İslam dini və onun özündə ehtiva etdiyi dəyərlər haqqında müxtəlif yanaşmalar mövcuddur. Ümumilikdə isə iki qütb ayrılır. Birinci cərəyan İslamın inkişafa, müasirliyə mane olduğu, ikinci qütb isə əksinə, islamın elə özündə müasirliyi, elmi, inkişafı ehtiva etdiyi qənaətindədir.
Bəs reallıq hansı cərəyanladır? İslam dini müasirliyi, savadlılığı, inkişafı qəbul edirmi?
Məsələ ilə bağlı Modern.az-a danışan şair, yazar Aqşin Yenisey bu mövzuda müzakirələrin geniş yayıldığını xatırladıb. Onun sözlərinə görə, avropalı alimlər özləri də etiraf edirlər ki, XIII-XIV əsrlərdə Asiya Avropadan daha çox inkişaf etmişdi:
“Məsələn, Kolumbun uzunluğu 35 metr olan gəmilərlə ekspedisiyaya çıxmağından 70 il öncə, çinlilər 134 metr uzunluğu olan gəmilərlə Hind okeanını dolaşıb Afrikaya gəlmişdilər. Bəzi avropalı tarixçilər Avropanın inkişafını ərəblərin İber yarımadasını işğal etməsinə bağlayır. Müasir ingilis tarixçisi Vilyam Vudruf yazır ki, ərəblər Kordoba kimi şəhər salanda Avropa şahzadələri adlarını yazmağı öyrənirdilər. Avropa o zaman inkişaf etməyə başladı ki, kilsələr dövlətləri deyil, dövlətlər kilsələri idarə etməyə başladı. İslam dini müsəlman dünyasına nə verə bilmişdisə, hamısını verdi. Onun gücü bizi tarixin bir dövrünə qədər gətirməyə çatdı, necə ki, XV-XVI əsrdə avropalılar anladılar ki, xristianlıq artıq tükənib, bundan sonra yola "piyada" davam etməli olacaqlar. Biz də bunu başa düşməliyik. Bu gün İslam hər bir müsəlmanın çiynində bir yükdür. XV əsrdə o, Səmərqənd kimi şəhər, XVII əsrdə Hindistanda Tac Mahal kimi bina tikirdi, bu gün isə arvad-uşağı qorxutmaqla məşğuldur. Müsəlman Şərqinin gələcəyini İslamla birgə təsəvvür etmək mümkün deyil. İslam dini sadəcə, öz keçmişi ilə qürur duymaq üçün xəyallara dalmalıdır. Onda gələcəklə bağlı heç bir ideya yoxdur”.
İlahiyyatçı, İçərişəhərdəki Cümə məscidi dini icmasının sədri hacı Surxay Məmmədli isə tamamilə əks fikirdədir. O, açıqlamasında qeyd edib ki, İslam dini humanist, mütərəqqi, ictimai dindir:
“Yaranmasına görə dinlərin sonuncusu olmasına baxmayaraq, dinimizdə müasirlik, elmə, insanlığa baxış təzahürünü görmək olur. Allah Quranda harada inanclı insanlara, insanlığa müraciət edirsə, həmin hissədə xoş, müsbət məsələlər qeyd olunur. Quran Allah tərəfindən peyğəmbərə nazil olunanda Allahın əmri “oxu” olub. Bu, bütün zamanları əhatə edir. İnsan mütaliəsiz, cahil ola bilməz. Əgər Allah peyğəmbərə “oxu” əmrini nazil edirsə, geriqafalılıqdan söhbət getməməlidir. Yalnız müasirlikdən və müasir düşüncələrdən, inkişafdan danışa bilər.
Tək İslam deyil, səmavi dinlərin hər üçü insanları humanizm prinsiplərinə, elmə, mədəniyyətə zamanına görə təhlil verməyi öyrədir. İmam Əli buyurur ki, övladlarınızı zamanlara görə yetişdirin. Onlar zamanın elmi ilə maariflənsinlər, zamanın elmi tələblərinə cavab versinlər. İslam dini heç zaman qloballaşmanın, inkişafın, elmin əleyhinə deyil, cəhaləti qəbul etmir. Müasir düşüncə ilə insanları təlqin edir. Bu mənada dinimiz düşüncələrin müasir olmağını öyrədir. Kim deyirsə ki, İslam cəmiyyəti müasirlikdən kənarda qoyur, səhv edir”.
Həmsöhbətimiz nümunə gətirərək, vurğulayıb ki, Kimya elminin banisi , riyaziyyat və digər dəqiq elmlərin inkişafında rolu olan Cabir İbn Həyyan müsəlman imamlarından birinin tələbəsi olub:
“Bu gün də elmdə, texnologiyada hər hansı inkişaf varsa, din buna müsbət yanaşır. İslamın insanlara buyurduğu müsbət məqamları sıxıb, kiçik çərçivədə təqdim etmək yanlışdır”.
İslamın inkişafa mane olması haqqında fikirlərin formalaşması səbəblərinə gəlincə, S. Məmmədli bunları deyib:
“Bəzən inancları, adətləri dinlə qarışdırıq. Adətlər ola bilər, insanları xurafata aparsın. Amma biz hər bir məsələni deyərkən, məntiqə söykənməliyik. Bu, dinimizin təməl prinsiplərindədir. Bəzi adət-ənənələr dinə də söykənir, amma bu, xurafat deyil. Halbuki, bəzi dar düşüncəli, xurafatyönümlü insanlar İslamı gözdən salmağı məqsəd götürürlər. Baxın, bu gün dünyada, xüsusilə qQərbdə yayılan nədir - dinlə insanı aşağılamağa, İslamı insanların gözündən salmağa çalışırlar. İŞİD-in yaradılması, Taliban və digər radikal cərəyanlarla dini təbliğ edirlər. İnsanları bu yolla dini həqiqətlərdən uzaqlaşdırmağa çalışırlar. Amma islamı olduğu kimi təhlil etsək, olduğu kimi görməyə çalışsaq, burada əks olunan multikultural dəyərləri aydın izah edə bilərik”.