“Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsi ilə bağlı müşavirləri tərəfindən aldadıldığını anlayıb”.
Djb.az konkret.az-a istinadən xəbər verir ki, bununla bağlı Ağ Ev kəşfiyyat məlumatlarına istinadən xəbər yayıb.
Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild mətbuat konfransında bildirib ki, müşavirlər Putindən qorxduqları üçün belə bir addım atmağa məcbur olublar:
“Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibənin əsl vəziyyətini və Rusiyaya qarşı sanksiyaların nə qədər zərərli olduğunu söyləməkdən çəkinən müşavirləri tərəfindən aldadılıb. Bizdə məlumat var ki, Putin Rusiya ordusu tərəfindən çaşdırılıb və bu, Putinlə onun hərbi rəhbərliyi arasında gərginliyə səbəb olub. Hesab edirik ki, Putin Rusiya ordusunun nə qədər zəif fəaliyyət göstərdiyi barədə müşavirləri tərəfindən yanlış məlumatlandırılıb”.
Ağ Ev rəsmisi qeyd edib ki, Rusiyanın bu barədə etiraf etməsi çətindir, çünki bu, Rusiya üçün strateji səhv etdiyini açıqlamaq kimi bir şeydir:
“Biz gördük ki, Rusiya işğalın əvvəlində aqressiv şəkildə Kiyevə doğru irəliləyirdi. İndi onlar işğallarının məqsədlərini əvvəldən fərqli olaraq yenidən müəyyənləşdirməyə çalışırlar”.
Keyt Bedinqfild Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəklərini və Ukraynanı dəstəkləməyə davam edəcəklərini bildirib.
Oxunub: 705