Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə sabahdan yanvarın 3-dək tarixinədək Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Kompleksdən Open.az-a verilən məlumata görə, həmin günlərdə yarana biləcək sərnişin sıxlığını nəzərə alaraq, BBAK tərəfindən 200-dən çox ehtiyat avtobus ayrılıb.
Bayram ərəfəsində 600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur.
Müqayisə üçün qeyd edək ki, hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsilə təxminən 9 min sərnişin Avtovağzaldan yola salınır. Sərnişinlər biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından və ya onlayn qaydada – www.bbak.az saytından daha öncədən əldə edə bilərlər.
Nəqliyyat vasitələrinin fəaliyyətinə xüsusi komissiya nəzarət edəcək. Sərnişinlərin rahat və təhlükəsiz şəkildə səfərini təmin etmək məqsədilə Bakı Beynəlxalq Avtovağzalının mühafizə xidməti və texniki heyəti yarana biləcək problemləri dərhal həll edə bilmək üçün növbəli iş rejimində çalışacaq.