“Erməniləri qorxudan məqamlardan biri onların bu gün istənilən istiqamətdə, yəni diplomatik, siyasi və hərbi baxımdan uduzmağı ilə yanaşı, həm də ABŞ və Rusiyanın münaqişənin həllində müəyyən irəliləyişə nail olmaqla bağlı tələbidir. Ermənilər anlayır ki, işğal olunan əraziləri əldə saxlamaq üçün vəsaitləri yoxdur və belə olan halda, bunun gələcəyi də yoxdur”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.
O bildirib ki, bu gün Paşinyan dilemma qarşısında qalıb və əsas sual da maddi vəsaiti haradan necə alacağıdı: “Qərb ona kredit vermir. Lakin Rusiya verir. Belə olan halda, Paşinyan bilir ki, Moskva verdiyi pulun müqabilində öz diktəsini edəcək”.
Bu arada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında öz yerini itirən Ermənistanın aqoniya vəziyyətində olmasının nəzərdən yayınmadığını dilə gətirən A. Nağıyev söyləyib ki, Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın hətta Qazaxıstan və Belarus prezidentlərindən “izahat” istəməyə cəsarət etməsi İrəvanın anlaqlı durumda olmadığını deməyə əsas verir: “ Düzdür, Minskdən Paşinyana kifayət qədər tutarlı cavab verildi. Ancaq bu kimi cavabların İrəvanı işğalçı siyasətdən də çəkindirəcəyini demək olmaz”.
Siyasi şərhçi söyləyib ki, Ermənistanda bəzi dairələr Paşinyanın parlament seçkilərindən sonra Qarabağı azad edəcəyini, hətta pul qarşılığında torpaqları boşaldacağını iddia edir: “Ermənistanda parlament seçkilərinin keçiriləcəyi vaxt yaxınlaşdıqca müxtəlif partiyalar tərəfindən bəyanatlar səslənməkdədir: Məlum məsələdir ki, həmişə olduğu kimi, Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları bir siyasi xətt kimi istifadə edilməkdədir. Məhz Paşinyanın Dağlıq Qarabağa son səfəri, qondarma qurumun hərbi xunta nümayəndələri ilə görüşü də bunu deməyə əsas verir”.