dini radikalizm və ekstremizmlə mübarizə

Andrey Kolesnikov: "Əliyevə Ermənistanda məhz belə lider lazımdır"

Andrey Kolesnikov: "Əliyevə Ermənistanda məhz belə lider lazımdır"

Dekabrın 18-də Rusiya prezidenti Vladimir Putin MDB-nin sammitinə iştirak edib. Tədbir videokonfrans rejimində keçirilirsə də, Ermənistanın baş naziri ona qatıla bilməyib. Əvəzində, Azərbaycan Prezidenti bir saatlıq qalib nitqi söyləyib. MDB liderlərinin reqlamentini əməlli-başlı pozan İlham Əliyevi necə maraqla dinləməsindən “Kommersant”ın xüsusi müxbiri Andrey Kolesnikov danışacaq.

Özbəkistan prezidenti Şavkat Mirziyoyevin sədrlik etdiyi sammitdə Ermənistanın baş nazirindən başqa, bütün MDB dövlətlərinin başçıları iştirak edirdi. Hətta adətən belə tədbirlərə qatılmaqla nə özünü, nə də ələlxüsus həmkarlarını sevindirən Türkmənistan prezidenti Qurbanqulu Berdımuhamedov da canlı bağlantıda idi.

Nikol Paşinyanın isə sammiti öz diqqətilə şərəfləndirməmək üçün iki səbəbi var idi. Birincisi, onun atası dünyasını dəyişib və bu səbəbdən dövlət başçılarının görüşünə qatılmamağa tam ixtiyarı çatırdı. Hətta başqa cür davrana da bilməzdi.

Lakin başqa səbəb də var: sammitdə Azərbaycan Prezidenti İlham Əliyev çox fəal idi. Çox guman ki o, məğlubla eyni efirdə də qalib məmnuniyyətlə iştirak edəcəkdi.

Odur ki, Nikol Paşinyanın başqa seçimi yox idi.

İlham Əliyev isə yaranmış vəziyyətdə edə biləcəyi nə var idisə, etdi. O, növbəsi çatan kimi, bir saata yaxın çıxış edib. Növbə isə Əliyevə tez çatıb, çünki Azərbaycan sözü “A” hərfilə başlayır. Əliyevin çıxışı tam olaraq Azərbaycan xalqının düşmənə qarşı mübarizəsinə və sarsıdıcı qələbəsinə həsr olunmuşdu.

Üstəlik, yəqin ki, yaxın və ya lap elə bir qədər uzaq zamanda Azərbaycan Prezidentinin əlinə bu ölkə liderlərinin hamısının iştirakı ilə təntənəli nitq söyləmək imkanı düşməyəcəkdi. Bu, unikal bir fürsət idi və o, bu fürsətdən iki yüz faiz yararlanıb.

İlham Əliyev söhbətə uzaqdan başlayıb. Hər halda, sammit iştirakçılarının hamısı koronavirusla mübarizəyə heç olmazsa bir-iki abzas həsr etməyi özünə borc bilirdi.

Görünür, ideya ondan ibarət idi ki, Azərbaycan Ermənistana qalib gəldiyi kimi koronavirusa da qalib gələcək.

– Müharibənin nəticələri məlumdur. Azərbaycan işğalçı ölkə üzərində qələbə qazandı. Bizim məlumatımıza görə, müharibə nəticəsində Ermənistan silahlı qüvvələrinin potensialının 80%-dən çoxu məhv edilib. Azərbaycan üçün bu, Vətən müharibəsi, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq, istilaçılıq müharibəsi idi.

Heç kim Azərbaycan Prezidentinin bu sözləri deməsinə mane ola bilməzdi. Nikol Paşinyan istənilən halda bu həmkarı ilə bir sammidə iştirak etməzdi, lakin hətta iştirak etsəydi belə, İlham Əliyevin nitqi çətin ki, başqa cür olardı. Əksinə, bu halda o, daha dəliqanlı çıxış edərdi.

