Ermənistan öz məğlubiyyəti ilə heç cür barışa bilmir. Bunu Ermənistanın daxilində yaranmış iqtidar- müxalifət qarşıdurmasından da aydın görmək olur.
Digər tərəfdən ermənilər 10 noyabrda üçtərəfli bağlanmış atəşkəs sazişini də qəbul etmədiklərini bildirirlər. Buna görə də ermənilər Paşinyan və onun komandasının hakimiyyətdən getməsini və yeni rəhbərin gəlişi ilə atəşkəs razılaşmasının şərtlərini pozulmasını istəyirlər. Paşinyan isə birmənalı şəkildə hakimiyyətdən getməyəcəyini açıqlayır.
Hətta o, Qarabağda ordu birliklərini İrəvana çağıraraq öz ətrafına toplayır. Müxalifət isə bunu vətəndaş müharibəsinə çağırışın ilk siqnalı kimi dəyərləndirir. Siyasətçilər isə hesab edir ki, böyük ehtimalla Ermənistanda vətəndaş müharibəsi qaçılmaz olacaq. Digər tərəfdən Rusiya vasitəçi dövlət olaraq Ermənistanın atəşkəs sazişinə əməl etməsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.
Maraqlıdır, Ermənistan 10 noyabr razılaşmasını pozarsa və Rusiya bunun qarşısını ala bilməzsə, Azərbaycan qardaş Türkiyə ilə hərbi saziş imzalaya bilərmi?
Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli “Cümhuriyət”ə açıqlamasında deyib ki, Ermənistanın atəşkəs razılaşmasının ruhuna zidd hərəkət etməsi mümkün deyil:

“Ermənistan ordusu Azərbaycandan toy-bayramla çıxır. Çünki onlar canlarını zorla qurtarıb çıxırlar. Yalnız bir neçə ultra-patriot Kəlbəcərdə, Ağdamda qalıb, partizan müharibəsi aparacaqlarını bəyan edirlər. Azərbaycan Ordusu onları da çox qısa bir müddətdə öz yerinə oturdacaq. Amma dekabrın 1-dək Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması mütləq başa çatacaq. Çünki dünən Türkiyə Böyük Millət Məclisində sülhməramlı məsələsi müzakirə olunub, təsdiq edilib. Dünən gecədən Azərbaycana Türkiyə sülhməramlılarının gəlişi başlayıb. Bölgədə artıq müəyyən qədər Türkiyə Ordusunun hissələri var. Ümumiyyətlə, bu məsələ hərbi rəhbərlərin özləri tərəfindən nizamlanıb, qaydasına salınacaq. Yəni burada hər hansı bir özbaşınalıq və atəşkəs sazişinin ruhuna zidd hərəkətlər mümkün deyil”.
Politoloq qeyd edib ki, Ermənistan yenidən müharibəyə başlamaq istəsə, özünü uçuruma yuvarlamış olar:
“Bəli, Ermənistanda vəziyyət gərgindir. Paşinyan orduya müraciət edərək təcili şəkildə İrəvana gəlmələrini əmr edib. Ordunun rəhbərliyi də, yəni müdafiə nazirindən tutmuş Baş qərargah rəisinədək hamısı Paşinyanı müdafiə edir. Ordu rəhbərliyi bu sazişin imzalanmasında əsas rol oynayıb və məsuliyyətin böyük bir hissəsini daşıyır. Artıq ordunun bir hissəsi İrəvandadır. Ordu İrəvana çatan kimi Paşinyan müəyyən dairələrdə yenidən müharibəyə səsləyən qüvvələri susduracaq. Artıq bunun üçün müvafiq dairələrdən kart-blanş alıb. Lazım gələrsə, Paşinyana qarşı çıxanlar həbs olunacaq və ya aktiv siyasi fəaliyyətdən təcrid ediləcək. Bu gün Paşinyan Ermənistanda böyük repressiyalara başlayıb. Bu repressiyaların xeyir-duasını da alıb. Paşinyan bu yolla ölkədə sakitlik yaradıb, əldə edilən razılşamanın öhdəliklərini tam təmin edəcək. Onun başqa yolu yoxdur. Həmçinin Ermənistanın da başqa yolu yoxdur. Əgər Ermənistan müharibəyə başlamaq istəsə, nə ilə müqavimət göstərəcəklər. Ermənistan ordusunun hərbi texnikasının 85 faizi, şəxsi heyətinin böyük hissəsi sıradan çıxarılıb. Ordu artıq idarəedilməz kütlə halındadır. Ona görə də yeni müharibə Ermənistanı uçuruma yuvarlaya bilər”.
Q.Hüseynli əlavə edib ki, bəzi ermənilərin təxribat hərəkətləri də sazişin tələblərinə xələl gətirə bilməz:
“Ermənistan tərəfindən təxribat ehtimalını hər an gözləmək lazımdır. Rusiyanın bəzi siyasiləri “Rusiya sülhməramlısının başından bir tük əskik olsa, filan olar” kimi məsuliyyətsiz çıxışlar edirlər. Ermənilər də bundan iştahlanıb təxribata gedə bilərlər ki, Azərbaycanla Rusiyanın arasını vursunlar. Lakin Azərbaycan Ordusunda Rusiya ordusuna qarşı heç bir qeyri-səmimi münasibət yoxdur və onların gəlməsini normal qarşılayırlar. Sonadək də onlarla dostluq yoluyla proseslərin başa çatmasını gözləyəcək. Çünki Rusiya qoşununun əsas missiyası işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarını çıxarmaqdır və bunu da yerinə yetirəcəklər. Yəni ermənilərin təxribatı atəşkəs anlaşmasının məzmununa xələl gətirə bilməz. Üstəlik Azərbaycan Ordusu texnoloji vasitələrlə, dronlarla vəziyyətə nəzarət edəcək. Təxribat baş verərsə də, bu araşdırılıb, günahkarı cəzalandırılacaq. Qaldı Paşinyanın Qarabağdakı hərbi birləşmələri İrəvana çağırmasına, hesab edirəm ki, müəyyən lokal hərbi qarşıdurmalar ola bilər. Amma inanmıram ki, bütövlükdə Ermənistan cəmiyyəti vətəndaş müharibəsinə getsin. Bütün hallarda Paşinyan artıq təşəbbüsü nəzarətə alır və proseslərə yavaş-yavaş nəzarət edir. Ordu İrəvana gələndən sonra tamamilə hər şey Paşinyanın nəzarətinə keçəcək”. /Cebhe.info/
Oxunub: 462