Cari ilin iyulun 1-dən mənzil tikintisində bir sıra problemlərin həllini nəzərdə tutan Mülki Məcəlləyə dəyişikliklər qüvvəyə minir.
Oxu.Az xəbər verir ki, sənəd Azərbaycanda tikintisi başa çatmayan binaların tərkib hissələrinin (mənzillərin) alqı-satqısı, həmin binalarda mənzil əldə edən şəxslərin mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı çoxlu çatışmazlıqları, o cümlədən mənzillərin eyni zamanda bir neçə şəxsə satılması kimi sui-istifadə hallarının aradan qaldırılması üçün yeni mexanizmi nəzərdə tutur.
Tikinti şirkətinin işi binanı tikib təhvil vermək olacaq
Hüquqşünas Əkrəm Həsənov bildirir ki, tikinti sektorunda iki əsas problem mövcuddur:
Birincisi, tikinti şirkətləri mənzilləri eyni zamanda bir neçə nəfərə satır.
İkincisi, tikinti şirkətləri mənzillərə görə ödənişi alır, amma tikinti başa çatdırılmır, yaxud proses çox uzanır.
Məcəlləyə edilən dəyişikliklər bu problemlərə son qoyacaq. Belə ki, əvvəla, tikintisi başa çatdırılmayan mənzillərə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qabaqcadan dövlət qeydiyyatına alınacaq (“kupça”, yəni çıxarış veriləcək).
Özü də yalnız mənzilə yox. Binanın altındakı torpaq sahəsi də mənzil mülkiyyətçilərinin ümumi paylı mülkiyyəti hesab olunacaq.
Beləliklə, bir mənzili bir neçə şəxsə satmaq artıq mümkün olmayacaq. Torpaq da mənzil mülkiyyətçilərinə məxsus olduğu üçün tikinti şirkəti işini görməsə, onu başqası ilə əvəz etmək mümkün olacaq”.
Ekspert bildirir ki, tikinti şirkəti mənzil mülkiyyətçilərinin podratçısı (işçisi) hesab olunacaq.
Yeni tikililərdə ödəniş qaydaları
“Yəni onun işi sırf binanı tikib təhvil verməkdən ibarət olacaq. Özü də pulunu da qabaqcadan tam ala bilməyəcək, hissə-hissə almalıdır. Qanuna əsasən, müqavilədə ayrı mərhələ və hissələr nəzərdə tutulmayıbsa, alış qiymətinin (muzdun) ödənilməsi tikintinin mərhələləri üzrə hissələrlə aşağıda göstərilən faizlərdən çox olmamaq şərti ilə aparıla bilər.
Torpaq-qazma işlərinin başlanılmasından sonra - müqavilə məbləğinin 30 faizi; tikilinin yan və daxili divarları, dam örtüyü hazır olduqdan sonra - müqavilə məbləğinin 10 faizi; dam səthlərinin və navalçaların (novların) qurulması işləri başa çatdıqdan sonra - müqavilə məbləğinin 8 faizi; istilik təchizatı sistemlərinin quraşdırılması başa çatdıqdan sonra - müqavilə məbləğinin 3 faizi; su xətlərinin çəkilməsi başa çatdıqdan sonra - müqavilə məbləğinin 3 faizi; elektrik xətlərinin çəkilməsi başa çatdıqdan sonra - müqavilə məbləğinin 3 faizi; pəncərələrin quraşdırılması (şüşələrin taxılması da daxil olmaqla) başa çatdıqdan sonra - müqavilə məbləğinin 10 faizi; daxili suvaq (malalama) işləri başa çatdıqdan sonra - müqavilə məbləğinin 6 faizi; birdən artıq tərkib hissəsi olan binada birdən artıq tərkib hissəyə xidmət edən sahələrin döşəmələri hazır olduqdan sonra - müqavilə məbləğinin 3 faizi; fasad işləri başa çatdıqdan sonra - müqavilə məbləğinin 10 faizi; su anbarı da daxil olmaqla, binaya xidmət edən və binadan ayrıca inşa edilən obyektlərin tikintisi başa çatdıqdan sonra - müqavilə məbləğinin 9 faizi; bina tam hazır olduqdan və onun istismarına icazə verildikdən sonra – müqavilə məbləğinin 5 faizi ödəbiləcək”.
Tikinti şirkəti sahibləri pulu götürüb aradan çıxa bilməyəcəklər
Ə.Həsənov deyir ki, Azərbaycanda, nəhayət, tikinti şirkəti sahibləri pulu götürüb aradan çıxa bilməyəcəklər:
“Bu problemlər həll olunacaq və insanlarımız əminliklə yeni binalarda mənzil ala biləcək. Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, bizdə də yavaş-yavaş “vahid daşınmaz əmlak” institutu formalaşacaq. Yəni daşınmaz əmlak ilk növbədə torpaqdır, üstündəki isə onun tərkib hissəsidir”.