dini radikalizm və ekstremizmlə mübarizə

"Məmur özbaşınalığına qarşı daha sərt qanunlar tətbiq edilməlidir" - Tural Abbaslı

"Məmur özbaşınalığına qarşı daha sərt qanunlar tətbiq edilməlidir" - Tural Abbaslı

Azərbaycanda əksər məmurların və vəzifəli şəxslərin vətəndaşlara qarşı kobud rəftarı hər zaman ən aktual məsələlərdən biri olub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bu məsələyə toxunaraq, məmurlara müxtəlif xəbərdarlıqlar edib, xalqa sədaqətlə xidmət etməyi onların qarşısında bir nömrəli vəzifə kimi qoyub. Lakin təəssüf ki, bir çox məmurlar hələ də öz vəzifə səlahiyyətlərini aşmaqda davam edir. Elə ötən gün sosial mediada yüksək vəzifəli bir şəxsin avtomobil yolunun tən ortasında motosiklet sürücüsünə qarşı təzyiqi də məmur adına ən pis nümunə kimi dəyərləndirilə bilər.

Djb.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı təəssüflə qeyd edib ki, Azərbaycanda sovet dövründən “ənənə”yə çevrilən məmur özbaşınalığı hələ də davam edir:

“Hələ sovet dövründə yüksək çinli məmurlar sadə vətəndaşlara qarşı istədiyi kobudluğu edirdi. Belə bir fikir formalaşıb ki, əgər məmursansa, deməli, qanunlardan üstünsən, məhkəmə, hüquq-mühafizə orqanları səni həbs edə bilməz. Siyasi anlamda məmurlar özlərinin toxunulmaz olduğunu düşünür. Həmin təfəkkür indi də davam edir. Məmur özbaşınalığını aradan qaldırmağın ən yaxşı yolu ilk növbədə məmur toxunulmazlığı anlayışını aradan qaldırmaqdır. Kobud xarakterli, harınlamış, qanundan çıxan məmurlar vəzifədən uzaqlaşdırılmalı, barələrində cinayət işi açılmalıdır. Əgər biz bunu edə bilsək, bütün məmurlar başa düşəcək ki, onlar da adi vətəndaşdır və məhkəmə qarşısında mühakimə oluna, əməllərinə görə cavab verə bilərlər. O zaman onlar işini itirməmək üçün hər kəsdən daha diqqətli və həssas olacaqlar. Bunun başqa yolu yoxdur. Düzdür, hazırda belə özbaşınalıqlar azalan istiqamətdə davam edir, lakin belə harınlamış məmurlar vaxtilə o qədər çox olub ki, azalma tempi o qədər də nəzərə çarpmır. Əsasən də belə hallar sosial mediada ictimailəşdirildikdən sonra kimsə müvafiq qaydada cəzalandırılır. Bu baxımdan da son dövrlər vəzifəli şəxslər bir qədər diqqətli davranırlar”.

T.Abbaslı vəzifəli şəxslərlə bağlı qanunların daha da sərtləşdirilməsinin vacibliyini də xüsusi olaraq vurğulayıb: “Vəzifəli şəxslərlə bağlı qanunvericiliyə bəzi düzəlişlər edilə, qanunlar daha da sərtləşdirilə bilər. Çünki səlahiyyəti olan insanın məsuliyyəti adi adamdan üstün olmalıdır. Məmur özbaşınalığına cəmiyyətdə də sərt reaskiya verilərsə, effektiv nəticə alınar. Harada işləməsindən asılı olmayaraq özbaşınalıq edən məmuru müdafiə etmək olmaz. Bu, yolverilməz haldır və bu məsələdə ictimai rəy çox önəmlidir. Xırda özbaşınalıq etsə belə, həmin şəxs tutduğu vəzifədən azad edilməlidir. Belə məsələnin üzərindən ötüb-keçmək olmaz”.

Oxunub: 481
Oxşar xəbərlər
SON XƏBƏRLƏR