– 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycanda yaranmış xaos, hərc-mərclik və hakimiyyətsizlik şəraitindən istifadə edərək təcavüz aktı törətdi, nəticədə Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin təqribən 20%-i, o cümlədən Dağlıq Qarabağ və Azərbaycanın digər yeddi rayonu işğal edildi, azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparıldı… Biz bu işğala özümüz silah gücünə, oğullarımızın rəşadəti və igidliyi sayəsində son qoyduq!

MDB-dən olan həmkarları İlham Əliyevi sanki gərginlik altında dinləyirdi, onlar özlərinin məsələdə hansı rolu oynadıqları anlamırdılar. Böyük ehtimalla, təxmin edirdilər ki, sammitdə iştirakları baş verənlərə xüsusi çəki, mötəbərlik qatır və onlar haqlı idilər.

– İşğal edilmiş ərazilərdə aparılmış mühəndis-istehkam işləri nəzərə alınmaqla məlum olur ki, Ermənistan işğal etdiyi ərazilərin bircə qarışını belə qaytarmağa hazırlaşmırdı. Beləliklə, bütün bu 28 il ərzində Ermənistan rəhbərliyi onun ali vəzifəli şəxslərinin timsalında beynəlxalq birliyi çaşdırırdı… Danışıqlar prosesi, əslində, dayanmışdı. ATƏT-in Minsk qrupunun nümayəndələri ilə mənim çoxsaylı görüşlərim, onu göstərdi ki, vasitəçilərin bu prosesi irəlilətmək barədə xüsusi yeni ideyaları yoxdur. Ermənistan rəhbərliyi işğal edilmiş ərazilərin qeyri-qanuni məskunlaşdırılması ilə fəal məşğul olurdu. Bu, Cenevrə konvensiyalarına görə hərbi cinayətdir.

Lakin uzun illər səbr edən İlham Əliyevin səbr kasasını daşdıran bu deyildi.

– Ermənistanın baş naziri 2019-cu ildə işğal edilmiş ərazilərdə olarkən açıq demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”.

Budur! Bax buna artıq dözmək olmazdı. Erməni lider bunu azərbaycanlı liderinin demək olar ki, üzünə qarşı demişdi. Bundan sonra o sakit dura bilərdimi?

“Bunun cavabında mən dedim ki, “Qarabağ Azərbaycandır və nida””, – deyə məğrur azərbaycanlı bildirib və özü üçün qaçılmaz olan müharibəyə hazırlaşmağa başlayıb. Əminəm ki, bu təhqir artıq dözülməz idi.

Qürurlu erməni isə hələ bir müddət xüsusi yelbeyinliklə özünə qalib psixologiyasını aşılamaqda davam etdi.

– Nəticədə kimin haqlı olduğunu tarix göstərdi. Özlüyündə bu nümayişkaranə təhdid göstərir ki, Ermənistan danışıqlar prosesini bilərəkdən və nümayişkaranə şəkildə pozurdu və əslində, pozmuşdu.

Yəni İlham Əliyev lap əvvəldən Paşinyanı düz başa düşmüşdü. O bildirmək istəyirdi ki, müharibənin başlanmasında günahkar deyil.

Bu azmış kimi, “Dağlıq Qarabağ parlamenti”ni (dırnaq işarəsi bizə aiddir – red) qədim Azərbaycan şəhəri Şuşaya köçürmək isitəyirdilər və “buna azərbaycanlıların heysiyyətinin təhqir edilməsindən başqa ad vermək olmaz. Azərbaycanın qədim Şuşa şəhəri işğal edildiyi vaxtdan sonra ilk dəfə Dağlıq Qarabağdakı cinayətkar rejimin başçısının orada keçirilmiş qondarma inauqurasiyası da bu qəbildəndir”, – deyə Əliyev əlavə edib.

– Ermənistanın hərbi-siyasi rəhbərliyinin belə bir bəyanatı da olmuşdu ki, bizi qorxutmağa çalışırdılar, əgər Azərbaycan, necə deyərlər, münaqişənin nizamlanmasına dair öz mövqeyində bundan sonra da israr edərsə, tezliklə erməni tankları Bakının küçələrində olacaq. Nəticədə belə də oldu, amma erməni tankları bizim küçələrdə dekabrın 10-da Azərbaycanın bu müharibədə Zəfərinə həsr edilmiş hərbi paradda hərbi qənimətlər kimi göründü.

