı. Camaat on şirvana bir aylıq bazarlıq edirdi.

O vaxtı şəkil çəkən telefon yox idi, şəkil çəkmək üçün fotoaparatdan istifadə olunardı. İndiki kimi çəkilən şəkillər tez hazırlanıb verilməzdi. Fotoqrafın çəkdiyi şəkilləri nə vaxt hazırlayıb verəcəyini intizar ilə gözləyərdik. O vaxtı fotoqraf çəkdiyi şəklin özünü yox, ağ-qara lentini verərdi, biz də gedib şəkilləri həmin lentdən çıxartdırardıq.

Milli və yaxud qızğın mahnılara telefonda qulaq asmazdıq. Kim istəyirdisə kasetdə dinləyər, kim istəyərdisə aparıb sadə telefonlarına həmin mahnıları yazdırardı.

Bulvarda, yaxud şəhər içərisində klonlar, müxtəlif heyvanların paltarlarını geyinmiş oyunbazlar olardı. Onlar böyük təbəssüm və mehribanlıq ilə kiçik uşaqlar ilə əl görüşər, şəkil çəkdirərdilər.

O dövrdə DVD, disk yox idi. Əksinə, video, kaset var idi. İri, ortası nazik, lakin dördkünc maqnitofonlar var idi. Kaset qoyub dinləyərdik. Sürücülər balaca, dördkünc kasetləri maşınların balaca maqnitofonuna yerləşdirib mahnıya qulaq asardılar. "Aşiqlər", "Karvan" kimi məşhur musiqi qrupları var idi.

İnsanlar, qonşular, qohumlar çox mehriban idilər, hər kəs bir-birinin evinə gedib-gələrdi. Bir sözlə, evlərdən qonaqlarımız əskik olmazdı. Dərd, qəm, fikir yox idi.

Oğlan qızı, qız da oğlanı həqiqətən sevərdi. Oğlan ilə qızın arasında həqiqi bir məhəbbət və eşq var idi. "Leyli və Məcnun" onların yanında qələt edərdi. O vaxtı bir qız ilə tanış olmaq üçün nə qədər mənəvi əziyyət çəkirdin. O qız ilə tanış olmaq üçün min cür fədakarlıq edirdin. Ta ki, o qız sənə inanana qədər.

O dövrdə Orta məktəb şagirdlərinə, Ali məktəb tələbələrinə çox böyük bir heyrət ilə tamaşa edərdik. Orta məktəbin 8-9 və 10-11-ci sinfində oxuyan şagirdlərə 28-30 yaş verirdik. Ali məktəb tələbələri isə çox böyük görsənirdilər, onlara isə 40-45 yaş verirdik. Çünki, o vaxtı həm qızlar və həm də ki, oğlanlar çox hündür və görkəmli idilər.

O dövrdə gic-gic sosial şəbəkələr ümumiyyətlə yox idi. Abır-həya, mərifət, mədəniyyət, namus, qeyrət var idi.

Yolboyu müxtəlif meyvələrdən içki hazırlanıb satılardı. Kim bir az susayardısa, 10 qəpik verərdi, şirəyə su qatıb verərdilər. Susayan da içib ürəyini sərinlədərdi.

Parklarda kiçik konsertlər təşkil edilərdi, məşhur xalq müğənniləri də orada ifa edər və istirahət edən camaat onların başına yığılardı. Yadıma gəlir, rəhmətlik Məmmədbağır Bağırzadə AMEA-nın bağında konsert verirdi, mən də uşaq ikən, orada idim.

"Xırdalan pivəsi" çox məşhur idi. Balaca uşaqlar onun şüşələrini yığar, 10 qəpikdən satıb alıcıdan pul alardılar.

Baxın, belə-belə gözəl günlərimiz var idi.....

Ümumiyyətlə, 2009-cu ildən sonra, sanki, hər şey dəyişildi. Əvvəlki gözəl günlərə "Əlvida!" dedik.

Amma mən yenə də 17 il əvvəlki abu-hava ilə yaşayıram, o dövrdə necə idimsə, indi də eləyəm.

Ərtoğrul Mehdizadə

Oxunub: 313
Oxşar xəbərlər
SON XƏBƏRLƏR