dini radikalizm və ekstremizmlə mübarizə

Dövlət Baytarlıq Xidməti moniezioz xəstəliyi ilə bağlı sahibkarlara xəbərdarlıq edib

Dövlət Baytarlıq Xidməti moniezioz xəstəliyi ilə bağlı sahibkarlara xəbərdarlıq edib
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) heyvandarlıqla məşğul olan sahibkarlara heyvanların moniezioz xəstəliyindən qorumaq üçün məsləhətlər verib.

Djb.az xəbər verir ki, DBX-nın mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, məsləhətdə sahibkarlara bildirilir ki, gövşəyən heyvanların, əsasən, quzu, toğlu, buzov, dana, balaq və kəlçələrin nazik bağırsaqlarında parazitlik edən və moniezia adlanan yastılı qurdlar tərəfindən törədilən xəstəliklərdən biri də monieziozdur.


Monieziozla yoluxma otlaqda oribatid gənələrinin az və ya çox yayılmasından asılıdır. Bu gənələr daimi ot örtüyü olan yarımsəhra tipli otlaqlarda çox olur. Ona görə də moniezioz əsasən bu cür otlaqlarda daha geniş yayılıb.

Quzular, buzovlar və balaqlar əsasən ferma ətrafı otlaqlarda yoluxurlar. Yoluxma bütün il boyu gedə bilər, noyabr və dekabrda doğulmuş quzular əsasən qış aylarında yoluxurlar. Onların bağırsağında ilk moniezialara yanvar və fevraldan başlayaraq rast gəlinir. Mart və apreldə isə həmin qrup quzularda yoluxmanın ən yüksək zirvəsi qeyd olunur. Fevralda doğulmuş quzularda yüksək yoluxma əsasən aprel və may, mart ayında doğulanlarda isə aprel, may, iyun aylarına düşür. Toğlu və yaşlı qoyunlar quzulara nisbətən zəif yoluxurlar. Lakin onlar digər bağırsaq lentşəkilli qurd xəstəlikləri olan tizaniezioz və avitellinoza da tutulurlar. Tizaniezioz və avitellinoz moniezioza nisbətən az yayılsa da onlara yoluxmuş heyvanlar xəstəliyi çox ağır keçirir. Tələfat da baş verir. Yanvar, mart aylarında doğulmuş buzovlarda monezialar əsasən mart, iyun aylarında qeyd olunur. İyun, avqust aylarında isə onlarda yüksək yoluxma dərəcəsi qeyd olunur.


Monieziozla yoluxmuş cavan heyvanlarda köpmə, qarın nahiyəsinin sallanması müşahidə edilir, xəstələr tez-tez su içir, bəzən titrəmə, çırpınma, sinir pozğunluğu və yaxud süstləşmə baş verir. Xəstə quzular arıqlayır, boy inkişafdan qalır, müalicə aparılmadıqda isə xəstələrin bir hissəsi tələf olur.


Yaşlı qoyunlarda ümumi zəiflik, arıqlama müşahidə edilir. Monieziozla xəstələnmiş toğlu və qoyunlarda ümumi narahatlıq, hərəkətin pozulması, titrəmə, dişlərin qıcılması, başlarını döş və qarın nahiyəsinə çevrilməsi və bu kimi sinir pozğunluqları müşahidə edilir və ölüm halları baş verir.


Monieziozla yoluxmanın qarşısını almaq məqsədilə quzu, buzov və balaqlar xüsusi ayrılmış otlaq şəraitində, birillik və çoxillik bitkilər əkilən otlaqlarda otarılmalıdır. Monieziozla xəstələnmənin, moniezia yumurtalari ilə otlaqların çirklənməsinin və yeni yoluxma mənbəyinin qarşısını almaq məqsədi ilə moniezialar bağırsaqda yetkin mərhələyə çatmamış dərmanlanma aparılmalıdır. Bu cür dərmanlama preimaginal dərmanlama adlanır.


Hər bir bölgədə, təsərrüfatda epizootoloji göstəricilər əsasında moniezioza qarşı dehelmintizasiyaların aparılması vaxtları və təkrarlanması yerli baytar işçilərinin məsləhəti nəzərə alınmaqla həyata keçirilməlidir.


Heyvanda moniezioz xəstəliyi baş verən zaman heyvana diaqnoz qoyulmasında baytar həkiminin rəyi mütləqdir və laboratoriyada təsdiqlənməlidir.


Dövlət Baytarlıq Xidməti bildirir ki, heyvanlarda moniezioz xəstəliyinə qarşı profilaktika və müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.

Oxunub: 620
Oxşar xəbərlər
SON XƏBƏRLƏR