dini radikalizm və ekstremizmlə mübarizə

Erməniləri minalı sahəyə buraxmaq? Belə "qisas" olmaz!

Baxış Sayı:301

Erməniləri minalı sahəyə buraxmaq? Belə "qisas" olmaz!

"Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı Real TV-də yayımlanan “Real İntervyu” verilişində telejurnalist İlqar Mikayıloğlunun suallarını cavablandırıb.

Djb.az Axar.az-a istinadən müsahibənin mətnini təqdim edir:

- İyunun 4-də Kəlbəcərdə baş verən partlayış hamını sarsıtdı. Xidməti başında minaya düşən jurnalistlərimiz, eləcə də rayon icra nümayəndəsi şəhid oldu. Gözləmirdik. Çox şükür edirdik ki, 44 günlük müharibədə bir həmkarımız belə şəhid olmadı. Amma çox təəssüf ki, müharibədən sonra düşmənin alçaq hərəkəti iki həmkarımın dünyasını dəyişməsinə səbəb oldu...

- Çox ağırdır, böyük sarsıntıdır. Allah hər birinə rəhmət eləsin, şəhidlərimizin ailə üzvlərinə səbir diləyirəm. Əlbəttə, əgər bu, müharibədə baş versəydi, daha dözülən olardı. Çünki müharibənin itkisinə insan psixoloji baxımdan hazır olur. Müharibəyə gedənin, döyüşənin şəhid mərtəbəsinə yüksəlməsi kimi bir aqibəti də mümkündür, şəhidlik isə çox böyük bir mərtəbədir. Ona görə şəhidlərimizə ağlayıb-ağrınsaq da, bu itki sarsıntıya səbəb olmur. Bilirik ki, onlar həm Tanrının, həm də xalqın gözündə ən yüksək mərtəbəni qazanıblar. Bundan yüksək hansı mərtəbə var?!

Amma bu itki gözlənilməzdir; müharibə yoxdur, ora gedənlər silah götürməyib, hazırlıqsızdır, mülki vətəndaşlar, iş başında olan jurnalistlərdir. 10 noyabr bəyanatı ilə Ermənistan kapitulyasiya aktına imza atıb. Müharibə bitdikdən sonra dinc insanlarımız niyə ölməlidir?

Müharibədən sonra 120-yə yaxın dinc insanımız minaya düşüb, 27 nəfər həlak olub, ağır bədən xəsarətləri alanlar var ki, hələ də xəstəxanalarda müalicə olunurlar. Bu, çox dəhşətli bir statistikadır. Dinc insanların yaşayacağı, gedə biləcəyi ərazilərə minaların basdırılması beynəlxalq hüquqa ziddir, insanlığa qarşı cinayətdir. Bütün dünya, beynəlxalq konvensiyalar, beynəlxalq təşkilatlar buna qarşıdır. Amma biz o qədər rəzil və namərd bir düşmənlə üz-üzəyik ki, belə faciələrlə qarşılaşırıq.

Bir faktı xatırlatmağı zəruri hesab edirəm: Füzulidə bir ailə tank əleyhinə minaya düşdü və həmin ailə tamamilə məhv oldu. O zaman Ermənistan mediası bunu toy-bayram edirdi. Hətta manşetlərə çıxarmışdılar ki, “hələ çox öləcəksiniz”. Bu onu göstərir ki, Ermənistan terror dövlətidir, terror bu dövlətin mahiyyətini təşkil edir. Ermənistanın mövcudluğu bu regiona da, bölgəyə də, dünyaya da çox böyük təhdiddir. Bunun qarşısı hansısa bir formada alınmalıdır.

