dini radikalizm və ekstremizmlə mübarizə

ÖLKƏMİZ "AZƏRBAYCAN RESPUBLİKASI" YOX, "AZƏRBAYCAN CÜMHURİYYƏTİ" ADLANDIRILMALIDIR!


Azərbaycanımız müstəqil bir ölkədir. Bu ölkənin adı yad-yabancı, xarici ifadələr ilə tanınmamalıdır. Məsələn, "Respublika" sözü latın sözüdür və bu ifadədən yalnız Avropa dövlətləri istifadə edirlər. 1918-ci ilin may ayının 28-də beynəlxalq siyasi arenada və dünya ictimaiyyətinin nəzərlərində Azərbaycan ilk dəfə müstəqil bir dövlət kimi rəsmən "Azərbaycan Xalq Cümhuriyyəti" adı ilə tanınmışdır. Ancaq bu günləri biz bu ənənəni qoruya bilməmişik. "Respublika" bizim söz deyildir, ona görə də, o ad ləğv olunaraq "Cümhuriyyət" ifadəsi ilə əvəz edilməli və bundan sonra vətənimiz dünyada "Azərbaycan Cümhuriyyəti" kimi tanınmalıdır. Bu qeyri-türk sözlərindən əl çəkməliyik! Avropadan bizə heç bir xeyir gəlməmişdir ki, onların ifadələrindən də bir xeyir gəlsin. Biz çalışmalıyıq ki, nə qazansaq da belə, yalnız özümüzün olsun, daha başqasından nə isə əxz etməyək. Bu, Azərbaycan türklərinə, Dədə Qorqud övladlarına yaraşmaz. Vaxtı ilə dünya bizdən mədəniyyət, məişət əxlaqı: isti hamamda çimməyi, yeməkdən öncə əlləri təmiz-təmiz yumağı öyrənirdi. Lakin çox təəssüflər olsun ki, dünyaya mədəniyyət bəxş edən Azərbaycan xalqı bu günləri dünyanın eybəcər ölkələrindən ən çirkin şeyləri mənimsəyir. Bu isə, mərhum Cəlil Məmmədquluzadənin təbirincə desək, "Göz yaşı içərisində gülüş"-dür. "Avropalaşmaq!" və "Müasirləşmək" deyə-deyə özümüzü əxlaqdan uzaq salmayaq və bir daha geri dönə bilməyəcəyimiz bir uçurumun ağzına yuvarlanmayaq. Nəyimiz vardırsa, qoy, elə özümüzün olsun. Əcdadlarımızın çox gözəl bir məsəli vardır: "Özgə atına minən tez düşər". Azərbaycan öz dəyərli, igid oğullarının şanlı keçmişinə, parlaq tarixə, qiymətli milli-mənəvi dəyərlərə sahib bir ölkədir. Ona görə də, bu, özünü onun adında da büruzə verməlidir. Ümid edirik ki, dövlətimiz buna da diqqət yetirər və vətənimizin adı ilk dəfə necə idisə, bundan sonra elə adlandırılar, inşallah!

Ərtoğrul Aypar

Oxunub: 722
Oxşar xəbərlər
SON XƏBƏRLƏR