dini radikalizm və ekstremizmlə mübarizə

Abşeronda şəhidlərin xatirəsi yad edilib

Abşeronda şəhidlərin xatirəsi yad edilib
Abşeron rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Qobu qəsəbəsindəki Şəhidlər kompleksində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş Silahlı Qüvvələrin əsgəri Heydərov Əli İntiqam oğlunun və qəsəbə şəhidlərinin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.

Djb.az-in Unikal.org-a istinadən məlumatına gorə, şəhidlər muzeyi önündə keçirilən mərasimində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, Qarabağ Müharibəsi Veteranları, qəsəbə sakinləri, şəhidin yaxınları, doğmaları, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
Mərasimdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidin ailəsinə başsağlığı verən və aprel döyüşləri zamanı hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışan İ.Gülməmmədova qeyd edib ki, dörd günlük savaşda düşmən ordumuzun qüdrəti qarşısında vahiməyə düşərək bir daha əmin oldu ki, Azərbaycanın güclü ordusu var və Azərbaycan əsgəri qələbə qazanmaq əzmindədir.
İ.Gülməmmədova çıxışı zamanı Ali Baş Komandan İlham Əliyevin əmri ilə döyüşə hər an hazır olan silahlı qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyi günün çox da uzaqda olmadığını, qəhrəmanlarımızın qanının yerdə qalmayacağını bildirib.
Mərasimdə iştirak edən qonaqlara öz minnətdarlığını bildirərən şəhidin atası İntiqam Heydərov qeyd edib ki, bu gün bir daha əmin oldum ki, Əli ölməyib, o, bu gün yaşayır və bundan sonra da yaşayacaq. Şəhid atası övladının vətən uğrunda həlak olmasını qürurla qarşıladığını deyib.
Daha sonra çıxış edənlər şəhidlərin göstərdiyi qəhrəmanlıqlardan, ordumuzun cəbhədəki uğurlarından söz açıb, Azərbaycan ordusunun qüdrəti, gənclərimizin vətən sevgisi, əsgərlərimizin döyüşlərdəki şücaəti, Silahlı Qüvvələrimizin gücü, xalq və ordu birliyi barəsində danışıblar. Qeyd ediblər ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Əli Heydərov da daim qəlblərdə yaşayacaq və onun əziz xatirəsi hər zaman yad ediləcəkdir.
Sonra Qobu qəsəbə 1, 2, 3 saylı tam orta məktəblərin şagirdləri vətənə, şəhidlərə həsr olunan şeirlər söyləyiblər.

Oxunub: 507
Oxşar xəbərlər
SON XƏBƏRLƏR