Noyabrın 7-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Qarabağ xanı Mehdiqulu xanın bayrağı” kitabının təqdimatı keçirilib.
Open.az xəbər verir ki, Azərbaycan və rus dillərində çap olunan kitabın müəllifi dosent Səbuhi Əhmədov, elmi redaktoru akademik Nailə Vəlixanlıdır.
Mərasimdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı yeni nəşrlə bağlı fikirlərini bildirib, onun əhəmiyyətini vurğulayıb.
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycanın dövlətçilik tarixindən, dövlət rəmzlərindən bəhs edib. O, ümummilli lider Heydər Əliyevin müasir müstəqil dövlətimizin qurulmasında, inkişafında və dünyaya tanıdılmasında müstəsna xidmətlərini vurğulayıb, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib. Alim tariximizin dərindən araşdırılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Mədəniyyət naziri Əbülfəs Qarayev təqdimatı keçirilən kitabın tariximiz üçün dəyərli töhfə olduğunu deyib. Nazir tariximizlə bağlı məlumatların, Azərbaycan həqiqətlərinin dünya xalqlarına daha ətraflı çatdırılmasının vacibliyini bildirib.
Kitabın müəllifi dosent Səbuhi Əhmədov bildirib ki, nəşrdə muzeyin Silahlar və bayraqlar fondunda saxlanılan, Mehdiqulu xana Rusiya imperatoru I Aleksandr tərəfindən 1806-cı ildə təqdim olunmuş bayraq haqqında məlumat verilir. Mənbə və ədəbiyyat əsasında bayrağın təqdim edildiyi tarixi şərait, XX əsrdə Azərbaycana gətirilməsinin tarixçəsi və təsviri şərh edilir. Hakimiyyət rəmzi kimi hədiyyə edilmiş bu bayraq Rusiya imperatorlarının məhz Cavanşir sülaləsindən olan xanların əzəli Azərbaycan ərazisi Qarabağın hakimləri kimi tanımalarının əyani sübutudur.
Oxunub: 661