BP şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən D230 bloku üzrə kəşfiyyat proqramı çərçivəsində seysmik tədqiqat işlərinə bu ilin oktyabr ayında başlayacaq. Bunu “APA-Economics”ə neft-qaz bazarındakı etibarlı mənbə deyib.
Mənbənin sözlərinə görə, tədqiqat işləri “Gilavar” geofizik gəmisi vasitəsi ilə “Caspian Geophysical” şirkəti tərəfindən həyata keçiriləcək.
“Sahədə nəzərdə tutulan işlərin gələn ilin yanvar ayının ortasına kimi bitirilməsi gözlənilir”, - deyə mənbə əlavə edib.
BP-nin məlumatına əsasən, şirkət D230 bloku üzrə 2019-cu ilin dördüncü rübündə 3-ölçülü seysmik tədqiqatların aparılmasını planlaşdırır. Əldə edilmiş nəticələrdən asılı olaraq, ilk kəşfiyyat quyusunun planlaşdırılmasına 2020-ci ildə başlanacaq.
D230 strukturu kifayət qədər böyük bir ərazini əhatə edir və orada gələcəkdə kəşfiyyat quyularının harada qazılacağı çox əhəmiyyətlidir. Ən çox da bu struktur ona görə maraqlıdır ki, orada potensial neft ehtiyatları nəzərdə tutulur.
Qeyd edək ki, BP və SOCAR arasında Xəzərin Azərbaycan sektorunda yerləşən Şimal Abşeron hövzəsində D230 saylı blok daxilindəki potensial perspektivli strukturlarda birgə kəşfiyyat işlərinin aparılması üçün 2018-ci ilin aprel ayında Hasilatın Pay Bölgüsü Haqqında Saziş (HPBS) imzalanıb. Saziş 2018-ci ilin oktyabrında Azərbaycanın parlamenti tərəfindən ratifikasiya edilib.
Oxunub: 584