dini radikalizm və ekstremizmlə mübarizə

"SƏN GƏLƏNDƏ DAŞLAR DA GÜL AÇARDI"


Vaqif Səmədoğlunun əziz xatirəsinə həsr olunur…


Onu xatırlamaq nədi bilirsiz?... sadə sözlə yazılmış şerin dərinliyinə baş vurmaq... Sanki mirvari kimi ard-arda düzülmüş sözlərin sehrinə düşüb bayılmaq... Çöldə qar, tufan, qasırğa belə olsa istisinə qızışmaq... onun şerləri göründüyü qədər də sadə deyil axı... Dərin məna yükü var hər misranın... "Şair kimi yox, şer kimi ölmək istəyirəm", "sən gələndə kədər məndən qaçardı", "suyu qaçmış hovuza bənzəyir dəniz indi".
Bir də bu şerlərin kədər yükü var ki, hər insana təpədən dırnağadək tanışdı. Nədir şairin misralarındakı bu kədərin böyüklüyü ki, bizim qanımıza, canımıza işləyir... Sanki şair hər birimizın ürəyinə girib və oradan çıxmaq istəmir...

Ayrılığı dənizə bənzədir şair... Sevgilisini isə yaşıl uzaq adaya...
"Ayrılıq bir dənizmiş,
Sən uzaq yaşıl ada..."
Dillər əzbəri olan bu şerin nə böyük mənası var... Dənizə bənzədilən ayrılığın böyüklüyü şair ürəyinə necə sığıb görəsən?
Onu xatırlamaq, elə şeri xatırlamaq deməkdir...
Əgər Mövlanə azadlığı eşqdə görürdüsə, şair "sən son ümidimin qaldırdığı ağ bayraqsan, azadlıq !" deyirdi. Ümid varsa, deməli gələcək də var, sabah da var.
"Sabah yaxşı olacaq,
Sabah çox pis olacaq,
Şükür, sabah olacaq".

Onun bu günü də sabahı da şer idi... Misraların bizə bəxş etdiyi gözəllik idi... Yaşayırdıq bu gözəlliyin içində boğula-boğula... Düşünürdük ki, əbədidir mi bu misraların ömrü ?...
Sonra şairin yoxluğunu dadıb, üz tutduq bu misralara... bu dəfə "qəhərdən" boğula-boğula...
"Sevgilim mən öləndə,
Bir küncdə xısın-xısın ağlayacaqsanmı sən"
Ağladıq, şair... şeirlərini qucaqlayıb, sakitcə ağladıq... Təsəllimiz yenə şerlərin oldu... Qəm qoxulu, sevgi dolu şerlərin...
"Şair kimi yox, şer kimi ölmək istəyirəm" dedin..
Çünki, şair ömrünün fani, şer ömrünün isə əbədi olduğunu yaxşı bilirdin... Bilirdin ki, hələ çox sevənlər üz tutacaq şerlərinə... Məhəbbət yaşadıqca, yaşayacaq şerlərin...
Səni xatırlamaq çətin imiş şair... Çünki, məsum baxışlarının izləri hələ gözlərdən silinməyib... Bizimlə etdiyin duzlu-məzəli zarafatların əks-sadası qulağımızdan getməyib... Dünyaya bəxş etdiyin payız qoxulu şerlərində hələ də varsan... Olacaqsan, nə qədər ki, sevənlər var...
"Sən gələndə
Çiçəklər açılardı,
Sən gələndə,
Daşlar da gül açardı"...

Təranə Feyzullayeva

Oxunub: 975
Oxşar xəbərlər
SON XƏBƏRLƏR