İlham Əliyev çox rahat və əminliklə danışırdı, artıq bir kəlmə də yox idi, fikirlərin dəqiq ifadə edirdi və heç şübhəsiz, dəqiq hədəfi vururdu. Lap Azərbaycanın pilotsuz uçan aparatlarının erməni tanklarını vurduğu kimi. Qarşımızda Azərbaycan xalqının lideri çıxış edirdi – bəlkə də bu xalqın tarixi beləsini tanımırdı. Hər halda xalqın özü indi buna əmindir.

Ekskurs yarım saatdan çox davam edirdi.

“Bəlkə çoxları unudub, sadəcə, xatırladıram ki, guya Azərbaycanın üç hərbi qulluqçusu “UAZ” avtomobilində ermənilərin postlarına hücum edibmiş. Ümumiyyətlə, hərbi quruculuqla bağlı məsələlərdən uzaq olan insanlara da aydındır ki, müharibəni bu şəkildə – “UAZ” avtomobilində başlamırlar”, – deyə Əliyev həmkarlarına bildirib. (Erməni ordusunun Azərbaycanın mövqelərinə hücumu, deyilənə görə, bu UAZ əhvalatına cavab olaraq başlamışdı – A.K).

Təbii ki, onun sözün heç kim kəsmirdi. Məncə, hətta hamıya çox maraqlı idi. Bəlkə də onların hər biri iddialarından asılı olaraq özünü gah Nikol Paşinyanın, gah İlham Əliyevin yerinə qoyurdu. Özü də burada söhbət reallıqdan, hətta dramdan, o cümlədən hərbi dramdan gedirdi. MDB samitlərində isə real nələrinsə müzakirəsi son dərəcə nadir haldır.

Hərçənd sammitin mənfi tərəfləri də var idi. Xüsusilə Aleksandr Lukaşenko üçün bu tədbirin mənfi cəhəti o idi ki, burada kompüter qarşısında oturanların əksəriyyəti bir həftə əvvəl elə həmin kürsülərdən Avrasiya İqtisadi İttifaqının virtual sammitində iştirak edənlər idi. Onlar Lukaşenkonun həmin sammitdə Nikol Paşinyanı necə dəstəklədiyini və öz mübarizəsində uğurlar arzuladığını görmüşdülər (“Kommersant”ın 12 dekabr sayına bax).

– Təəssüf ki, həmin adamlar (UAZ-dakılar – A.K.) erməni təcavüzünün qurbanı oldular.

Yəni hər halda, UAZ məsələsi olubmuş.

Əlbəttə, Nikol Paşinyan burada olsaydı və bütün bunları kənardan dinləməsəydi (əminəm ki, o, bu çıxışa çox diqqətlə qulaq asardı), öz versiyasını səsləndirərdi və o, heç də bundan az inandırıcı görünməzdi (xüsusilə ona görə ki, bu fonda başqa inandırıcı versiya təqdim etmək, məncə, çətin olmazdı). Lakin Nikol Paşinyan efirdə deyildi. Solistliyi başqa adam edirdi.

Beləliklə, başlandı. “Dinc əhalini məhv etməyə yönəlmiş hərəkətlər”, “Azərbaycan şəhərlərinə endirilən raket zərbələri”…

“Bizim əməliyyatlar nəticəsində 44 gündən sonra düşmən kapitulyasiya etdi. Bu müddət ərzində biz 300-dən artıq yaşayış məntəqəsini, strateji yüksəklikləri, Cəbrayıl, Füzuli şəhərlərini… şəhər tipli qəsəbələri… azad etdik”, – deyə Azərbaycan prezidenti bildirib: “Noyabrın 8-də isə haqlı olaraq, Qafqazın incisi və Azərbaycan xalqının qəlbi hesab edilən Azərbaycanın qədim Şuşa şəhəri erməni işğalından azad olundu! Bununla da, əslində, hərbi əməliyyatlara son qoyuldu, çünki hərbi əməliyyatların davam etdirilməsi böyük insan itkisinə səbəb ola bilərdi…”.