Düşünürəm ki, Azərbaycan çox tezliklə anti-terror əməliyyatlarına başlamalıdır. Heç şübhəsiz ki, ərazilərimizdə erməni birləşmələri var. Onların tərk-silah edilməsi, ölkədən çıxarılması və cəzalandırılması üçün mütləq xüsusi xidmət orqanları, Ordumuz fəaliyyətə başlamalıdır. Ali Baş Komandanımız həmişə deyir ki, “Dəmir yumruq” onların başının üzərindədir. Görünən odur ki, onlarla xoşluqla, masa ətrafında oturub konsensusa nail olmaq mümkün deyil. Bunlar namərddirlər, rəzildirlər, qıza, gəlinə, uşağa silah qaldıran varlıqlardır. Biz onlardan hansı humanizmi gözləyə bilərik?! Buna görə də hesab edirəm ki, anti-terror əməliyyatlar başlamadan bunun həlli mümkün deyil.

Bir məqamı da xüsusi qeyd etmək istəyirəm. Sosial şəbəkələrdə, eləcə də mediada partlayışın baş verdiyi anla bağlı videolar yayıldı. Şəhid həmkarlarımızın özlərinin çəkdiyi həmin videolardan görünür ki, onların olduğu maşın gedərkən qarşıda bir ağ ləkə var. Bu, ora basdırılan minanın köhnədən qalmadığı, yeni basdırıldığını təsdiqləyir. Şübhə etmirəm ki, oradan Ordumuzun ağır texnikası, əsgərlərimiz dəfələrlə keçib. Yəni o ərazilərin minalardan təmizlənməməsi mümkün deyildi. Minadan təmizlənməmiş ərazilərə jurnalistlərimizi heç vaxt buraxmazdılar. Bu da o fikri gücləndirir ki, tank əleyhinə mina əraziyə yeni basdırılıb.

Biz mütləq bütün dünyanın diqqətini Qarabağda baş verən bu faktlara yönəltməliyik. Dünya bilməlidir ki, ermənilərin bizim torpaqlarımızda mülki insanlara qarşı terror fəaliyyəti davam edir.

- Həmişə belə hadisələr olanda dərhal yadımıza 44 günlük Vətən müharibəsindən əvvəlki dövrü salıram: Bizim dünya ictimaiyyətlərinə olan müraciətlərimiz, faktları qarşılarına qoymağımız, amma onların bu məsələlərə ya ikili standart nöqteyi-nəzərdən baxması, ya ümumiyyətlə, fikir verməməsi... İndi də diqqətlə ona fikir verirəm. Bizim mediamız xarici jurnalist təşkilatlarına və digər beynəlxalq təşkilatlara məlumatlar göndərdi. Belə bir təəssürat yaranır ki, həmin beynəlxalq xarici təşkilatlar insan həyatını ümumiyyətlə, saya almırlar. Yalnız quru, adi bir söz - “dərin hüznlə başsağlığı verirəm”... Bunu yazmaqla sanki işlərini bitmiş hesab edirlər. Amma əgər sən jurnalist təşkilatısansa və jurnalist iş başında dünyasını dəyişibsə, buna tamamilə başqa reaksiya, təzyiq olmalıdır. “Kor-kor, gör-gör” məsələsi var, bu mina yeni basdırılıb. Niyə həmin o beynəlxalq təşkilatlar yenə də ikili standartla, öz sistemləri və strategiyaları ilə bu işlərini davam etdirirlər? Doğrusu, başa düşmürəm...

- Sizi əmin edirəm ki, eyni hadisə ermənilər tərəfdə baş versəydi, yəni iki erməni jurnalisti minaya düşsəydi, bunun doğurduğu əks-sədanı yəqin ki, təsəvvür etmək çətin olmazdı. Əminəm ki, bütün beynəlxalq təşkilatlar ayağa qalxardı, Azərbaycan əleyhinə böyük bir kampaniya başlayardı. Amma sizin də dediyiniz kimi, baş vermiş hadisəyə qətiyyən adekvat olmayan, çox zəif bir reaksiya var ortada... Beynəlxalq jurnalist təşkilatlarının başsağlığı verməyi bizim nəyimizə lazımdır, bu quru sözləri özlərinə saxlasınlar. Bu beynəlxalq qurumlar Ermənistana qarşı sərt tələblərlə çıxış etməli, lazım gələrsə, sanksiya tətbiqini gündəmə gətirməli idilər.

Qətlə yetirilmiş səudiyyəli jurnalist Camal Qaşıqçı cinayətini, eləcə də Rusiyada bir blogerin həbsini xatırlatmaq istəyirəm. Bu hadisələrə bütün dünyanın reaksiyası ortada idi. Eyni münasibət Ermənistana niyə yoxdur? Axı Ermənistan sizin niyə əziz-xələfiniz olub, başa düşə bilmirəm! Bu terror yuvası olan, ölkə adlanmayan Ermənistan axı dünyaya təhdiddir!

İşğal altında 30 il saxladıqları Azərbaycan ərazilərini necə viran qoyduqlarını çəkib dünyaya göstərdik, onların barbar, vəhşi simalarını, mahiyyətlərini, xarakterlərini ortaya qoyduq. Nəticə necə oldu? Bir dövlət müharibə olmadığı bir halda sərhədi keçərək, təminat yollarını necə minalaya bilər? Azərbaycan ərazisinə müdaxilə edib, insanların ölməsi üçün yollara necə mina düzmək olar? Bu, birbaşa terrorçuluqdur, Azərbaycan vətəndaşlarına qarşı Ermənistanın dövlət səviyyəsində apardığı terror!

Ermənistanın müharibə zamanı döyüş bölgəsindən 100 kimometr kənarda olan şəhərlərimizə, mülki insanlara qarşı tətbiq etdiyi hücumlara və bu zaman onlarla mülki vətəndaşın ölümünə, o cümlədən müharibədən sonra azad edilmiş torpaqlarımızda minaya terrorlarına qarşı dünyanın adekvat reaksiyasını görmədik. Amma Ermənistanda bir erməninin dırnağına daş dəyəndə az qala bunu faciə kimi təqdim etməyə çalışırlar.

Amma biz sözümüzü deməliyik. Düşünürəm ki, Azərbaycanın müvafiq strukturları, qeyri-hökumət təşkilatları və media bu prosesdə fəal olmaq şərtilə müraciətləri davamlı olaraq bütün beynəlxalq təşkilatlara etməlidir. İyunun 4-də Azərbaycanda fəaliyyət göstərən bütün aparıcı media orqanları, QHT-lər, agentliklər, hətta televiziyalar da müraciətlər ünvanladı. Adekvat cavabı alana qədər bu proses davam etməlidir. Eyni zamanda minalanmış ərazilərin xəritəsinin Ermənistan tərəfindən Azərbaycana verilməsi üçün sona qədər mübarizəni davam etdirməliyik. Ola bilsin ki, onlar həmin xəritələri bizə verməyəcəklər, ola bilsin heç onlarda tam xəritə yoxdur, amma biz bu prosesi dayandıra bilmərik.

Ötən gün rusiyalı politoloq Oleq Kuznetsovun açıqlamasına rast gəldim. O deyir ki, mütəxəssislər 1992-ci ildən indiyə qədər Qarabağda ermənilərin 5 milyondan artıq mina basdırdığını hesablayırlar. Bu, dəhşətli bir rəqəmdir və inanmıram ki, o xəritələrin hamısı onlarda var. Amma hətta onlar bizə xəritə verməsələr belə, bu, Ermənistanın ifşa prosesidir. Onların ifşa olunması üçün bütün mötəbər beynəlxalq təşkilatlarda bu məsələni sona qədər qaldırmalıyıq.

Eyni zamanda minaların təmizlənməsi prosesində beynəlxalq təşkilatların dəstəyini tələb etməliyik. Onlar bu işdə mütləq bizə dəstək olmalıdırlar. Çünki minaların təmizlənməsi çox bahalı bir prosesdir. Məsələn, Xorvatiyada minaların təmizlənməsinə 550 milyon dollardan artıq vəsait xərclənib. Bu məsələdə dünya birliyi, beynəlxalq təşkilatlar mütləq Azərbaycanın yanında olmalıdırlar, ölkəmizin səsinə səs verməlidirlər.

- Adekvat məqamlardan danışdınız. Etiraf edirəm, dünən baş verən hadisəyə əsəbiyəm. Buna görə bəlkə də indi verəcəyim sual daha çox əsəbiliyin bir nəticəsi olacaq. Mən də çox istərdim ki, bu minaları onu basdıran şəxsin özünə bağlayıb ona həmin ağrı-acını yaşadım. Subyektiv fikrimdir. Bəlkə də həlak olan jurnalistləri tanıdığıma görə belə deyirəm. İkinci tərəfdən, dünən sosial şəbəkələrdə dəfələrlə qarşılaşdım ki, adekvat cavab olaraq əlimizdə olan erməniləri minalı sahələrə buraxaq və yaxud başqa variantlardan istifadə edib, gözə-göz, dişə-diş məsələsi olaraq düşmənə cavab vermək lazımdır. Belə məqamlarda neyləmək olar?

- Bu, dünəndən yaşadığımız sarsıntının verdiyi emosional yanaşmadır. Təbii ki, mən də həmkarlarımız və digər insanların reaksiyalarını izləyirəm, bu emosional təklifi səsləndirənlər sırasında millət vəkilləri də var. Bunu sadəcə baş vermiş faciədən yaranan şok effektinin doğurduğu reaksiya hesab edirəm. Hər birimiz üçün ağır bir faciə baş verib. Həlak olan həmkarlarımızı hamımız tanıyırdıq, bərabər işləmişik. Onların gördüyü iş Azərbaycan dövləti üçün çox mühüm bir iş idi. Onlar bizim 44 günlük müharibəmizi və ondan sonra orada gedən bərpa, quruculuq prosesini tarixləşdirmək funksiyasını həyata keçirirdilər. Yəni onların gördüyü iş bu gün də çox önəmlidir, sabah da, 100-200 ildən sonra da çox önəmli olacaq. Bu, bizim şanlı tariximizdir.

O insanlar həm də gəncdirlər, körpə uşaqları qaldı. Onların yas mərasimində iştirak edəndə ailə üzvlərini və azyaşlı uşaqlarını gördüm. O uşaqların atasız böyüyəcəklərini təsəvvür etmək çox ağırdır, böyük sarsıntıdır.

Təbii ki, bu baxımdan sosial şəbəkələrdə gedən müzakirələri, insanların aqressiyasını çox yaxşı anlayıram. Amma eyni zamanda hesab edirəm ki, bu reaksiyalar təklif kimi qəbul olunmamalıdır. Nə insanlarımız bu cür düşüncə sahibidir, nə də dövlətimiz elədir. Azərbaycan kifayət qədər humanist bir dövlətdir. Unutmayın ki, Ermənistan 44 günlük müharibə zamanı döyüş bölgələrindən çox-çox uzaqda olan şəhərlərimizi, mülki insanlarımızı hədəf alanda da Azərbaycanın Müzəffər Ali Baş Komandanı bunun cavabının yalnız və yalnız döyüş meydanında ən ağır şəkildə verilməsini tapşırmışdı. Və Azərbaycan Ordusu da mülki şəxslərə bu terror hücumunun qisasını döyüş meydanında aldı.

Bizim güclü Ordumuz, Dəmir yumruğumuz var və biz düşmənə düşmənin layiq olduğu şəkildə yox, özümüzə layiq şəkildə cavab verəcəyik - kişi kimi mərd! 44 günlük Vətən müharibəsində necə bir qəhrəmanlıq salnaməsi yazmışıqsa, bu məsələdə də eyni ləyaqətlə mübarizəmizi aparacağıq və qalib gələcəyik.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR