26 noyabr 2026-cı il tarixində Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran-Astara Regional Bölməsi və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycançılıq məfkurəsi və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
Tədbirin əvvəlində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Boladı kənd 1 saylı kitabxana filialının müdiri Könül İsmayılova açaraq, mövzunun aktuallığından, azərbaycançılıq məfkurəsinin xalqımızın milli kimliyinin, birliyinin, dövlətçilik düşüncəsinin və mənəvi dəyərlərinin qorunub saxlanılmasındakı əhəmiyyətindən bəhs edib. O, milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsinin, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin və cəmiyyətimizdə milli həmrəyliyin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran-Astara Regional Bölməsinin əməkdaşı Emin Həmidli çıxış edərək azərbaycançılıq ideologiyasının mahiyyəti, milli-mənəvi dəyərlərin cəmiyyət həyatındakı rolu, din, dövlət və milli kimlik məsələləri barədə fikirlərini bölüşüb. O, xalqımızın tarixən formalaşmış mənəvi irsinin, adət-ənənələrinin və dəyərlərinin qorunmasının hər bir vətəndaşın məsuliyyəti olduğunu qeyd edib.
İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov da tədbirdə çıxış edərək milli-mənəvi dəyərlərin insan hüquqları, qarşılıqlı hörmət, tolerantlıq, humanizm və cəmiyyətin inkişafı ilə bağlılığından söz açıb. O, hüquq və azadlıqların qorunması ilə yanaşı, milli dəyərlərə bağlılığın, vətəndaş məsuliyyətinin və ictimai həmrəyliyin əhəmiyyətini diqqətə çatdırıb.
Mövzu ətrafında keçirilən tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb, azərbaycançılıq məfkurəsinin və milli-mənəvi dəyərlərimizin təbliği, qorunması və yaşadılması istiqamətində belə maarifləndirici görüşlərin əhəmiyyəti vurğulanıb.
Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdiriblər.
Oxunub: 0