Dekabrın 18-də Nevroloqların Milli Assosiasiyasının təşkilatçılığı ilə Nevrologiya həftəsinin rəsmi açılış mərasimi keçirilib.
APA xəbər verir ki, tədbirdə çıxış edən Nevroloqların Milli Assosiasiyasının prezidenti Rəna Şirəliyeva konfransın işinə uğurlar arzu edib. O, Nevrologiya həftəsi ərzində keçirilən tədbirlərdən danışıb. Sonra nevrologiya sahəsində xidmətləri olmuş şəxslər barədə məlumat verib.
Daha sonra video-çarx nümayiş olunub.
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli tədbirlə əlaqədar hamını təbrik edib. O bildirib ki, Azərbaycanda tibb elminə və təhsilə göstərilən diqqət və qayğının nəticəsində hər ay böyük elmi konfranslar və tədbirlər keçirilməkdədir: "Bu tədbirlər nəticəsində məşhur alimlər, təcrübəli ekspertlər Azərbaycana gəlirlər. Onlar cavan həkimlər, tələbələrlə təcrübələrini bölüşür, fikir mübadiləsi üçün çox gözəl imkanlar yaradılır".
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov isə qeyd edib ki, nevrologiya həftəsi Azərbaycanda bu sahədə çalışanları birləşdirir. Onun sözlərinə görə, bu gün dünya elmi multidisiplinar xarakter daşıyır: "Bu gün nevroloqlarla yanaşı digər ixtisasdan olan həkimlər də konfransda iştirak edirlər. Nevroloqların Milli Assosiyasiyası kadr hazırlığına böyük təkan verir".
Tədbir musiqili proqramla davam etdirilib.
Qeyd edək ki, Nevrologiya həftəsi çərçivəsində Avstriya, Danimarka, Finlandiya, Gürcüstan, Almaniya, İsrail, Qazaxıstan, Rusiya, Tacikistan, Türkiyə, Böyük Britaniya, Ukrayna, Özbəkistan, Qırğızıstandan nümayəndələr dekabrın 18-dən 20-dək keçirilən tədbirlərdə iştirak edəcəklər.
Oxunub: 494