Dünya şöhrətli siyasətçi Heydər Əliyevin belə bir fikri var:”Ədalətsizliklə ədaləti bərpa etmək olmaz!”Təəssüf ki, bu fikri Ağdam rayonundakı S.Abdinov adına Zəngişalı kənd tam orta məktəbinin direktoru xanım Leyla Məmmədovaya da aid etmək məcburiyyətindəyik.
Dəyərli oxucuların nəzərinə çatdırım ki, Zəngişalı və Mahrızlı kəndləri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlanan vaxtdan təmas xəttinə çox yaxın ərazi sayılır.Bu kəndlərin qeyrətli övladları 1991-1994-cü illərdə dövlətimizin müstəqilliyinin bərpası, ərazi bütövlüyümüzün bərpa edilməsi üçün əllərindən gələni əsirgəməyib. Hazırda o dövrdə xidmət göstərən neçə-neçə yaşlı insan müharibə veteranı adını vəya vəsiqəsini almaq üçün meşin qapıların arxasında əziyyət çəkir.
Ömrünün 28 ilini pedaqoji sahənin inkişafına həsr etmiş Zəngişalı kənd tam orta məktəbin müəllimi xanım Nərgiz İmanova növbəti dəfə haqsızlığın qurbanı olub. Belə ki o, plana uyğun olaraq rəhbərlik etdiyi 5-ci sinif şagirdlərini Mahrızlı kəndində yerləşən Rahib Məmmədov adına Şöhrət muzeyinə ziyarətə aparmaq istəyib. 28 May-Respublika günü ilə əlaqədar ziyarətə gedəcəklərini bilən 5-ci sinfin şagirdləri Nərgiz müəlliməyə hədsiz təşəkkür ediblər. Direktor onların qarşısını kəsərək bu təklifi rədd edib. Nərgiz müəllimə direktora yaxınlaşaraq sinifdən xaric tədbirlər planına uyğun belə bir ziyarətin təşkil edildiyini qeyd edib. Direktor L.Məmmədova namaz qılan, Ramazan ayında oruc tutan bir şəxsə belə deyib:”Mən sənin Allaha olan inancına şübhə ilə yanaşıram...”
Dəyərli dostlar, xatırlayırsızsa, bu yaxınlarda Bakının Səbail rayonundakı 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasovanın və həmin rayonun İcra Hakimiyyəti Başçısının müavini Xalidə Bayramovanın kobud səhvləri ucbatından həmin məktəbin 8-ci sinif şagirdi olan 15 yaşlı qız Elina Hacıyeva intihar edərək dünyasını dəyişdi. Hazırda istintaq getdiyindən biz, bu mövzuya qayıtmırıq.Ancaq, bir çox təhsil ocaqlarında bu cür özbaşınalıqların şahidi oluruq.
Konkret olaraq, Ağdam rayonunun Zəngişalı kənd tam orta məktəbində baş vermiş qəribə olay vətəndaş və ictimai fəal olaraq məni üzdü. Əgər məktəb direktoru olan xanım Leyla Məmmədova ailənin bütün ağırlığını çiyinlərində daşıyan, gərgin zəhmət çəkən başqa bir xanım müəllimənin haqqını dəfələrlə tapdalayırsa, rayon Təhsil şöbəsi və digər aidiyyəti orqanlar təcili tədbir görməlidirlər.
P.S.Ağdam rayonunun Mahrızlı kəndində yerləşən Rahib Məmmədov adına Şöhrət Muzeyi bu kəndin cəsur oğlunun adını daşıyır. O, 1987-ci ilin fevralında keçmiş SSRİ Silahlı Qüvvələrinin tərkibində Gürcüstanda həqiqi hərbi xidmətdə olarkən Rioni çayının daşmasının şahidi olub. Hissə komandirinin tapşırığına əsasən əhalinin təxliyəsi təşkil edilib. Xobi rayonunun Çaladidi kəndinin 60-dan çox dinc sakinini xilas edən həmyerlimiz sonda özü də qəhrəmancasına həlak olub. SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin qərarı ilə Rahib Gülmalı oğlu Məmmədova “Qırmızı Ulduz” ordeni verilib( Ölümündən sonra) Nərgiz xanım məktəbliləri həmin muzeylə tanış olmaq üçün aparacaqmış. Dəyərli dostlar, biz, bu mövzuya qayıdacağıq.
Şamil Sabiroğlu,
“Tərəqqi”medalının mükafatçısı, jurnalist, Vətən müharibəsi veteranı.