Görünür, İlham Əliyev Stepanakertin (Xankəndi – red) alınmasını nəzərdə tuturdu. Yəni o, bütün mənalarda humanist olduğunu demək istəyirdi. Üstəlik o, öz xalqına nə üçün hər kəsin istədiyi kimi sonadək getmədiyini izah edirdi.

“Noyabrın 9-da Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin fəal iştirakı ilə üçtərəfli bəyanatın mətni razılaşdırıldı və noyabrın 10-na keçən gecə imzalandı”, – deyə İlham Əliyev davam edib.

O, bir neçə dəfə Rusiya prezidentinə təşəkkür edib və buna səbəb də var idi. Çünki bu böyük qələbə məhz Putinin köməyilə möhkəmlənib.

Ermənistanın baş naziri də, öz növbəsində, Putinə təşəkkür edə bilərdi – Azərbaycan qoşunlarının dayanmasına görə.

– Ağdam şəhəri yoxdur, o, dağıdılıb. Ağdam şəhərində qismən dağıdılmış bir məscid qalıb. Biz maraqlananda ki, bütün başqa məscidlər kimi onu nə üçün dağıtmayıblar, bizə dedilər ki, bu, bir növ oriyentir idi, ərazidə səmti müəyyənləşdirmək üçün.

Gözlənilmədən İlham Əliyev Nikol Paşinyanı erməni xalqının qəzəbindən qorumağa da başlayıb:

– İndi Ermənistanda çox gərgin vəziyyət yaranıb. Ermənistanın baş nazirinin bizim iclasda iştirak etmədiyini nəzərə alaraq daha heç nəyi şərh etməyəcəyəm… bircə onu demək istərdim ki, darmadağın edilmiş ordu Paşinyanın ordusu deyil, bu, 20 il ərzində Koçaryanın və Sarkisyanın yaratdığı ordudur! Bizim şəhərlərimizi Paşinyanın ordusu məhv etməyib, o, belə göstərişlər verməyib. Əvvələn, orada artıq dağıdılası bir şey qalmamışdı. Bütün bunlar Koçaryan və Sarkisyanın – MDB üzrə bizim belə adlandırılan keçmiş həmkarlarımızın, 20 il ərzində bizim iclaslarda iştirak edən insanların, uzun illər boyu mənimlə danışıqlar aparan adamların rejimi tərəfindən edilmişdi… Paşinyana hücum etməyə çalışanlar başa düşməlidirlər ki, bunu onun ordusu etməyib. O, ordu yaratmağa macal tapmazdı və praktiki olaraq bunu edə də bilməzdi, bunun üçün vaxt lazım idi, lakin 20 il ərzində bu ordunu Koçaryan və Sarkisyan yaradıb, biz onların ordusunu darmadağın etmişik!

Azərbaycan prezidentinin nəyə nail olmağa çalışdığını demək çətindir. Lakin əgər o, ermənilərin öz hökumət başçılarına birdəfəlik nifrət etmələrini istəsəydi, o məhz bu sözləri deməli idi. Qalib məğlub etdiyini tapdayıb keçmir, əksinə müdafiə edirdi. Məğlubun da vəziyyəti göz qabağındadır… Qalibə Ermənistanda məhz belə lider lazımdır. Bəli, indi Nikol Paşinyana yenidən lənət yağdırıla bilər.

Lakin, çox guman ki, İlham Əliyev sadəcə üçtərəfli razılaşmaların yeni baş nazir tərəfindən tələm-tələsik pozulmasını istəmir.

“Biz Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik!”, – deyə İlham Əliyev çıxışını bitirib.

Onun benefisi belə başa çatıb.

Qəribədir ki, alqışlar olmayıb.

Lakin sammitdə bundan başqa baş verənlərin artıq heç bir əhəmiyəti yox idi.

– Ümid edirəm ki, növbəti görüşümüz Minsk şəhərində əyani formatda keçiriləcək.

– İstəsəniz, Belovejsk meşəsində keçirərik! – deyə Aleksandr Lukaşenko sevincək bildirdi.

Bax bunu görmək maraqlı olardı.

Müəllif: Andrey Kolesnikov

MƏNBƏ: KOMMERSANT

Oxunub: 344
Oxşar xəbərlər
SON XƏBƏRLƏR