dini radikalizm və ekstremizmlə mübarizə

Şair Tofiq Hüseynin 72 yaşına

Şair Tofiq Hüseynin 72 yaşına

Şairlik İlahi təyinat olsa da, bu onun cənnətə düşəcəyinə zəmanət deyil. Azərbaycan poeziyası tarixində bu İlahi təyinatı icra edən xeyli adamlar olub. Amma onların arasında yaradıcılığı ilə şəxsiyyəti üst-üstə düşənləri elə də çox olmayıb. Kimisi çuğulluqda suçlanıb, kimisi də qorxaqlıqda. Fəqət aralarında Hüseyn Cavid, Mikayıl Müşfiq kimi əyilməzləri də olub. Onlar təkcə şairliklərini yox, həm də şəxsiyyət olduqlarını son nəfəslərinədək nümaiş etdiriblər. Haqqında söhbət açmaq istədiyim Tofiq Hüseyn də sıradan bir şair deyil. Şəxsiyyəti ilə yaradıcılığını tamamlayan sanballı kişilərdəndir.

-Məni aldatmaqdan asan nə var ki,
Vaxt olub uşaq da aldadıb məni.
Bu qoca dünyada təbiət sanki
Elə aldanmaqçün yaradıb məni.

Mən çox aldanmışam bu həyatımda,
O qədər
O qədər—
Yoxdur qədəri.
Zamanın hər anı, hər saatı da
Aprelin biridir məndən ötəri.

İnsana inamla köklənib sazım,
O mənimlə yaşar, nə qədər sağam.
Arxadan badalaq atmaq nə lazım,
Çop atsan qarşıma yıxılacağam.

Qədrini bilirəm qışın, yazın da,
İlhamla qoşayam hər səhər, axşam.
Bu dünya üzündə bircə qızın da
Gəzən olduğuna inanmamışam.

Könül uşaqlığı qoy yada salsın
Cırtdan neçə dəfə aldadıb məni.
İşıq gələn tərəf bir yana qalsın,
İt hürən tərəf də aldadıb məni.

Ceyranın inamı ayaqlarına,
Maralın inamı buynuzunadır.
Ceyran ayağından düşər tələyə,
Maral buynuzundan ilişib qalır.
Məni də inanıram öz ürəyimə
Məni də tələyə ürəyim salır.


Bəli, bu şeiri o, yazıb. Həm də deyir ki,- “Həyatda ən böyük, ən kobud səhvim- adamlara inanmağım olub. Bilməmişəm, adamlara inananlara sadəlövh kimi baxırlar. Sadəlövhü aldatmaq isə su içmək qədər asan işdir”…

Onu kimlər aldadıb bilmirəm. Amma bunu yaxşı bilirəm ki, şair inamsız yaşaya, sevgisiz yarada bilməz. Çünki hər bir şairin inam və sevgisi tükənəndə Tanrı ondan uzaqlaşır, bir daha ona pıçıldamır. Axı hər yazılan şeir Tanrının pıçıltısıdır...

İyunun 6-sı şair Tofiq Hüseynin doğum günüdür. Onu bu münasibətlə təbrik edir, Ona möhkəm can sağlığı, ağrı-acısız günlər arzulayırıq.
72 yaşın mübarək, şair!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Oxunub: 928
Oxşar xəbərlər
SON XƏBƏRLƏR