dini radikalizm və ekstremizmlə mübarizə

Zəhməti və halal əməyilə yaddaşlarda yaşayan balıqçı—Xudasət Nəcəfov


Xudasət Heybət oğlu Nəcəfov 1 iyun 1943-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. O, zəhmətə bağlılığı, halal qazanc uğrunda mübarizəsi və peşəsinə olan sevgisi ilə seçilən, ömrünü əmək fəaliyyətinə həsr etmiş insanlardan biri idi.

Ata və qardaşlarının çətinliklərə baxmayaraq, halal zəhmətlə ruzi qazanmaq əzmi Xudasət Nəcəfovun həyat yoluna da təsir etmişdi. O, gənc yaşlarından balıqçılığın çətin və məsuliyyətli bir peşə olduğunu dərk etsə də, bu sahənin sirlərini öyrənməyi və özünə şərəfli əmək yolu seçməyi qarşısına məqsəd qoymuşdu. Qorxmazlığı, əzmkarlığı və zəhmətkeşliyi ilə seçilən Xudasət qardaşları ilə birlikdə çalışaraq dövlət tapşırıqlarının yerinə yetirilməsində yaxından iştirak etmiş, üzərinə düşən vəzifələri layiqincə icra etmək üçün bütün gücünü və bacarığını səfərbər etmişdir.

Onun uzun illər ərzində göstərdiyi fədakar əmək dövlət tərəfindən də yüksək qiymətləndirilmiş, Xudasət Nəcəfov müxtəlif medallar və fəxri fərmanlarla təltif olunmuşdur. Bu təltiflər onun əməyinə verilən dəyərin, peşəsinə sədaqətinin və zəhmət yolunda göstərdiyi xidmətlərin bariz nümunəsi idi. Çünki zəhmətin olduğu yerdə ona verilən qiymət də insanın daha böyük həvəslə, məsuliyyətlə çalışmağına stimul yaradır.

Xudasət Nəcəfov müsbət insani keyfiyyətləri, zəhmətkeşliyi, peşəsinə bağlılığı və ağsaqqal nüfuzu ilə Lənkəranın tanınmış balıqçılarından biri kimi yaddaşlarda yaşayır. O, yalnız əmək fəaliyyəti ilə deyil, həm də həyat yolu, zəhmətə verdiyi dəyər və özündən sonra qoyduğu mənəvi izlə xatırlanan insanlardan idi.

Bu gün belə insanlardan keçmiş zamanda söz açmaq insana kədər verir. Lakin onların həyatını yaşadan övladları, nəvələri, nəticələri, xatirələri və xeyirxah əməlləridir. Zəhmət adamlarının ömür yolu unudulmur, onların adları yaddaşlarda, ailələrin və doğma elin xatirəsində yaşayır.

Xudasət Nəcəfov 27 sentyabr 2023-cü ildə vəfat etmişdir. Onun zəhmətlə keçən ömür yolu, halal əməyə bağlılığı və xatirəsi daim ehtiramla yad ediləcəkdir.

Səadət Abdullayeva
Lənkəran Tarix-diyarşünaslıq muzeyinin elmi işçisi

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR