dini radikalizm və ekstremizmlə mübarizə

Qarabağda “erməni mövqeyi”? İrəvan Bakıya qapı açır

Qarabağda “erməni mövqeyi”? İrəvan Bakıya qapı açır

Ermənistan Baş Prokurorluğu 17 may tarixində guya Xocavənd rayonu ərazisində “erməni mövqelərinə” və orda çalışan ekskavatora azərbaycanlıların atəş açması faktına görə cinayət işi qaldırdığı barədə açıqlama yayıb.

Bu, nəinki həyasız açıqlama, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına – kapitulyasiya aktına zidd addım, eyni zamanda birbaşa Ermənistanın faktiki olaraq Azərbaycan ərazisinə müdaxilə cəhdinin elanıdır.

Qarabağda “erməni mövqeyi” yoxdur və ola bilməz. 10 noyabr bəyanatına görə, erməni hərbi birlikləri Azərbaycan ərazisini dərhal tərk etməli, onların boşaltdığı mövqelərdə rus sülhməramlıları yerləşməlidir. Bu bəndin açıqlaması ondan ibarətdir ki, erməni ordusu guya Qarabağdakı ermənilərin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan ərazisində idi. Müharibənin yaratdığı yeni reallıq isə Ermənistanın öz hərbçilərini Azərbaycan ərazisindən çıxarmasını qaçılmaz etdi, yoxsa bütün ordu sonuna qədər məhv ediləcək, işğalçıların hamısı zərərsizləşdiriləcəkdi.

Ermənistan Azərbaycan ərazisindəki işğalçı hərbi birliklərinin sağ qalan hissəsini çıxarmaq öhdəliyini götürdü, erməni əhalinin təhlükəsizliyini isə Rusiya sülhməramlıları üstləndi.

Rusiya sülhməramlıları dərhal – 10 noyabr gecəsindən Qarabağa yerləşməyə başlasalar da, erməni hərbçiləri Azərbaycan torpaqlarından çıxmayıb və hələ də Qarabağda, Azərbaycan Ordusu ilə üzbəüz dayanmaqda davam edirlər. Bunu erməni mediasının “mövqelərdən” hazırladıqları reportaj-videolarda da müşahidə etmək mümkündür. Hətta 26 noyabrda – bəyanatın imzalanmasından 16 gün sonra Azərbaycana göndərilən və yaxud gələn silahlılar da var ki, onların taleyini artıq hamı bilir: Azərbaycan DTX-sı 11 dekabr əməliyyatı ilə onları ələ keçirdi və 4 azərbaycanlı mülki və əsgərin qətlindən məsuliyyət daşıyan bu şəxslər terrorçu elan edildi.

Bir müddət əvvələ qədər erməni təbliğat vasitələri Azərbaycan Ordusu ilə üzbəüz mövqelərdə “rusların kölgəsində” dayanan şəxslərin Qarabağ erməniləri, könüllülər və yaxud “qarabağ özünümüdafiə dəstələri” olduğunu göstərməyə çalışırdı.

Ötən gün Prezident İlham Əliyev də Qarabağa köçürülüb gətirilən və burda yaşamaları üçün külli miqdarda vəsait xərclənən ermənilərin sayını elan etməklə, əslində, həm də dolayısı ilə bu məqama toxundu. Qarabağda hazırda 30 min civarında erməni yaşayır.

Deməli: əvvəla, 30 minlik etnik qrupun hər hansı statusu ümumiyyətlə müzakirə predmeti ola bilməz; ikincisi, 30 minin əsgərə yararlı hissəsi heç 300 nəfər də etmir.

Digər tərəfdən, köçürülüb gətiriləndən sonra burda yaşamağa davam edən, geri qayıtmayan ermənilərin həyatı, onların məskunlaşdığı yerlər haqda hazırlanan reportajlardan tam açıq şəkildə görünür ki, onların mütləq əksəriyyəti qocalar və uşaqlardır. Son bir neçə gündə BBC, “Azadlıq” radiosu və sairin rus və erməni redaksiyalarının hazırladığı materiallarda da ora köçürülüb gətirilən ermənilər “yaşları keçdiyi üçün getməyə başqa yerlərinin olmadığını” bildirirlər, burda yaşamaq üçünsə Azərbaycan pasportunu almağın vacib olduğunu deyir və buna razılaşırlar. Çünki başqa çarələrinin olmadığını yüksək səslə bildirirlər.

Bu reallığı Azərbaycan bilir, Ermənistan da agahdır və deyəsən, buna görə “açıq oyun” oynayır: Xocavənddəki “atəşə” görə Ermənistan Baş Prokurorluğu “cinayət işi” qaldırır. Çünki arxasında gizlənməli separatçı, separatçı silahlılar, separatçı əhali qalmayıb...

Xocavənddə əgər hər hansı atışma baş veribsə, bunun Ermənistan Baş Prokurorluğuna qətiyyən aidiyyəti yoxdur. Orda sülhməramlılar yerləşib və erməni əhali də rus sülhməramlılarının məsuliyyət zonasındadır. Əgər orda Azərbaycan ordusu kimisə hədəfə alıbsa, bunu rus sülhməramlıları azərbaycanlı həmkarları ilə müzakirə edəcək.

Ermənistan Baş Prokurorluğunun bu addımı isə Qarabağın rus sülhməramlılarının məsuliyyət zonasını “Ermənistan məsuliyyət zonası” kimi xəyal etməsi və yaxud Azərbaycanın ərazinə müdaxilədir.

Bunun siyasi, hüquqi və hərbi cavabı mütləq olmalıdır və olacaq. Çünki Ermənistanda daxili siyasi xaos onların idarəetməsi və apardıqları siyasətdə də özünü göstərir və Azərbaycana ciddi bəhanələr verir.

Azərbaycan Ordusunun qısamüddətli antiterror əməliyyatı üçün qapıları Ermənistan özü açır.

Yeri gəlmişkən: rus sülhməramlılarının məsuliyyət zonasında Azərbaycan Ordusunun nəzarətindən – təsir və birbaşa, gözlə müşahidə imkanlarından kənarda kiçik bir rayonun ərazisi qədər sahə var. 44 günlük müharibə zamanı 24 saatda 105 km irəliləyən bir Orduya cəmi bir neçə saat lazımdır ki, “mövqelərdə dayanan” ermənilər İrəvana qədər qaçmağa macal tapmasınlar. //Axar.az//

Oxunub: 773
Oxşar xəbərlər
SON XƏBƏRLƏR