Respublika ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar qabaqlayıcı tədbirlərin görülməsi, əfsuslar olsun ki, bəzi insanların Bakıda zəlzələ olacağına dair heç bir əsası olmayan, həqiqəti əks etdirməyən və əhali arasında təşviş yaradan xəbərlər yaymasına səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumatda deyilir.
“Vətəndaşlar tərəfindən bununla bağlı edilən çoxsaylı müraciətlərə aydınlıq gətirərək bildirmək istəyirik ki, meteoroloji amillərin zəlzələ ocaqları ilə hər hansı bir əlaqəsi yoxdur. Hazırda respublika ərazisində seysmik aktivlik fon səviyyəsindədir.
Bakıda gözlənilən güclü küləklə bağlı müvafiq qurumlar tərəfindən edilən xəbərdarlıqlar müsbət və vaxtında görülmüş tədbirlərdir. Respublika Seysmoloji Xidmət Mərkəzi vətəndaşlardan mərkəzə istinadı olmayan hər hansı xəbərə inanmamağı, kütləvi informasiya vasitələri nümayəndələrindən isə dəqiqləşdirilməmiş məlumatları yaymamağı xahiş edir”, - deyə məlumatda vurğulanıb.