Naxçıvan şəhərindəki "Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində muxtar respublikanın İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət nazirliklərinin, şəhər və rayon icra hakimiyyətlərinin təşkilatçılığı ilə "Göycə” festivalı keçiriləcək.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, iki gün davam edəcək festivalın açılışı mayın 19-da olacaq.
Festivalda Naxçıvan şəhərindən, Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonlarından olan torpaq mülkiyyətçilərinin yetişdirdiyi müxtəlif növ göycə məhsullarının sərgi-satışı həyata keçiriləcək.
Festivalda göycə yetişdirən fermerlər arasında müsabiqə keçiriləcək, qaliblərə hədiyyələr təqdim olunacaq.
Qeyd edək ki, ötən illərdə Naxçıvanda keçirilən "Göycə” festivalları sakinlər, o cümlədən muxtar respublikaya gələn turistlər tərəfindən böyük maraqla qarşılanıb.
Oxunub: 855