Hənifə Nəcəfov 1937-ci il fevralın 14-də Lənkəran şəhərində, məşhur balıqçı Məşədi Heybət Nəcəfovun ailəsində anadan olmuşdur. Atası Məşədi Heybət Nəcəfov sovet hakimiyyəti illərində Lənkəranın tanınmış balıqçılarından biri kimi ad qazanmış, öz zəhməti və peşəkar fəaliyyəti ilə balıqçılıq sənətində iz qoymuşdur. Hənifənin uşaqlıqdan balıqçılığa olan həvəsi, atasının sənətinə bağlılığı və ata vəsiyyəti onu ailənin ənənəvi peşəsini davam etdirməyə sövq etmişdir.
Ailəyə yaxın olan tanınmış şair Şəkər Aslan Məşədi Heybət Nəcəfovun oğluna ünvanladığı vəsiyyəti poetik dillə belə ifadə etmişdir:
> Mənim kimi döyüş ləpələrlə sən, Olma gur sularda heç aram, oğlum. Yıx yerə dənizi dəfələrlə sən, Bilim ki, dənizdə mən varam, oğlum.
Bu misralarda dənizlə mübarizə aparan balıqçının iradəsi, zəhməti və sənətinə olan bağlılığı öz əksini tapmışdır. Hənifə Nəcəfova da məhz bu ruhda böyüyərək ata-baba sənətini yaşatmış, balıqçılıq sahəsində özünəməxsus uğurlara imza atmışdır.
1965-ci ildən sonrakı dövrdə yaradılan N.Nərimanov adına Balıq Kombinatında manqabaşçısı kimi fəaliyyətə başlayan Hənifə Nəcəfova zaman keçdikcə peşəkarlığı, zəhmətkeşliyi və təşkilatçılıq qabiliyyəti ilə kollektiv arasında böyük nüfuz qazanmışdır. Onun fəaliyyəti yalnız balıq ovu və briqadaya rəhbərlik etməklə məhdudlaşmamış, balıqçılıq sənətinin incəliklərini, özünəməxsus təcrübəsini bu sahəyə maraq göstərən gənclərə də öyrətmişdir.
Hənifə Nəcəfovanın ailəsində balıqçılıq sənəti nəsildən-nəslə ötürülən bir ənənəyə çevrilmişdir. Qardaşları, eləcə də oğulları Nəcəf Nəcəfov və Bayraməli Nəcəfov da ata-baba yolunu davam etdirərək bu sənətə bağlı olmuş, ondan öyrəndikləri təcrübə və bilikləri öz fəaliyyətlərində tətbiq etmişlər.
Yüksək təşkilatçılıq bacarığı, işinə məsuliyyətlə yanaşması və kollektivə rəhbərlik etmək qabiliyyəti sayəsində Hənifə Nəcəfovanın rəhbərlik etdiyi briqada dövlət planlarını dəfələrlə artıqlaması ilə yerinə yetirmişdir. Briqadası uzun illər ərzində “Keçici Qırmızı Bayraq” mükafatına layiq görülmüşdür. Bu mükafat həmin dövrün əmək kollektivləri üçün böyük uğur, zəhmətin, nizam-intizamın və istehsalat nailiyyətlərinin göstəricisi hesab olunurdu.
Hənifə Nəcəfova əmək fəaliyyətində qazandığı nailiyyətlərə görə “Şərəf nişanı”, “Xalqlar dostluğu”, “Qırmızı Əmək Bayrağı” ordenləri, “Əməkdə fərqlənməyə görə”, “Əmək igidliyinə görə” və digər medallarla təltif olunmuşdur. Onun fotoşəkli Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Şərəf lövhəsində mütəmadi olaraq nümayiş etdirilmiş, bu da onun əmək uğurlarının ümumittifaq miqyasında tanınmasının göstəricisi olmuşdur.
Hənifə Nəcəfovanın zəhmət yolu respublikanın mətbuat orqanlarının da diqqətindən kənarda qalmamışdır. Azərbaycan qəzet və jurnallarının bir çoxunda onun haqqında oçerklər, məqalələr dərc edilmiş, Lənkəran haqqında nəşr olunan kitablarda və bukletlərdə həyatından, əmək fəaliyyətindən və qazandığı uğurlardan bəhs olunmuşdur. 1986-cı ildə onun həyat və fəaliyyətinə həsr olunmuş sənədli film də çəkilmişdir.
Əmək nailiyyətlərinə görə keçirilən Məhsul bayramlarında Hənifə Nəcəfovanın fəaliyyəti yüksək qiymətləndirilmiş, 1982-ci ildə ona “QAZ-24” markalı avtomobil və mebel hədiyyə olunmuşdur. Bu mükafatlar onun uzun illər ərzində göstərdiyi fədakar əməyin və əldə etdiyi uğurların dövlət səviyyəsində qiymətləndirilməsinin ifadəsi idi.
Hənifə Nəcəfova yalnız əmək adamı kimi deyil, həm də fəal ictimaiyyətçi kimi tanınmışdır. O, dəfələrlə yerli sovetə deputat seçilmiş, respublikada keçirilən qurultaylarda və müxtəlif dövlət tədbirlərində iştirak etmiş, ictimai həyatda özünəməxsus nüfuz və mövqeyə malik olmuşdur.
Hənifə Nəcəfovanın həyat yolu zəhmətə bağlılığın, iradənin, peşəyə sədaqətin və ailə ənənələrinin yaşadılmasının parlaq nümunəsidir. O, Lənkəranın balıqçılıq tarixində yalnız bir əmək qəhrəmanı kimi deyil, həm də öz təcrübəsini gələcək nəsillərə ötürən, dənizlə, zəhmətlə və doğma torpaqla bağlı bir ömür yaşayan insanlardan biri kimi xatırlanmağa layiqdir.
Səadət Abdullayeva
Lənkəran Tarix-diyarşünaslıq muzeyinin elmi işçisi
Oxunub: 3