dini radikalizm və ekstremizmlə mübarizə

"Dövlət İmtahan Mərkəzi" ləğv edilməli və bütün Ali məktəblərə ayrı-ayrılıqda müstəqil tələbə qəbulu həyata keçirmək hüququ verilməlidir!


"Dövlət İmtahan Mərkəzi" ləğv edilməli və bütün Ali məktəblərə ayrı-ayrılıqda müstəqil tələbə qəbulu həyata keçirmək hüququ verilməlidir!

Hamımız çox gözəl bilirik ki, 1992-ci ildə ərsəyə gətirilən: əvvəlki adı "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası", indiki adı isə "Dövlət İmtahan Mərkəzi" olan bu qurum son 30 il ərzində Ali məktəblərə tələbə qəbulunu həyata keçirən bir funksiyanı icra edir. Bir sözlə, Azərbaycanda nə qədər dövlət və özəl xarakterli Universitetlər vardırsa, hamısını öz əlində cəmləşdirərək vahid sistem halında idarə edir.

Lakin çox təəssüflər ki, Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi funksiyaların içərisində tələbələrin önünü kəsən və arzusunu gözündə qoyan bəzi nüanslar da vardır ki, bunlardan biri də ümumi ixtisas seçimidir.

Məsələn, 1992-ci ildən əvvəlki əyyama baxsaq, görərik ki, tələbə adını qazanmaq istəyən gənclər qəbul olmaq istədikləri hər hansısa bir Universitetə gedər və oxumaq istədikləri fakültəyə sənədlərini verərək sırf həmin Universitetin şəxsən qəbul imtahanı təşkil edəcəyi günü gözləyərdilər. Yəni ki, bütün Universitetlər özlüklərində qəbul imtahanı elan edərdilər, o dövrdə isə bu günümüzdəki kimi vahid sistem yox idi. Kim hansı Universiteti, hansı fakültəni seçmişdisə də, məhz orada imtahan verərdi: ya qəbul olardı, ya da ki, qəbul olmazdı. Bir sözlə, daha istəmədiyi yerə düşməzdi. Gülməli də çıxsa, amma deyə bilərik ki, bu, lap bir oğlanın səmimi qəlbdən sevmədiyi və məcburən evləndirildiyi qızın məsəlinə bənzəyir.

Elə indi də bu cür xoşagəlməz bir hal var. Məsələn, hər hansısa bir abituriyentin balı çatdığı və özünün istədiyi fakültəyə düşmək şansı olduğu bir halda DİM ona məcburən 10-15 ixtisas seçməyi təklif edir. Zavallı abituriyent də ona lazım olmayan on beşə qədər ixtisası seçir, ancaq nə yazıq ki, kiçik bir səhv ucbatından istədiyi ixtisasa deyil də, tamamilə başqa, onun özünə yad və maraqsız olan bir ixtisasa düşür. Tutaq ki, filankəs Tarix fakültəsinə qəbul olmaq istəyirdi, lakin lazımsız və gərəksiz bir tətbiqat ucbatından Filologiya fakültəsinə və ya da ki, Coğrafiya fakültəsinə düşür. Halbuki, öz istədiyi yerə qəbul olmaq imkanı var idi. Bu da ki, heç də bəyənilən və arzuolunan bir hal deyil.

Ən yaxşı və uğurlu addım o olardı ki, Dövlət İmtahan Mərkəzi ləğv edilsin və bütün Ali məktəblərə ayrı-ayrılıqda müstəqil tələbə qəbulunu həyata keçirmək imkanı verilsin. Ali məktəblər özləri özlərində imtahan təşkil edərək tələbə qəbul etsinlər. Belə olarsa, təhsildə və elmdə olduqca çox böyük irəliləyişlər olar, uğurlar əldə edilər. Qoy, kim hansı Universitetə qəbul olmaq və hansı fakültədə oxumaq istəyirsə, elə orada da imtahan versin.

Bu barədə ciddi bir addım atılsa, abituriyentlər də sevinmiş olarlar.

Ərtoğrul Mehdizadə

Oxunub: 394
Oxşar xəbərlər
SON XƏBƏRLƏR