Xəbər verdiyimiz kimi, əməkdar artist Emma Ələkbərzadə iki gün öncə “Riviera” restoranında qızardılmış salmon balığından hazırlanmış salatdan zəhərlənib.
O, Oxu.Az-a vəziyyətinin heç də ürəkaçan olmadığını bildirib.
Məsələ ilə bağlı “Riviera” restoranından cavab geçikməyib. Restoranın rəhbərliyi yaşananlara Oxu.Az vasitəsi ilə belə aydınlıq gətirib.
“Bizim təəssüflənməyimiz E.Ələkbərzadənin guya zəhərlənməsi ilə bağlı deyil. Çünki zəhərlənmə hadisəsinin olmadığına əminik. Ona görə təəssüf edirik ki, tanınmış, bizim də hörmət etdiyimiz müğənni xanım olmayan hadisəni xəbərə çevirməklə, restoranın imicinə kölgə salmağa cəhd edib. Əminliklə deyirik ki, Elmira xanımın “Riviera” restoranında yediyi qidadan zəhərlənməsi ilə bağlı yaydığı məlumat həqiqəti əks etdirmir.
Əslində Elmira xanımı qıcıqlandıran səbəb onun restoranda olarkən əməkdaşlarımızdan restoran xidmətindən kənar xidmət tələb etməsi ilə bağlıdır. Belə ki, martın 19-da saat 16.30 radələrində restorana gələn Elmira xanım balıqdan hazırlanmış salat sifariş edib. Restoranda olarkən ofisianta oğlunun internet limitinin bitdiyini, təcili olaraq ona internet paketi yükləməyə kömək etməsini xahiş edib. Restoranda internet limiti yüklənməsi üçün müvafiq cihaz olmadığı ona bildirilib”.
Bildirilir ki, Elmira xanım 20 manat nağd pul təklif edərək ofisiantdan öz maaş kartından oğlu üçün internet yükləməsini xahiş edib:
“Ofisiant maaş kartında pul olmadığını bildirdikdə, Elmira xanım post-terminal vasitəsilə internet yüklənməsini istəyib. Post-terminalın yalnız nağdsız ödəniş almaq funksiyasının olduğunu, internet yüklənməsinin mümkün olmadığı ona izah edildikdə, ofisiantdan tələb edib ki, yaxınlıqda ödəmə mərkəzindən onun oğlu üçün internet paketi yükləsin. Lakin ona xidmət edən ofisiant bunu edə bilməyəcəyini Elmira xanıma bildirərək, digər müştərilərə də restoran daxilində xidmət göstərməli olduğunu izah edib. Həmçinin, ofisiantın xahişi ilə administrator da Elmira xanıma yaxınlaşaraq ofisiantın restorandan kənar xidmətə göndərilməsinin mümkün olmadığını Elmira xanıma nəzakətlə izah edib.
Elmira xanım orada olmayan oğlunun istəyini yerinə yetirə bilmədiyindən pərişan olduğunu anlayışla qarşılayırıq. Bir ana kimi narahat olduğunu, restoranımızın əməkdaşlarının onun tələbini icra etmədiyindən, guya, zəhərlənməsinə dair sosial şəbəkədə məlumat yaymasını qadın emosionallığı kimi qəbul edirik. Zəhərlənmənin təsdiqi üçün ən azı müvafiq həkim rəyi olmalıdır ki, belə bir rəyin olmadığı da mübahisəsizdir”.
Restoran rəhbərliyi bu məlumatın xəbərə çevrilməsini nəzərə alaraq, oxuculara üz tutaraq, Bakının brend restoranlarından olan “Riviera” barədə yayılan bu məlumatın yanlış olduğunu bir daha bəyan edib:
“Həmin gün “Riviera”da Elmira xanımın yediyi salatdan digər masalarda olan onlarla müştəri də yeyib və heç kəsdən irad, narazılıq, şikayət daxil olmayıb. “Riviera” milli yeməkləri və digər xalqların mətbəxi ilə paytaxtımızın sakinlərinə və qonaqlara yüksək keyfiyyətli xidmət göstərən, uzun illər xidmət tarixçəsi olan restoran kimi hər zaman müştəri məmnunluğuna önəm verir. “Riviera”nın yerli və əcnəbi qonaqlardan ibarət olan daimi müştəriləri hər zaman xidmətimizdən razı qalıblar. Yanlış məlumatı xanım müğənninin duyğusallığı kimi dəyərləndirərək, ondan hər hansı tələbimiz yoxdur. Lakin Elmira xanımın yanlış məlumatı “Riviera”nın çoxsaylı personalı ilə yanaşı, yüzlərlə daimi müştərilərinin də narahatlığına səbəb ola bilər”.
Oxunub: 754